Məhkəmə qərarları › İş №3(005)-2231/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2231/2022

29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2231/2022 29.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsinin 30 noyabr 2021-ci il tarixli, İQ ******* nömrəli inzibati xəta haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsinin 30 noyabr 2021-ci il tarixli, İQ ******* nömrəli inzibati xəta haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 400 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X2 inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsinin 30 noyabr 2021-ci il tarixli, İQ ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər Baş polis idarəsinin X4 idarəsinin TP ******* nömrəli 29 iyul 2021-ci il tarixli Qərarına əsasən AR İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətn üzrə “AR İXM’’) 333.1-ci maddəsinə uyğun olaraq 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan tərəfindən Nərimanov rayon məhkəməsinə şikayət verilmiş və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhər Baş polis idarəsinin X4 idarəsinin TP ******* nömrəli 29 iyul 2021-ci il tarixli Qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhər X4 İdarəsinə göndərilmişdir. Aşağıdakı əsaslara görə qəbul edilmiş qərarı əsassız və qanunsuz hesab edir. İlk növbədə qeyd etmək lazımdır ki, inzibati xəta üzrə qərar verilməsi üçün Bakı şəhər BPİ-nin X4 idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli İXP3726795 saylı protokol cəza verilməsi üçün Nərimanov rayon məhkəməsinə göndərilmişdir. Lakin Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli (iş 3(005)-926/2021) qərardadı ilə həmin protokol və ona əlavə edilmiş sənədlər natamam şəkildə tərtib olunduğundan geri qaytarılmışdır. Lakin protokolu tərtib etmiş orqan qeyd olunan səhvləri aradan qaldırmaq əvəzinə özü qərar verərək onu inzibati məsuliyyətə cəlb etmişdir. Bu cür qərar qəbul edilərkən ona məlumat verilməmiş və bununla da özünümüdafiə imkanları məhdudlaşmışdır İnzibati xəta kimi dəyərləndirilən hadisəyə gəldikdə isə vurğulamaq istəyir ki, tərəfindən heç bir inzibati pozuntuya yol verilməmişdir. DYPİ-nin əməkdaşı tərəfindən onun sərxoş olaraq nəqliyyat vasitəsini idarə etməyinin əsasını guya üfürmə yolu ilə müəyyən etməsi olmuşdur. Halbuki texniki göstəriciləri belə bəlli olmayan həmin cihazın nəticələri ona təqdim edilməmişdir. Bununla bağlı tərəfindən DİN rəhbərliyinə şikayət də edilmişdir. Protokolda da qeyd olunduğu kimi tərəfindən polis əməkdaşına xx.xx.2021-ci il tarixdə, günorta saatlarında 44 günlük müharibədən qayıtdığını və 0,2 litr piyvə içdiyini bildirmişdim. Bu məlumatdan şövqlənən polis əməkdaşı onun artıq bir gündən sonra belə sərxoş olduğunu nəyin bahasına olursa olsun subut etməyə çalışmışdır. Göründüyü kimi, BDYİ Nərimanov rayon məhkəməsinin qərardadı ilə qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyindən geri qaytarılmış protokol əsasında qanunsuz olaraq ona heç bir araşdırma aparmadan cərimə yazılmışdır. Müəyyən olunduğu kimi AR İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Odur ki, qeyd olunanlar onun hərəkətlərində AR İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yaratmadığını təsdiq edir. AR İXM-in 367.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Mübahisələndirilən qərar barədə məlumatı nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi zamanı əldə etmişdir. Məlumatı əldə etdikdən sonra aidiyyatı üzrə Nərimanov Rayon Məhkəməsinə üz tutmuşdur. Lakin sonradan qərarın məhkəmə tərəfindən deyil məhz BYDİ tərəfindən çıxarıldığı müəyyən edilmişdir. Mübahisələndirilən qərar ona xx.xx.2021-ci il tarixdə təqdim edildiyinə görə tərəfindən şikayət vermə müddəti buraxılmamışdır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən irəli gələn işlər üzrə vətəndaşlar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Bundan əlavə AR İXM-nin 431.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Qeyd olunanlara əsasən, işin hallarını, təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək habelə əsassız inzibati məsuliyyətə cəlb edilməsini və qeyd edilən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsinin 29 iyul 2021-ci il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsinin 29 iyul 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-480/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-926/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmışdır. X1 barəsində Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, 29 iyul 2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 14 yanvar 2021-ci il tarixdə saat 11:00-da Keşlə bazarı yaxınlığında “Hyundai İX 35” minik markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, X2 İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1767/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, şikayət qismən təmin edilmiş, Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, 29 iyul 2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi,X2 barəsində Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə inzibati xəta haqqında işin yenidən baxılması üçün Bakı şəhər X4 İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsinin 30 noyabr 2021-ci il tarixli, İQ ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati xəta haqqında qərarın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən qəbul edilməsi, belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsi tərəfindən X1 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 400 manat məbləğində cərimə edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta haqqında iş üzrə icraat zamanı X1 həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilməmiş, qərarla gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsi tərəfindən X1 AR İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törətməsi heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X2 tərəfindən verilmiş şikayət təmin olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsinin 30 noyabr 2021-ci il tarixli, İQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunsun. X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsinin 30 noyabr 2021-ci il tarixli, İQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar