Məhkəmə qərarları › İş №3(005)-2245/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2245/2021

19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2245/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 499.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-1883/21 nömrəli, 30 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" ASC tərəfindən 17.04.2018-ci il tarixli **********7725 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 17.04.2019-cu il tarixədək 1 (bir) il müddətinə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmışdir. Sonradan "xxxx" ASC tərəfindən 2020-ci il tarixdə təqdim edilmiş ərizə əsasında sözügedən gömrük bəyannaməsində qeyd edilən malların müvəqqəti ixrac müddəti 17.04.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********7725 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddətinin son tarixi 17.04.2021-ci il müəyyən edilmişdir. Lakin, müvəqqəti ixrac müddətinin 17.04.2021-ci il tarixində bitməsinə baxmayaraq **********7725 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddəti bitməmiş "xxxx" ASC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Bununla da "xxxx" ASC-nin barəsində İXM-in 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X3 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24.04.2021-ci il tarixli raportdan görünür ki, "xxxx" ASC tərəfindən **********7725 saylı GB ilə müvəqqəti ixrac xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin ASC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır; 17.04.2018-ci il tarixli, **********7725 saylı gömrük bəyannaməsindən görünür ki, "xxxx" ASC tərəfindən gömrük dəyəri 127500,00 manat (qrafa 45) olan “Mineral maddələrin bitumla qarışdırılması üçün maşınlar - asfalt zavod Marini Ultimap 2000 C030807” (qrafa 31) malı müvəqqəti ixrac xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir; Gömrük Xidmətinin Vahid X1 çıxarışdan görünür ki, mineral maddələrin bitumla qarışdırılması üçün maşınlar - asfalt zavod Marini Ultimap 2000 C030807 malının müvəqqəti ixrac müddətinin son tarixi 17.04.2021-ci ildir; "xxxx" ASC tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış 13.04.2020-ci il tarixli ərizədən görünür ki, ASC **********7725 saylı GB ilə göstərilən malları 1 ilədək aparmağı öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, **********7725 sorğu nömrəli 17.04.2018-ci il tarixli gömrük bəyannaməsində qeyd edilən “Mineral maddələrin bitumla qarışdırılması üçün maşınlar - asfalt zavod Marini Ultimap 2000 C030807” malın müvəqqəti ixrac müddəti 17.04.2021-ci il tarixdə bitmiş, lakin həmin mal Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamış və ya malın digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət olunmamışdır. Bununla da "xxxx" ASC tərəfindən İXM-in 499.2-ci maddəsinin tələbləri pozulmuşdur. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 130-cu maddəsinə əsasən təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur. Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli, 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3-cü bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. Həmin müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. İXM-in 499.2-ci maddəsinə əsasən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" ASC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" ASC-nin 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi növündə tənbeh tədbiri tətbiq edilsin (gömrük dəyəri 127500,00 manat, 1 ədəd, yer sayı 27 olan Mineral maddələrin bitumla qarışdırılması üçün maşınlar - asfalt zavod Marini Ultimap 2000 C030807). Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar