Məhkəmə qərarları › İş №3(005)-224/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-224/2022

15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-224/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin böyük təhqiqatçısı X2 Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 14000-0570/21 nömrəli, 24 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs (VÖEN **********) tərəfindən 10.07.2019-cu il tarixli **********6558 sorğu nömrəli, 02.05.2020-ci il tarixli, **********4158 sorğu nömrəli və 20.11.2020-ci il tarixli, **********5645 sorğu nömrəli gömrük bəyannamələri ilə Rusiya Federasiyasında yerləşən "xxxx" MMC-yə ixrac olunan “təbii üzüm şərabları” mallarının müqabilindəki vəsaitlər qanunvericiliyə müvafiq olaraq 180 gün müddətədək Şəxs MMC-nin “Paşa” Bankdakı hesabına köçürülməmişdir. Azərbaycan Respublikası Prezidentinin 24.06.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş 34/012/002936 nömrəli 06.09.2021-ci il tarixli raportun icrası ilə əlaqədar Şəxs MMC-nin rəhbərinə 15.09.2021-ci il tarixli, 2100-013/001 - 24/000506 nömrəli məktub göndərilərək izahat verməsi üçün Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə dəvət olunmuşdur. Lakin bu günədək cəmiyyət rəhbəri tərəfindən izahat verilməmiş, müvafiq sənədlər təqdim edilməmişdir. Faktla bağlı eyni zamanda "xxxx" ASC-nin idarə heyətinə, müvafiq məbləğin Şəxs MMC-nin bankdakı hesabına köçürülüb-köçürülməməsi barədə 2100-013/001- 24/000511 nömrəli, 15.09.2021-ci il tarixli məktub göndərilmişdir. "xxxx"dan Aksizli Mallar üzrə Baş Gömrük idarəsinə PB/PBL-OUT-01522-2021 nömrəli, 29.09.2021-ci il tarixli cavab məktubu daxil olmuşdur. Məktubda qeyd edilmişdir ki, **********6558, **********4158 və **********5645 sorğu nömrəli gömrük bəyannamələri üzrə vəsait “AN-BA" MMC-nin "xxxx" ASC-dəki hesabına daxil olmuşdur. Həmçinin məktuba cədvəl əlavə olunmuş, cədvəldə vəsaitlərin bəyannamə üzrə hesaba daxil olma tarixi və məbləği göstərilmişdir. Məktubda göstərilmişdir ki, Şəxs MMC-nin "xxxx" ASC-dəki hesabına **********5645 sorğu nömrəli gömrük bəyannaməsi ilə 9716,22 ABŞ dolları, hal-hazırkı məzənnəyə uyğun olaraq 16.517,574 Azərbaycan manatı məbləğində vəsait köçürülməmişdir. Digər bəyannamələr üzrə vəsait tam şəkildə Şəxs MMC-nin "xxxx" ASC-dəki hesabına daxil olmuşdur. Beləliklə Şəxs MMC tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarının məcburi qaydada köçürülməli olan 16,517,74 Azərbaycan manatı məbləğində vəsaitin xaricdən qaytarılmamasına görə hüquqpozma faktı törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, Dövlət Gömrük Komitəsinin Aksiz Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin ixrac etdiyi mallarla bağlı vəsaitin bir hissəsinin müəyyən edilmiş müddətdə müvəkkil banka köçürülüb-köçürülməməsi ilə əlaqədar araşdırma aparılan müddətdə həmin müəssisənin direktoru X4 20.09.2021-ci ildən 22.01.2022-ci il tarixə kimi ölkədə olmamış və bu səbəbdən də zəruri sənədləri toplayıb araşdırmaçıya təqdim etmək mümkün olmamışdır. Hal-hazırda Şəxs MMC-nin qanuni təmsilçisi - direktoru N.A.Cəfərov tərəfindən ölkədən ixrac edilən mala dair vəsaitin tam həcmdə vaxtında müvəkkil banka daxil olmayan bir hissəsinin səbəbi ilə bağlı mal alan müəssisəyə - Rusiya Federasiyasının ərazisində yerləşən "xxxx" MMC-yə müraciət edilmişdir. Onu da qeyd etmək istəyir ki, aralarında olan müqavilələrə əsasən o, Bakı şəhərində yerləşən çaxır məhsullarını "xxxx" MMC-dən alıb, Rusiya Federasiyasının İvanova şəhərində yerləşən “ Altair - 2” firmasına göndərir. Odür ki, o həmin firmaya ödənişlər barədə müraciət etməli olmuşdur və həmin firmadan göndərilən cavaba əsasən onların almış olduqları məhsulun məbləğində olan kəsir hissəsi əlavə xərclərə sərf edilmişdir. Buna görə də hesab edir ki, Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitləri müvəkkil bankda olan hesabkala köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha cox zaman tələb edə bilər. Buna görə də məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Qeyd olunanları nəzərə alaraq, Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapmır. İş materiallarında olan, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisinə ünvanlanmış 06.09.2021-ci il tarixli raporta əsasən Şəxs MMC tərəfindən **********6558, **********4158 və **********5645 sorğu nömrəli gömrük bəyannamələri ilə ixrac olunan malların müqabilindəki vəsaitlər firmanın müvəkkil bankda olan hesablarına köçürülməmişdir. İş materiallarında olan **********46558 sorğu nömrəli, 10.07.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, 27216.00 AZN məbləğində təbii üzüm şərabları malları "xxxx" şirkətinə ixrac edilmişdir. İş materiallarında olan **********4158 sorğu nömrəli, 02.05.2020-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, 28194.00 AZN məbləğində təbii üzüm şərabları malları "xxxx" şirkətinə ixrac edilmişdir. İş materiallarında olan **********5645 sorğu nömrəli, 20.11.2020-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, 29119.00 AZN məbləğində təbii üzüm şərabları malları "xxxx" şirkətinə ixrac edilmişdir. İş materiallarında olan, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisinə ünvanlanmış 12.10.2021-ci il tarixli raporta əsasən aparılan araşdırma ilə əlaqədar Şəxs MMC-nin rəhbərinin izahat verməsi üçün idarəyə gəlməsi, malların ixracı ilə bağlı və vəsaitlərin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsinə dair sənədlərin təqdim olunması zərurəti yaranmışdır. Bu məqsədlə Şəxs MMC-nin ünvanına məktublar göndərilmiş, lakin bugünədək cəmiyyət rəhbəri tərəfindən izahat verilməmiş və müvafiq sənədlər təqdim edilməmişdir. İş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Şəxs MMC 05.12.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, nizamnamə kapitalı 10.00 AZN təşkil edir. Məhkəmə, təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş 14000-0570/21 nömrəli, 24 dekabr 2021-ci il tarixli protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırki iş üzrə Şəxs MMC-nin təqsiri müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi, həmin xəta təqsirli olaraq törədildikdə və həmin xəta üzrə şəxsin təqsiri sübuta yetirildikdə inzibati məsuliyyətə səbəb olur. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC ilə "xxxx" şirkəti arasında bağlanmış 11.01.2019-cu il tarixli müqaviləyə əsasən Şəxs MMC öz öhdəsinə götürdüyü məhsulları "xxxx" şirkətinə göndərmiş, lakin həmin şirkət müqavilə öhdəliklərini icra etməmişdir. Nəticədə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş valyuta vəsaitlərinin xaricdən qaytarılması mümkün olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 14000-0570/21 nömrəli, 24 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib edilmiş 14000-0570/21 nömrəli, 24 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar