Məhkəmə qərarları › İş №3(005)-2238/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2238/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2238/2024 06.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X1 tərəfindən Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 00100-01657/24 nömrəli, 12 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, AZ1029, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs QSC ünvanına 94325495 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərin **********7776 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli Gömrük bəyannaməsi ilə Bakı Bas Gömrük idarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, Bakı Baş Gömrük idarəsinin Rəsmiləşdirmə mərkəzindən daxil olmuş 3-33-1100/012/013337 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən Şəxs QSC-nin ünvanına 94325495 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, protokol qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunmuşdur. Eyni məsələ ilə əlaqədar olaraq artıq bir dəfə barələrində protokol tərtib edilərək məhkəməyə göndərilmiş və bu məsələ ilə əlaqədar olaraq məhkəmə qərar qəbul etmişdir. Hazırki iş digər işlə eyni mahiyyətlidir. Yeganə fərq ondan ibarətdir ki, fərqli vaqonlar ilə bağlı protokol tətib olunmuşdur. Bu hal isə düzgün deyildir. Çünki yalnız bir əməl mövcuddur. Eyni bir əmələ görə isə şəxs bir neçə dəfə məsuliyyətə cəlb edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunmuş 12 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Şəxs QSC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:05-də idxalatçı Şəxs QSC tərəfindən ixracatçı “ANSSEN METALLURGYdən dövlət nömrə nişanı 94325495 olan nəqliyyat vasitəsilə idxal edilmiş maşınlar, avadanlılar və mexanizmlər (Barkodu: **********03797) Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-1891/2024 nömrəli qərarından görünür ki, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 485.2 maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə, təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Şəxs QSC-nin barəsində tərtib edilmiş 00100-01657/24 nömrəli, 12 iyul 2024-cü il tarixli protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs QSC-nin ünvanına 94325495 nömrə nişanlı nəqliyyat vasitəsi ilə mallar **********7776 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli Gömrük bəyannaməsi ilə Bakı Bas Gömrük idarəsində bəyan edilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Həmin hal üzrə gömrük orqanı tərəfindən İXM-in 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-1891/2024 nömrəli qərarı ilə Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat tənbeh tədbiri tətbiq olunmuşdur. Göründüyü kimi hazırki iş üzrə də Şəxs QSC ünvanına 94325495 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklər eyni **********7776 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli Gömrük bəyannaməsi ilə Bakı Bas Gömrük idarəsində bəyan edilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinin dispozisiyasına və hazırki işin faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, hər iki protokolun tərtib edilməsinin əsası eyni bir fakt – müvafiq malların bəyan edilmədən ölkə ərazisinə gətirilməsi olmuşdur. Başqa sözlə, hər iki protokol eyni xəta ilə bağlı tərib olunmuşdur. Azərbaycan Respublikası İXM-in: 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Göründüyü kimi Şəxs QSC-nin ünvanına 94325495 nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş mallara dair adı çəkilən QSC tərəfindən eyni fakt üzrə inzibati tənbeh tətbiq edilmiş və həmin qərar hazırda qüvvədədir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2013-cü il tarixli Qərarında qeyd edilir ki, Konstitusiyada və cinayət qanununda təsbit edilmiş bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsini əks etdirən non bis in idem prinsipi yalnız şəxsin eyni bir cinayət əməlinə görə təkrar məhkum edilməsinin və cəzalandırılmasının qarşısını alan qayda kimi dar mənada təfsir olunmur. Bu prinsip həm də cinayət-hüquqi əhəmiyyəti olan eyni bir halın iki dəfə, həm cinayətin tövsifi zamanı, həm də cəza təyin edilməsi zamanı nəzərə alınmasını istisna edir. Azərbaycan Respublikası İXM-in: 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs QSC-yə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin ləğv edilməmiş qərarı olduğundan, Şəxs QSC barəsində tərtib olunmuş 00100-01657/24 nömrəli, 12 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC-nin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş 00100-01657/24 nömrəli, 12 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar