Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2228/2025 30.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Vəliyev Mahir Tahir oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə inspektoru X5, Zərərçəkmiş şəxs - X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1982-ci il təvəllüdlü, Mingəçevir rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin sahə inspektoru fiziki şəxs Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokolları tərtib edərək, baxılması üçün Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Protokollardan görünür ki, Şəxs “Mila Beauty” gözəllik salonunda X3 döymüş, habelə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati icraat aparılan Şəxsnun eyni vaxtlarda törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək, Şəxs barəsində müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü əvvəcə təqsirli bilməyərək izahatında göstərdi ki, ünvan 2 ünvanında yerləşən “Mila Beauty” gözəllik salonunda çalışır və faktiki olaraq oraya rəhbərliyi həyata keçirir. Zərərçəkmiş şəxsin qızı Aydın Alıyeva əvvəl orada işləmişdir. Lakin, yaxın vaxtlarda işdən ayrılmaq qərarına gəlmiş və əşyalarını götürüb gedərkən giriş qapısına təxminən 120 manat məbləğində ziyan vurmuşdur. Daha sonra həmin məbləği ödəməkdən imtina etmişdir. 18 may 2025-ci il tarixdə Aydanın anası salona daxil olaraq, ondan icazə almadan birbaşa Aydanın əşyalarının olduğu şkafa doğru hərəkət etmiş və siyirmələri açaraq əşyaları götürməyə başlamışdır. Ona yaxınlaşaraq, kim olduğunu və burada nə etdiyini soruşduqda, həmin şəxs anidən telefonu əlinə alaraq “102” xidmətinə müraciət etmişdir. Daha sonra ona iradını bildirərək, binanı tərk etməsini xahiş etmişdir. Lakin, həmin şəxs çıxmaqdan imtina etdikdə aralarında sözlü mübahisə baş vermişdir. Giriş qapısına çatdıqda Məmmədova Gülşən mobil telefonu əlinə alaraq onu və salondakı müştəriləri videoya çəkməyə başlamış, daha sonra ona yaxınlaşaraq irad bildirib çəkilişi dayandırmağa çalışmışdır. Həmin vaxt çəkilişə mane olmağa çalışarkən istəmədən əli onun saçlarına dəymiş, lakin onu döyməmiş və ya təhqir etməmişdir. Daha sonra həmin şəxs guya ki, onu təhqir etdiyini bildirərək, “102” xidmətinə məlumat vermişdir. Bir müddət sonra Aydan özü gələrək əşyalarını təhvil alıb getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahatı alınmış X4 izahatında göstərmişdir ki, qızı X9 altı ay əvvəl “X12” gözəllik salonunda işləməyə başlamışdır. Lakin, sonradan baş vermiş problemlərə görə oradan işdən çıxmaq istəmiş, əşyalarını götürməyə çalışarkən istəmədən giriş qapısını zədələmişdir. Bu səbəbdən Leyla ondan 120 manat ödəniş tələb etmiş və əşyaları götürməsinə icazə verməmişdir. 18 may 2025-ci il tarixdə Aydan ona müraciət edərək, əşyalarını götürməsini istəmiş, bu səbəbdən salona getmişdir. Salona daxil olduqdan sonra birbaşa Aydanın əşyaları olan şkafa tərəf getmiş və bu zaman Leyla şkafın qapısını əli ilə örtərək ona qarşı nalayiq ifadələr işlədib binanı tərk etməsini istəmişdir. Bu səbəbdən “102” xidmətinə zəng edib məlumat verdikdə Leyla dərhal onun üstünə hücum etmiş və ona əl-qol ataraq döymüş, nalayiq ifadələrlə təhqir etməyə davam etmişdir. Bu vaxt ətrafdakı işçilər onları aralamışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanılması rədd edilmiş, əməllərində İXM 157 və 510-cu maddələrinin tərkib əlamətləri olduğundan material sahə inspektoruna göndərilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, xx.xx.2025-ci il tarixli 526 saylı “məhkəmə-tibbi ekspertiza” rəyinin nəticə hissəsindən görünür ki, Şəxs tərəfindən təqdim edilmiş videogörüntülərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin videogörüntülər sözügedən gözəllik salonun daxili müşahidə kameralarının görüntüləridir. Təqdim edilən videogörüntüdə Gülşən Məmmədovanın gözəllik salonuna daxil olması və birbaşa Aydan Alıyevaya məxsus şkafa doğru hərəkət etməsi görünür. Növbəti epizodda Şəxs ona yaxınlaşması, əli ilə şkafın siyirmələrini tutaraq mane olması, daha sonra Gülşən Məmmədovanın mobil telefonu əlinə alaraq, zəng etməsi və Şəxs onu binadan çıxarmağa çalışması görünür. Videogörüntülərin son hissəsində Gülşən Məmmədovanın giriş qapısının qarşısında olarkən telefonu düz tutaraq çəkilişə başlaması, həmin vaxt Şəxs anidən onun üzərinə gedərək saçlarını tutaraq sonuncuya zərbə endirməsi görünür. Videogörüntünün digər hissəsində Gülşən Məmmədova binanı tərk edərək gedir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur 510-cu maddəsinə görə, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş üzrə təqdim olunmuş sübutları, tərəflərin izahatlarını və inzibati xəta haqqında protokolların məzmununu İXM-nin 84-cü maddəsinə uyğun olaraq, öz daxili inamı ilə, hərtərəfli, tam və obyektiv qiymətləndirərək aşağıdakı hüquqi nəticələrə gəlir:
1. İXM-nin 510-cu maddəsi (xırda xuliqanlıq) üzrə icraata dair: Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol, onun “Mila Beauty” gözəllik salonunda ictimai qaydanı pozaraq xırda xuliqanlıq törətməsi iddiasına əsaslanır. Lakin, məhkəmə hesab edir ki, bu ittiham özünün obyektiv təsdiqini tapmamışdır və Şəxs hərəkətlərində xırda xuliqanlıq tərkibinin mövcudluğu sübuta yetirilməmişdir. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə, xırda xuliqanlıq, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətindən fərqli olaraq, xırda xuliqanlıq daha aşağı ictimai təhlükəlilik dərəcəsi ilə səciyyələnir. Lakin hər iki halda, əməlin tövsifi üçün fundamental şərt – ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik niyyətinin mövcud olmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 saylı Qərarının 3-cü bəndində aydın şəkildə izah edilmişdir ki, “ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən... şəxsi münasibətlər zəminində... törədilən... hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir”. Həmin yanaşma, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında da öz əksini tapmışdır. Həmin qərarlarda formalaşdırılmış hüquqi mövqeyə görə, təqsirkarın niyyəti (mens rea) konkret şəxsə qarşı deyil, məhz ictimai asayişə və cəmiyyətdə qəbul olunmuş davranış normalarına qarşı yönəlməlidir. Hazırkı işin materialları və məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Şəxs ilə Məmmədova Gülşən arasında yaranmış münaqişənin mənbəyi ictimai qaydanı pozmaq və ya cəmiyyətə hörmətsizlik nümayiş etdirmək niyyəti olmamışdır. Münaqişə, zərərçəkmişin qızının əvvəllər işlədiyi salona vurduğu iddia edilən maddi ziyan və Məmmədova Gülşənin salona icazəsiz daxil olaraq əşyaları götürməyə cəhd etməsi kimi konkret şəxsi münasibətlər və mülki-hüquqi xarakterli mübahisə zəminində yaranmışdır. Məmmədova Gülşənin salona daxil olması, şkafa yaxınlaşması, ardınca Şəxs ona mane olması və sonradan mübahisənin yaranması – bütün bu hadisələr zənciri, tərəflər arasında mövcud olan şəxsi antaqonizmə əsaslanır. Təqdim edilmiş video-görüntülərdə Şəxs hərəkətlərinin məhz Gülşən Məmmədovanın konkret davranışına (icazəsiz daxil olma, videoçəkiliş aparma) birbaşa reaksiya olduğu müşahidə edilir. Burada onun ətrafdakı digər şəxslərin (müştərilərin) dincliyini pozmaq, salonun normal fəaliyyətinə mane olmaq və ya cəmiyyətə qarşı ümumi bir saymazlıq nümayiş etdirmək kimi bir niyyətinin olması sübuta yetirilmir. Əksinə, onun hərəkətlərinin motivi, özünün rəhbərlik etdiyi obyektin fəaliyyətinə və öz şəxsinə qarşı yönəlmiş hərəkətlərə cavab verməkdən ibarət olmuşdur. Zərərçəkmiş şəxsin nalayiq ifadələr işlədilməsi barədə iddiası, Şəxs tərəfindən təkzib edilir və iş materiallarında bu iddianı təsdiq edəcək hər hansı mötəbər, obyektiv sübut (şahid ifadələri, audioyazı və s.) mövcud deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (in dubio pro reo). Beləliklə, Şəxs hərəkətlərində xırda xuliqanlığın zəruri elementi olan niyyətin – ictimai qaydanı pozmaq və cəmiyyətə açıqca hörmətsizlik etmək qəsdinin mövcudluğu sübuta yetirilmədiyindən, məhkəmə hesab edir ki, onun əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Bu səbəbdən, İXM-nin 53.1.2-ci maddəsinə əsasən, həmin maddə üzrə icraata xitam verilməlidir.
2. İXM-nin 157-ci maddəsi (Döymə) üzrə icraata dair: Məhkəməyə təqdim edilmiş video-görüntülərdə Şəxs Gülşən Məmmədovaya fiziki təsir göstərməsi, konkret olaraq onun saçından tutaraq zərbə endirməsi aydın şəkildə əks olunmuşdur. Şəxs məhkəmədə ilkin olaraq bunu inkar etsə də, sonradan qismən etiraf edərək, bu hərəkəti qəsdən deyil, çəkilişə mane olmağa çalışarkən ehtiyatsızlıqdan etdiyini bildirmişdir. Lakin məhkəmə, video-görüntülərin təhlili əsasında müəyyən edir ki, hərəkətin dinamikası və trayektoriyası onun ehtiyatsızlıqdan deyil, məhz qəsdən, mübahisənin gərgin anında fiziki təsir göstərmək niyyəti ilə törədildiyini göstərir. Tərəflər arasında yaranmış gərgin sözlü mübahisədən dərhal sonra baş verən bu fiziki təmas, sırf təsadüfi bir toxunma kimi deyil, zorakı hərəkət kimi qiymətləndirilməlidir. İş materiallarında mövcud olan xx.xx.2025-ci il tarixli 526 saylı məhkəmə-tibbi ekspertiza rəyi də zərərçəkmişdə sağlamlığa yüngül zərər vurmayan xəsarətlərin mövcudluğunu təsdiq edir ki, bu da döymə və zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmənin obyektiv tərəfini tamamlayır. Bununla da, Şəxs əməlində İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi – döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə – tam sübuta yetirilmişdir. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin növünü və həddini müəyyən edərkən, həmin Məcəllənin ümumi prinsiplərini, xüsusilə də 9-cu maddədə təsbit olunmuş ədalətlilik və 31-ci maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarını rəhbər tutur. Həmin normaların imperativ tələbinə əsasən, tətbiq edilən tənbeh törədilmiş xətanın xarakterinə, onun törədilməsi hallarına, təqsirkarın şəxsiyyətinə, təqsirinin dərəcəsinə, əmlak vəziyyətinə, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallara mütənasib olmalıdır. Məhkəmə, İXM-nin 32.1.6-cı maddəsinə əsasən, inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. İşin materialları və məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, münaqişənin irəliləməsi zərərçəkmiş X1 hərəkətləri, yəni gözəllik salonuna icazəsiz daxil olması, obyektin idarəçisinin iradəsinin ziddinə olaraq orada özbaşına hərəkət etməsi və Şəxs razılığı olmadan onun və müştərilərin videoçəkilişini aparması birbaşa təkan vermişdir. Məhkəmə, İXM-nin 33-cü maddəsində sadalanan məsuliyyəti ağırlaşdıran halları təhlil edərək, Şəxs əməlində belə halların mövcud olmadığını müəyyən edir. Yuxarıda şərh olunanları nəzərə alaraq, məhkəmə bu qənaətə gəlir ki, məsuliyyəti ağırlaşdıran halların olmadığı, lakin məsuliyyəti əhəmiyyətli dərəcədə yüngülləşdirən halların, xüsusilə də zərərçəkmiş şəxsin təhrikedici davranışının mövcudluğu şəraitində, Şəxs qarşı İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəza növü olan inzibati cərimənin tətbiq edilməsi ədalətlilik və humanizm prinsiplərinə tam cavab verəcəkdir. İnzibati həbs kimi daha sərt tənbeh növünün tətbiqi, mövcud yüngülləşdirici hallar nəzərə alındıqda, törədilmiş əməlin ictimai təhlükəliliyi ilə mütənasib olmazdı. Göstərilənlərə əsasən və İXM-nin 40.0.1, 43, 48-51, 53.1.2, 61, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkib əlamətləri aşkar edilmədiyindən, barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tdbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kamal Babayev