Məhkəmə qərarları › İş №3(005)-2261/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2261/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2261/2025 15.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi ilə, Azərbaycan Respublokasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X4, Şikayət verən X3 iştirakları ilə, "xxxx" MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən tərtib edilmiş 26 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə X3 şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən tərtib edilmiş 26 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə Xocavənd Rayon Məhkəməsinə müraciət etmişdir. Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(069)-50/2025 saylı qərarı ilə "xxxx" MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən tərtib edilmiş 26 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə X3 şikayəti baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. "xxxx" MMC-nin direktoru X9 şikayəti onunla əsaslandırmışdır ki, direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti işğaldan azad olunmuş ərazilərdə yol tikinti işləri ilə məşğuldur. Şirkətin işçisi X2 istifadəsində olan texnika xx.xx.2025-ci il tarixdə Füzuli-Şuşa yolunun 56-cı kilometrində minaya düşmüşdür. Sözügedən şəxs 2024-cü ilin oktyabr ayından etibarən aktiv əmək müqaviləsi əsasında hüquqi şəxsin Füzuli-Şuşa yolu layihəsində buldozer-operator vəzifəsində çalışmış, işə qəbul olunarkən əməyin mühafizəsi qaydaları ilə tanış edilmiş və xüsusi mühafizə vasitələri ilə təmin olunmuşdur. X5 xx.xx.2025-ci il tarixdə səhər saatlarında iş icraçısı X6 göstərişi ilə şirkətə məxsus buldozerlə yerin hamarlanması işini həyata keçirərkən tank əleyhinə minaya düşmüş, hadisə baş verərkən vaxtında texnikanı tərk etdiyindən heç bir xəsarət almamışdır. Ərazidə “ANAMA” nın heç bir xəbərdarlıq plakatı olmamışdır. Həmin gün “ANAMA” əməkdaşlarının köməkliyi ilə hadisə yerindən çıxmış, xəstəxanaya aparılmış, lakin sağlamlığına heç bir ziyan dəymədiyi müəyyən edilmişdir. X5 hal-hazırda başqa texnika ilə şirkətdə vəzifəsinə davam edir. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional Şöbəsinin 26 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə hüquqi şəxsin direktoru olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinmiş və onun barəsində 1.000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Ona görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional Şöbəsinin 26 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən X9 şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək bildirdi ki, hadisə baş verən gün ANAMA əməkdaşlarına, prokurorluq, polis əməkdaşlarına dərhal məlumat vermişdir. İşçi 3-4 saat ərzində mina hadisəsi baş verən ərazidən ANAMA əməkdaşlarının köməyi ilə çıxarılmışdır. Lakin əmək müfəttişliyinə dərhal məlumat verməli olduğu bilmədiyindən aprel ayının 29 da məlumat vermişdir. Qeyd edilən halların nəzərə alınmasını və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, işçinin səhhətinə hər hansı xəsarət dəyməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X10 bildirmişdir ki, hadisə 25 aprel 2025-ci il tarixdə baş vermişdir. Lakin, bu barədə qanunvericiliyin tələblərinə uyğun olaraq həmin gün məlumat verilməmiş, 29 aprel 2025-ci il tarixdə məlumat verilmişdir. Qeyd etmişdir ki, işçinin səhhətinə xəsarət yetirilməməsi işəgötürəni əmək məcəlləsinə müvafiq olaraq təhqiqatın aparılması üçün Əmək Müfəttişliyinə məlumat verilməsi öhdəliyindən azad etmir. Müvafiq təhqiqat aparıldıqdan sonra hadisənin bədbəxt hadisə olubolmamasına müvafiq şöbə tərəfindən hüquqi qiymət verilir. Göstərilənlərin nəzərə alınmasını və şikayətin əsassız olması səbəbilə təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən tərtib edilmiş 26 may 2025-ci il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 1000 manat məbləğində inzibati cərimə olunmuşdur. "xxxx" Construction MMC-nin X7 Xidmətinin Bakı şəhər idarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, şirkət baş vermiş hadisə barədə sözügedən tarixdə Əmək Müfəttişliyinə məlumat vermişdir. Hüquqi məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 217-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. 217-ci maddəsinin 4-cü bəndinə əsasən bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının: 1.4-cü bəndinə əsasən İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 555.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə- min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayət ərizəsini, tərəflərin məhkəmə iclasındakı izahatlarını, iş materiallarına əlavə edilmiş sənədləri və müvafiq qanunvericiliyin normalarını hərtərəfli, tam və obyektiv şəkildə tədqiq edərək, şikayətin hüquqi və faktiki əsaslardan məhrum olduğu və təmin edilməməli olduğu qənaətinə gəlir. İşin hallarından müəyyən edilmişdir ki, "xxxx" MMC-nin Füzuli-Şuşa yolu layihəsində çalışan işçisi X2 idarə etdiyi texnika 25 aprel 2025-ci il tarixdə mina partlayışına məruz qalmışdır. X1 yalnız 29 aprel 2025-ci il tarixdə, yəni hadisədən dörd gün sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə məlumat vermişdir. Bu fakt şikayətçinin özü tərəfindən də etiraf olunur və iş materialları ilə tam təsdiqini tapır. Şikayətçi ilkin olaraq öz mövqeyini onunla əsaslandırmağa çalışmışdır ki, istehsalat hadisəsi nəticəsində işçinin sağlamlığına heç bir xəsarət dəymədiyi üçün bu barədə X7 Xidmətinə məlumat verilməsi öhdəliyi yaranmamışdır. Lakin bu arqument hüquqi cəhətdən əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci bəndi imperativ norma olaraq təsbit edir ki, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Qanunvericinin bu tələbi müəyyən etməkdə məqsədi yalnız işçiyə dəymiş zərərin kompensasiya edilməsi mexanizmini işə salmaq deyil, həm də və daha önəmlisi, hər bir bədbəxt hadisə faktının səlahiyyətli dövlət orqanı tərəfindən təhqiq edilməsini, onun səbəblərinin araşdırılmasını və gələcəkdə analoji hadisələrin qarşısının alınması üçün preventiv tədbirlərin görülməsini təmin etməkdir. İşçinin xəsarət alıb-almaması faktı hadisənin təhqiqatı nəticəsində müəyyən ediləcək hallardan biridir və işəgötürəni məlumat vermək kimi ilkin və mütləq vəzifədən azad etmir. Hadisənin “bədbəxt hadisə” olub-olmamasına hüquqi qiyməti məhz səlahiyyətli orqan, bu halda X7 Xidməti, aparılmış təhqiqat nəticəsində vermək səlahiyyətinə malikdir. İşəgötürənin bu səlahiyyəti mənimsəyərək, subyektiv mülahizələrinə əsasən hadisənin nəticələrini qiymətləndirib məlumat verməmək qərarı alması yolverilməzdir. Məhkəmə iclasında şikayətçi öz mövqeyini dəyişərək, məlumat vermək öhdəliyinin olmasından xəbərsiz olduğunu, qanunu bilmədiyini əsas gətirmişdir. Məhkəmə bu arqumenti də qəbul etmir, çünki hüququn fundamental prinsiplərindən biri olan “ignorantia juris non excusat” (qanunu bilməmək məsuliyyətdən azad etmir) prinsipi burada tam qüvvəsi ilə tətbiq olunmalıdır. Hüquqi dövlətdə hər bir şəxs, xüsusilə də təhlükə potensiallı fəaliyyət növü ilə məşğul olan bir hüquqi şəxsin rəhbəri kimi X9 öz fəaliyyətini tənzimləyən qanunvericiliyin, o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı normaların tələblərini bilməyə və onlara riayət etməyə borcludur. Onun ANAMA, prokurorluq və polis orqanlarına məlumat verməsi təqdirəlayiq olsa da, bu, onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsi ilə birbaşa üzərinə qoyulmuş spesifik vəzifənin icrasından azad etmir. Məhkəmə həmçinin qeyd edir ki, əməyin təhlükəsizliyi və işçilərin sağlamlığının qorunması dövlətin pozitiv öhdəliklərindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent hüququnda dəfələrlə vurğulamışdır ki, Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi (yaşamaq hüququ) dövlətlərin üzərinə təkcə insan həyatına qəsd etməmək kimi neqativ öhdəlik deyil, həm də həyatı qorumaq üçün zəruri addımlar atmaq kimi pozitiv öhdəliklər qoyur. Bu pozitiv öhdəliklərə təhlükəli istehsalat sahələrində effektiv tənzimləyici və nəzarət mexanizmlərinin yaradılması da daxildir. İstehsalatda baş verən hər bir hadisə haqqında məlumatın dərhal verilməsi tələbi məhz bu cür nəzarət mexanizminin fundamental elementidir və onun pozulması bütövlükdə əməyin mühafizəsi sisteminin səmərəliliyinə xələl gətirir. Beləliklə, məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı onun öz izahatları, iş materiallarına əlavə edilmiş sənədlər və qanunvericiliyin yuxarıda təhlil edilən normalarının məcmusu ilə təkzibedilməz şəkildə sübuta yetirilmişdir. X7 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən tərtib edilmiş 26 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, şikayətçinin izahatlarında inzibati xətanın törədilməsi faktının etiraf olunduğunu, irəli sürülən dəlillərin isə məsuliyyətdən yayınmağa yönəldiyini və işin faktiki hallarını dəyişdirmədiyini müəyyən edir. Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi üçün həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar mövcud deyildir. Belə olan təqdirdə, şikayət təmin edilmədən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən tərtib edilmiş 26 may 2025-ci il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə uyğun olaraq dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən tərtib edilmiş 26 may 2025-ci il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X3 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar