Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-225/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «SHAH GROUP OF COMPANİES” MMC-nin vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, «SHAH GROUP OF COMPANİES” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 13 yanvar 2025-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 2024-cü il noyabr ayından Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə «SHAH GROUP OF COMPANİES” MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X4 çıxış edərək bildirmişdir ki, X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işin yerinə yetirilməsinə cəlb edilmişdir. Ona görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin tərəfindən yazılmış protokolu müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «SHAH GROUP OF COMPANİES” MMC-nin vəkili və nümayəndəsi Nümayəndə bildirmişdir ki, «SHAH GROUP OF COMPANİES” MMC tərəfindən protokolda adı qeyd edilən X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işin yerinə yetirilməsinə cəlb edilməmişdir (tabellər əlavə olunur). Belə ki, Qəmər Yusifzadə özü də izahatında qeyd etdiyi kimi, Cəmiyyətə müraciət edənə kimi “New Yorker” mağazasında işləmişdir. Bunu ƏMAS altsistemi və “my.gov.az” portalı vasitəsilə müəyyən etmək mümkündür. 2024-ci ilin noyabr ayında Q.Yusifzadə Cəmiyyətə işə düzəlmək üçün müraciət etmişdir və Cəmiyyətin əməkdaşı olmuş Ağa adlı şəxs tərəfindən onun müsahibə keçirilmiş və müsbət dəyərləndirilmişdir. Lakin Q.Yusifzadənin həmin vaxtı aktiv əmək müqaviləsi mövcud olmuşdur və Cəmiyyətin əməkdaşı tərəfindən ona əmək müqaviləsinə xitam verildikdən sonra işə başlaya biləcəyi bildirilmişdir. Bundan sonra, Q.Yusifzadə öz iş yerində olmuş və noyabr ayınm sonlarına doğru onun “New Yorker” mağazasında əmək müqaviləsinə xitam verilmişdir. Həmin vaxtlar “COP29” tədbiri ərəfəsi olduğundan Q.Yusifzadə Cəmiyyətə dekabr ayının əvvəlində əmək müqaviləsinə əvvəlki iş yerində xitam verildikdən sonra yenidən müraciət etmiş və xx.xx.2024-cü il tarixdə onunla əmək müqaviləsinin rəsmiləşdirilməsi prosesinə başlanılmışdır. Bu zaman ƏMAS altsistemində əmək müqaviləsi tərtib edilərək “SİMA” imza ilə təsdiq üçün Q.Yusifzadəyə göndərilmiş və müqavilə onun tərəfindən təsdiq edilmişdir. Lakin müqavilə Cəmiyyət tərəfindən yekun təsdiq edilməmiş Q.Yusifzadə ona müqavilədə qeyd ediləndən daha artıq əmək haqqı vəd edildiyini bildirmiş və xx.xx.2024-cü il tarixdə Cəmiyyətə yaxınlaşaraq əmək müqaviləsi bağlamaq istəmədiyini qeyd etmişdir. Belə məlum olmuşdur ki, Cəmiyyətin əməkdaşı olmuş Ağa adlı şəxs ona daha yuxarı məbləğdə əmək haqqı vəd etmiş və bu səbəbdən onlar arasında mübahisə yaranmışdır. Protokolda istinad edilən əmək haqqı kartı və müəyyən ödənişlər isə Cəmiyyətin əmək müqaviləsi bağlanmasına başlanan zaman texniki qüsurlar səbəbindən baş vemişdir. Belə ki, Cəmiyyətin daxili qaydalarına uyğun olaraq əmək müqaviləsi rəsmiləşdirilməsinə başlanan zaman və ya müvafiq müraciət olduqda əmək haqqı kartı sifariş edilir. İndiki halda da, əmək haqqı kartının sifarişi bununla bağlı olmuş və yanlışlıqla Q.Yusifzadənin hesabına 377 manat pul köçürülmüşdür. Köçürülən pulun yanlışlıqla olması sonradan Q.Yusifzadə ilə əlaqə saxlanılaraq izah edilmiş və onun tərəfindən pul vəsaiti xx.xx.2024- cü il tarixdə nağd şəkildə Cəmiyyətə qaytarılmışdır (kassa mədaxil orderi əlavə olunur).Protokol ilə Q.Yusifzadənin izahatları arasında ziddiyyət mövcuddur. Belə ki, protokolda Q.Yusifzadənin barista olaraq işlədiyi qeyd edilir. Halbuki, Q.Yusifzadə izahatında kassir peşəsində işlədiyini iddia etmişdir. Həmçinin, protokolu əsaslandırmaq üçün iş materiallarına Q.Yusifzadənin üçüncü şəxslərlə yazışmaları əlavə edilmişdir ki, bu da özlüyündə prosessual qanunvericiliyin tələbləri baxımında mötəbər sübut hesab edilə bilməz. Müvafiq yazışmaların sübut qüvvəsinə malik olması üçün Cəmiyyətin səlahiyyətli nümayəndələri ilə aparılması zəruri idi. O, DƏMX-nin 13 yanvar 2025-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında «SHAH GROUP OF COMPANİES” MMC barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, «SHAH GROUP OF COMPANİES” MMC tərəfindən İXM-in 192.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə iclasında iş materialları tədqiq edilərkən olundu ki: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 13 yanvar 2025-cü il tarixli inzibati xəta haqqında protokoldon görünür ki, vətəndaş X1 08 noyabr 2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə «SHAH GROUP OF COMPANİES” MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə X1 tərəfindən ünvanlanan məktubdan görünür ki, «SHAH GROUP OF COMPANİES” MMC tərəfindən işə qəbul edilməsinə baxmayaraq müqavilə imzalanmadığı, bununla bağlı etiraz edib sənəd tələb etdiyi, yalnız xx.xx.2024-cü il tarixdə Cəmiyyət tərəfindən “My Gov” proqramı vasitəsilə müqavilə imzaladıqlarını və həmin müqavilədə 400 manat maaş qeyd olunduğu göstərilmişdir. İş materiallarında olan "xxxx" ASC-yə məxsus kart və kartdan çıxarışlardan görünür ki, vətəndaş X1 08 noyabr 2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və kart hesabına pul köçürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyini nəzərdə tutumuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-cü maddəsinin 2-3.4-cü bəndinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum qərarından görünür ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülkihüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür.Vurğulanmalıdır ki, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir.Təsadüfi deyildir ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndi ilə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllənin şamil edilmədiyi təsbit edilmişdir. Azərbaycan Respiblikası Konstitusiyasının 35-ci maddəsinə əsasən İV hissəsinə əsasən-əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. «SHAH GROUP OF COMPANİES” MMC tərəfindən X1 adına Nazirliyin Əmək və Məşğulluq altsistemində qüvvədə olan əmək müqaviləsi bildirişi aşkar edilməmiş həmin şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən «SHAH GROUP OF COMPANİES” MMC tərəfindən X1 müvafiq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, qanunazidd şəkildə əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Belə ki, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin yaranması üçün işçi və işəgötürən arasında əmək müqaviləsi bağlanmalı və əmək müqaviləsi bildirişi müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində qeydiyyata alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış orqan «SHAH GROUP OF COMPANİES” MMC tərəfindən X1 əmək müqaviləsi bağlanmadan və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. İnzibati xəta haqında işə məhkəmədə baxıldığı zaman məhkəmə tərəflər arasında yaranan münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verərək əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranması qənaətinə gəlir. Beləliklə məhkəmə hesab edir ki, işəgötürən tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlinmiş və həmin inzibati xətaya yol vermiş orqan «SHAH GROUP OF COMPANİES” MMC barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın orqan «SHAH GROUP OF COMPANİES” MMC tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in: 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında orqan «SHAH GROUP OF COMPANİES” MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, orqan «SHAH GROUP OF COMPANİES” MMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası çərçivəsində tənbeh tədbiri inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «SHAH GROUP OF COMPANİES” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20.000 (iyirmi min) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-225/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-225/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver