Məhkəmə qərarları › İş №3(005)-2249/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2249/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2249/2023 08.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X1, Qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin əməkdaşı X5 tərəfindən qəbul edilmiş EQ seriyalı 15241505 nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin əməkdaşı X5 tərəfindən qəbul edilmiş EQ seriyalı 15241505 nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində Daxili İşlər Nazirliy tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə xx.xx.2023c il tarixli EQ 15241505 nömrəli protokol və xx.xx.2023-cü il tarixli EQ 15241505 nömrəli qərar tərtib olumuşdur. Sözügedən qərara əsasən İsmayıl İsmayıllı 40 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, X3 barəsində tərtib edilmiş EQ 15241505 nömrəli, xx.xx.2023-cii il tarixli protokol əsasında qəbul edilmiş EQ 15241505 nömrəli, xx.xx.2023cü il tarixli qərar qanunsuzdur, əsassızdır və ləğv edilməlidir. Belə ki, inzibati protokol tərtib olunan ərazidə qırıq-qırıq nişanlanma xətti var. Yəni həmin xəttin təsir dairəsində avtomobillərin hərəkəti məhdud şəkildə olsa da təmin olunur. Burada avtomobilin sərnişinləri mindirib-düşürmək üçün dayanması mümkündür. Bu dayanma halı o zaman inzibati xəta halı sayıla bilər ki, avtomobilin dayanması avtobusların hərəkəti üçün maneə yaratsın. Protokolda göstərilən şəkillərdə isə avtomobilin dayanmasının hər hansı avtobusa maneə yaratması əks olunmur. Avtobusların hərəkətinin qeydə alındığı səkildə saatlar əks olunub, lakin avtomobilin dayandığını əks etdirən səkildə saat əks olunmayıb. Avtomobilin dayandığını əks etdirən şəkillərinin çəkildiyi vaxtda həmin ərazidə hər hansı bir avtobus olmadığından həmin ərazidə dayanma əməliyyatı icra etmişdir. Protokolda həmin zolağın avtobus zolağı olduğunu göstərən heç bir sübut yoxdur. Belə ki, protokola əlavə olunmuş şəkildə nə yerdə “BUS” yazısı olan zolaq, nə də zolağın avtobus zolağı olması ilə bağlı hər hansı bir məlumat əks olunmur. Protokola əlavə olunmuş səkillərdə avtomobilin davandığı zolaqdan solda daha bir və ya bir neçə zolağın olub-olmaması əks olunmur. Yəni təxmin oluna bilər ki, avtomobilin dayandığı zolaqdan sonra da bir neçə zolaq var və belə olan halda bu zolaqda dayanmaq inzibati xətaya səbəb olmur. Qeyd etdiklərini nəzərə alaraq X3 barəsində inzibati xəta barədə tərtib edilmiş EQ 15241505 nömrəli, xx.xx.2023-cü il tarixli protokol və onun əsasında qəbul edilmiş EQ 15241505 nömrəli. xx.xx.2023-cü il tarixli qərar ləğv edilərək iş üzrə icraata xitam verilməsinin təmin edilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən də barəsində inzibati xəta haqqında protokol və həmin protokol əsasında inzibati xəta haqqında qərar qəbul edilmişdir. Bu hal iş materiallarında olan fotoşəkillərlə, həmçinin 01 ədəd DVD-R formatlı diskdə olan videogörüntülər ilə öz təstiqini tapmışdır. Şikayət tamamilə əsasızdır. Bu səbəbdən də şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş EQ seriyalı 15241505 nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 (qırx) manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan fotoşəkillərdə “VOLVO S 80” minik markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə avtobusun eyni zamanda eyni istiqamətdə hərəkət zolağında hərəkət etdikləri görünür. İş materiallarında olan 01 ədəd DVD-R formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, “VOLVO S 80” minik markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən arxadan eyni istiqamətli hərəkət zolağında avtobus hərəkət edir. Eyni zamanda “VOLVO S 80” minik markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə eyni istiqamətli hərəkət zolağında ön hissədə digər avtonəqliyyat vasitələri surətlə hərəkət edirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Nəzərə alınsa ki, yolun müəyyən edilmiş hissələrindən yalnız avtobusların keçməsi ilə bağlı vaxt məhdudiyyəti (səhər saat 07:00-dan 10:00-a qədər, axşam saat 17:00-dan 20:00-a qədər) müəyyən edilmişdir. İş materiallarından da görünür ki, X3 ona məxsus “VOLVO S 80” minik markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yolun avtobuslar üçün nəzərdə tutulmuş hissəsindən saat 16:05 radələrində hərəkət etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri X9 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X1 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X3 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun təkrar araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X1 şikayətində göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bundan başqa, qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında təkrar qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X3 barəsində EQ seriyalı 15241505 nömrəli, xx.xx.2023-cü il tarixli protokol “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X3 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən qəbul edilmiş EQ seriyalı 15241505 nömrəli, xx.xx.2023-cü il tarixli protokol “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən qəbul edilmiş EQ seriyalı 15241505 nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar