Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2271/2024 01.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra ismin müvafiq hallarında “AYNA”) tərəfindən onun barəsində AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında elektron qərar qəbul edilmişdir. Bu barədə məlumat ona “ASAN Ödəniş” vasitəsilə təqdim edilmiş və sms vasitəsilə xəbərdarlıq edilmişdir. Qərar barədə məlumat “ASAN ödəniş” informasiya sistemində yerləşdirilmişdir. Qərarın kabinetə yerləşdirmə tarixi: xx.xx.2024. Nazim Hacıyev küçəsi Nərimanov rayonu ərazisində yerləşir. Nərimanov parkının arxasında yerləşən küçədir. AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında elektron qərar əsassız və qanunsuz hesab edir. Həmin ərazidə parklanma qəbzi verən (parklanmanı qeydə almaq üçün) parkomat yoxdur (YHQ mad 53, XVİİİJ. Parkomat olmadığı üçün qanunvericiliyə uyğun parklanma qeydə alınması mümkün deyildir. (YHQ mad 53, XVİİ). Cərimə tətbiq edilərkən parklanma kimi idda edilən yeri tərk etməyi ilə bağlı hər hansı sübut yoxdur. Parklanmanı qeydə almaq üçün xüsusi aparat qoyulmalıdır ki, vətəndaş da ərazini tərk edəndə ödəniş edə bilsin. Baxmayaraq ki, 346-1.1-ci maddə üzrə cərimə tətbiq edilməsi üçün əsas ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə halında yaranır. Maraqlıdır ki, AYNA tərəfindən sadəcə elektron qərara əlavə olaraq maşınının şəkli əlavə edilmiş və parklanma müddətinin ölçülməsi ilə bağlı hər hansı sübut əlavə edilməmişdir. AYNA-nın qərarında göstərilmiş cihazın xüsusi texniki vasitə olub-olmadığı bəlli deyil. Çünki xüsusi texniki vasitə barədə məlumat qərarda aşkar şəkildə qeyd edilməlidir. Nəticə etibarilə parklanmanı qeydə almaq üçün parkomat olmalıdır ki, o, həmin ərazidə parklanma edəndə parklanma qeydə alınsın. AYNA "xxxx" MMC-nin əməkdaşlarına heç bir dövlət reyestrində qeydə alınmamış telefonları verirki, şəkil çəkərək həmin quruma göndərsinlər. Qanunvericiliyə uyğun olaraq əraziyə kameralar yerləşdirilməlidir və parkomatla inteqrasiya olunmalıdır. Qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X3 etiraz təqdim edərək bildirmişdir ki, X5 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə AYNA-nın 02 iyul 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X5 idarə etdiyi “VAZ 21154 MİNİK” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin 02 iyul 2024-cü il tarixində ünvan 1 ünvanında yerləşən 20053 saylı parklanma yerində nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş etməmişdir. AYNA-nın 02 iyul 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əlavə edilmiş fotoşəkildən açıq-aydın görünür ki, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil 20053 saylı parklanma yerində 15 dəqiqədən artıq durmuşdur. Nəqliyyat vasitəsini idarə edən şəxs həmin parklanmaya görə heç bir ödəniş etməmişdir. Bu fakt səlahiyyətli şəxs tərəfindən müəyyən edilərək, fotoşəkillər çəkilmişdir. Qərara əlavə olunmuş nəqliyyat vasitəsinin ilk fotoşəkili saat 09:42:53-da sonuncu isə saat 10:07:10-da qeydə alınmışdır ki, bu 15 dəqiqədən çox vaxt edir və nəqliyyat vasitəsinin istifadəçisi parklanma müddətini başlatmayaraq, ödəniş etməmişdir. İnzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərar və şikayətə əlavə edilmiş fotoşəkil ilə tam təsdiq olunur və bu hal da şəxsin İXM-nin 346-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Beləliklə AYNA-nın 02 iyul 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X2 şikayətləri əsassızdır və təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından X5 tərəfindən verilmiş şikayət əsassız və qanunsuz olduğu üçün onun təmin edilməməsini, həmin inzibati tənbeh vermə haqqında elektron qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, şikayət vermiş şəxs X5 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 10 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə - on manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 346-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.33-2-cü bəndinə əsasən həmin Məcəllənin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi baxır. Azərbaycan Respublikası Prezidentinin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Bakı Nəqliyyat Agentliyi adından idarə Heyətinin sədri, onun müavinləri, Aparat rəhbəri və şöbə müdirlərinə aid edilmişdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli, 1464 saylı Fərmanına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il tarixli 2109 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. Həmin Fərmanın 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilmişdir. “Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 7.4-cü maddəsinə əsasən dövlət orqanının adı dəyişdirildikdə və ya bu orqanının adının dəyişdirilməsinə səbəb olan birləşmə, qoşulma, çevrilmə yolu ilə yenidən təşkil edildikdə, əvvəlki adı əks etdirən normativ hüquqi aktlarda addəyişmə hissəsində dəyişiklik edilməlidir. Belə dəyişikliklər edilənədək əvvəlki adı əks etdirən normativ hüquqi aktlar adı dəyişdirilmiş (yeni yaradılmış) orqana tam həcmdə şamil olunur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsinin 1.1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi avtomobil nəqliyyatı sahəsində (bundan sonra – müvafiq sahə) tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir. “Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadında qeyd edilmişdir ki, publik hüquq münasibətlərində hətta dövlət orqanı ləğv edildikdə, publik hüquq münasibətləri xitam olunmur, belə ki, bu münasibətlərin tərəfi dövlətin özüdür, dövlət orqanları isə dövlət funksiyasının icraçısıdırlar. Dövlət orqanları (qurumu) publik hüquq münasibətlərində hakimiyyət səlahiyyətlərinə malik xüsusi publik subyekt olaraq iştirak edir və onlar arasında hüquq varisliyi maddi hüququn keçməsi ilə deyil, hüquqi statusunun və səlahiyyətlərinin keçməsi ilə şərtləndirilir. Dövlət orqanlarının (qurumlarının) funksional hüquq varisliyi məsələləri tənzimlənərkən digər sahələrdə olduğu kimi, inzibati xətalar sahəsində də dövlət orqanının (qurumunun) üzərinə düşən vəzifələrin icra edilməsinin davam etməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əks təqdirdə inzibati xətalar qanunvericiliyinin prinsiplərinin, inzibati məsuliyyətin qaçılmazlığı prinsipinin təmin edilməsinə, inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının həyata keçirilməsinə xələl yetirilmiş olar. Burada xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsinin” 3.1.2-ci maddəsinə əsasən, müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək Agentliyin vəzifəsi kimi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Palatası hesab etmişdir ki, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanı ilə İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Bakı Nəqliyyat Agentliyindən funksional hüquqi varislik qaydasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsinə ötürülmüşdür. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, şikayətçi X2 Azərbaycan Respublikası İXM-nin 346-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmış, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə X2 şikayəti təmin edilməsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2271/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2271/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver