Məhkəmə qərarları › İş №3(005)-2268/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2268/2022

29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2268/2022 29.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə 00100-1448/22 nömrəli, 14 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" MMC-nin ünvanına xx.xx.2022-ci il tarixdə İran İslam Respublikasının "xxxx" Şirkətinnə Çin Xalq Respublikasının “X4 and Export Co.LTD” şirkətinin tapşırığı ilə 44AA531/44AA532 nömrə nişanlı yük avtomaşınında 88190 nömrəli xx.xx.2022-ci il taixli invoys sənədi ilə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********5340 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmişdir. 20 may 2022-ci il tarixdə 44AA531/44AA532 nömrə nişanlıyük avtomaşınında daxil olmuş mallara “İpek Yolu” görmük postunda gömrük yoxlaması həyata keçirilərkən **********5340 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 31-ci qrafasında ümumi çəkisi 23700 kq olan 1185,34 (m²) başqa üsulla emal olunmamış qalınlılğı 8 mm olan şəffaf şüşə kimi bəyan edilən yükün təsvirinin düzgün göstərilmədiyi bəyan edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, MMC-nin əsas fəaliyyətinin müxtəlif ölkələrdən inşaat və tikinti materiallarının idxalını sonradan həmin malların daxili bazarda topdan və pərakəndə satışını həyata keçirməkdən ibarətdir. xx.xx.2022-ci il tarixdə “Sırat-114" MMC-nin ünvanına İran İslam Respublikasının “İran-Sahand JAM" şirkətindən Çin Xalq Respublikasının “X5 And Export CO. LTD” şirkətinin tapşırığı ilə 44AA531/44AA532 nömrə nişanlı yük avtomaşınında duş kabinalar üçün şüşə yükü daxil olduğunu, sözügedən mallar Bakı Baş Gömrük İdarəsində **********5340 sorğu nömrəli tarixli gömrük bəyannaməsi ilə bəyan edildiyini, malların gömrük rəsmiləşdirilməsi həyata keçirilən zaman həmin mallara görə gömrük ödənişləri ödənildikdə gömrük bəyannaməsinin buraxılışa verildiyini, idxal edilmiş mallara görə ödənişlərin qarşı tərəfə qabaqcadan tam şəkildə ödənildiyini qeyd etmişdir. "xxxx" MMCnin sifarişi əsasında **********5340 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsini tərtib etmiş şirkətin əməkdaşı sözügedən bəyannamədə şüşə yükünün təsvirini səhvən emal olunmamış kimi qeyd etdiyini, malın təsvirinin gömrük bəyannaməsində düzgün qeyd edilməməsinin diqqətlərindən yayındığını, həmin maldan tərəflərindən ilk dəfədir ki, idxal edildiyindən bəyannaməçi tərəfindən malın təsvirinin səhv qeyd edildiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “Yoxlama haqqında protokol”a əsasən yoxlama zamanı 44AA531/44AA532 nömrəli nəqliyyat vasitəsində daxil olmuş və yükə aid gömrük orqanına təqdim edilmiş **********5340 saylı gömrük bəyannaməsinin 31-ci qrafasında şüşə yükünün təsvirinin düzgün göstərilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan **********5340 sorğu nömrəli Gömrük Bəyannaməsindən görünür ki, "xxxx" MMC tərəfindən ölkəyə idxal olunan malların siyahısında başqa üsulla emal olunmamış qalınlıqı 8mm olan 969 ədəd şəffaf şüşə nişanlı mallar qeyd edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyul 2022-ci il tarixli, 34/024/010738 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 8 mm qalınlıqlı, kənarları cilalanmış, emal olunmuş bir qatlı şəffaf şüşəni 1(m²)nin 19 may 2022-ci il tarixə orta bazar qiyməti təxminən 35,00 manat, 1185,34 (m²)-nin qiyməti isə 41486,90 manat müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. İXM-in 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 41486,90 manat məbləğinin 30 (otuz) faizi, yəni 12.446,07 (on iki min dörd yüz qırx altı manat, yeddi qəpik) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər həmin şəxslərin üzərinə qoyulur. Bununla əlaqədar inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 41486,90 manat məbləğinin 30 (otuz) faizi, yəni 12.446,07 (on iki min dörd yüz qırx altı manat, yeddi qəpik) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (yüz) manat pul "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar