Məhkəmə qərarları › İş №3(005)-227/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-227/2021

27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-227/2021 27.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Pourkhall Peymanın iştirakı ilə, Pourkhall Peymanın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Pourkhall Peymanın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsindən xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Pourkhall Peyman xx xxxxxx 2020-ci il tarixdə Nərimanov rayonu ərazisində xüsusi icazəsi olmadan komendant saatının tələbini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Pourkhall Peyman məhkəmə iclasında çıxış edərək xx.xx.2020-ci il tarixdə yaşayış yerini xüsusi icazəsi olmadan tərk edərək komendant rejimi qaydasını pozduğunu etiraf etmişdir. Əməlindən səmimi peşmanlıq çəkdiyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 517-2.1-ci maddəsinə əsasən xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə - xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Pourkhall Peyman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517- 2.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli Fərmanına əsasən Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmişdir. Fərmanın 3-cü bəndinə əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmişdir. Məhkəmə Pourkhall Peyman barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin öz əməlindən səmimi peşman olmasını, əməlini səmimi etiraf etməsini, ilk dəfə inzibati xəta törətməsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Pourkhall Peyman barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş xəbərdarlıq tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Pourkhall Peyman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində xəbərdarlıq növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar