Məhkəmə qərarları › İş №3(005)-2243/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2243/2022

22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2243/2022 22.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-ci Polis Bölməsinin polis sahə inspektoru X1, Zərərçəkmiş şəxs X2, Müdafiəçi Femida Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-ci Polis Bölməsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 22 iyul 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon 16-ci Polis Bölməsinin polis sahə inspektoru X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 26 iyun 2022-ci il tarixdə Ak.H.Əliyev küçəsi, ev 129 A ünvanında X4 məxsus avtomobildən əl çantasını oğurladığı aşkar olunmuşdur. Bununla da, barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, 22 iyul 2022-ci il tarixli İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-ci Polis Bölməsinin polis sahə inspektoru X3 bildirdi ki, Ak.H.Əliyev küçəsi, ev 129 A ünvanında yaşayan zərərçəkmiş şəxs X5 16-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində yaşadığı ünvanın qarşısında idarə etdiyi “Hundai Veloster” markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobili saxladığı yerə yaxınlaşdıqda avtomobilin qabaq sol şüşəsinin naməlum şəxs və ya şəxslər tərəfindən sındırılması yolu ilə avtomobilin salonundan içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, Beynəlxalq Banka aid bank kartı olan əl çantasının oğurlandığını qeyd etmişdir, bununla bağlı araşdırma nəticəsində həmin hadisənin Şəxs tərəfindən törədilməsi müəyyən olunmuş, daha sonra isə o tutulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, ehtiyacı olduğundan oğurluq etmişdir, vurulmuş ziyanı ödəməmişdir. Məhkəmə iclasında müdafiəçi Femida Vəkil Bürosunun vəkili Vəkil izahatında göstərmişdir ki, əməlindən peşman olması nəzərə alınmaqla, barəsində məcburi müalicə təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərmişdir ki, Şəxs oğurluq əməli nəticəsində ona 450 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 21 iyul 2022-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli Qərara əsasən fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir; “İnzibati xəta haqqında” xx.xx.2022-ci il tarixli MN ******* nömrəli Protokola əsasən Şəxs 26 iyun 2022-ci il tarixdə Ak.H.Əliyev küçəsi, ev 129 A ünvanında X4 məxsus avtomobildən əl çantasını oğurlamışdır. İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Şəxs Ak.H.Əliyev küçəsi, ev 129 A ünvanında yaşayan zərərçəkmiş şəxs X5 16-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvanın qarşısında idarə etdiyi Hudai Veloster markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobili saxladığı yerə yaxınlaşdıqda avtomobilin qabaq sol şüşəsinin naməlum şəxs və ya şəxslər tərəfindən sındırılması yolu ilə avtomobilin salonundan içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, BB-a aid bank kartı olan əl çantasını oğurlamışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs ooğlunun gizli talama yolu ilə özgəsinin əmlakını talayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, İXM-in 227-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 21 iyul 2022-cu il tarixdən saat 18:00-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar