Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2262/2022 18.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Şirvan Regional Vəkil Bürosunun vəkili X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X1, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X4 iştirakları ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsinə dair 18 iyul 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Səhiyyə Nazirliyinin Analitik X6 Nəzarət Şöbəsinin mütəxəssisləri tərəfindən ünvan 1 ünvanında Şəxs MMC-yə məxsus kilinikada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (kosmetologiya, fizioterapiya, cərrahi stomologiya, kardiologiya) göstərildiyi aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X8 izahatında göstərdi ki, müəssisədə tibbi cəhətdən bəzi çatışmazlıqlar olsa da müəssisə lisenziyadan kənar hər hansı fəaliyyətlə məşğul olmamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təmsilçisi X5 izahat verərək bildirmişdir ki, Şəxs MMC xx.xx.2016-cı il tarixli lisenziyası əsasında fəaliyyət göstərir. Protokola əlavə edilmiş materiallarla bağlı isə bildirmişdir ki, lisenziyaya uyğun olaraq ortopedik stomotologiya ilə məşğul olur, stomotoloji kabinetdən aşkar edilmiş cərrahi ləvazimatlar həkim tərəfindən gətirilmişdir, lakin istifadə edilməyib, fizioterapiya bölməsi isə gələcəkdə istifadə edilmək üçün hazırlanmışdır orada olan kosmetologiya və kardiologiya avadanlıqları da istifadə edilmir, müəssisədə bu sahədə həkim də fəaliyyət göstərmir. Göstərilənlərə əsasən Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində tərtib olunan protokolun ləğv olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 18 iyul 2022-ci il tarixli, 560 nömrəli qərardan görünür ki, ünvan 2 ünvanda yerləşən Şəxs MMC-nin fəaliyyətinin xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə yoxlanılması qərara alınmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən əldə edilmiş 15 iyul 2022-ci il tarixli, KY221747925 nömrəli çıxarışdan görünür ki, yoxlayıcı orqan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-də xx.xx.2021xx.xx.2022-ci il tarixlərdə planlı yoxlamanın keçirilməsi reyestrdə qeydə alınmışdır. Şəxs MMC-nin (X13 Mərkəzi) barədə lisenziya məlumatında Şəxs MMC-yə xx.xx.2016-cı il tarixdə verilmiş lisenziya əsasında göstərməli olduğu fəaliyyət növləri (Terapevtik, ginekoloji, terapevtik və ortopedik stomatologiya, pediatrik, rengenoloji, ultrasəs müayinəsi, klimik, klinik-biokimyəvi) əks olunmuşdur. xx.xx.2022-ci il tarixli, 560 nömrəli planlı yoxlama aktından görünür ki, yoxlama keçirilən müəssisədə lisenziyadan kənar (fizioterapiya, kardiologiya, cərrahi stomatologiya, kosmetologiya) tibbi faəliyyət həyata keçirirlir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyesterindən çıxarışından görünür ki, Şəxs MMC-nin qanuni təmsilçisi X2r. Protokola əlavə eidlmiş fotoşəkillərdən aydın olur ki, Şəxs MMC-də yoxlama zamanı lisenziyada göstərilən xidmətlərdən kənar tibb fəaliyyəti həyata keçirilir və bununla bağlı müəssisənin jurnalında qeydiyyat aparılır. Bundan başqa lisenziyadan kənar xidmət sahələri üçün ayrıca fəaliyyət sahələrinin adları qeyd olunan otaqlar və bunun üçün lazımi avadanlıqlar və alətlər də mövcuddur. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş üzrə planlı (növbəti) yoxlama zamanı Şəxs MMC tərəfindən özəl tibb fəaliyyəti sahəsində ona verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi, yəni fizioterapiya, kardiologiya, cərrahi stomatologiya, kosmetologiya bağlı xidmətlərin göstərilməsi müəyyən olunmuşdur. Belə ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Həmin Qanuna 1 nömrəli əlavədə lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında özəl tibb fəaliyyəti qeyd edilmişdir. “Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 3-cü maddəsinə əsasən yalnız İXM ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və sair nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki Şəxs MMC İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2262/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2262/2022
18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver