Məhkəmə qərarları › İş №3(005)-2272/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2272/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2272/2024 31.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Abdurahmanlı Pınar Zakir qızının katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh verilməsi barədə elektron qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh verilmə barədə elektron qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən X5 barəsində xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh verilməsi barədə elektron qərar qəbul edilmişdir. Bu barədə məlumat ona “ASAN Ödəniş” vasitəsilə təqdim edilmiş və sms vasitəsilə xəbərdarlıq edilmişdir. Qərar barədə məlumat “ASAN ödəniş” informasiya sistemində yerləşdirilmişdir. Qərarın kabinetə yerləşdirmə tarixi: xx.xx.2024-dir. Qeyd etmişdir ki, ünvan Nazim Hacıyev küçəsi Nərimanov rayonu ərazisində yerləşir. Nərimanov parkının arxasında yerləşən küçədir. X5 qeyd etmişdir ki, bu növ xətalar üzrə protokol yox, elektron qərar çıxarılır. “Asan Ödəniş” sistemində protokol adlandırılması texniki xətadır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əvvəlki qərarlarını təqdim edərək qeyd etdiyi faktı təsdiq edə bilər. “Radar” vasitəsilə aşkar edilən xətalar zamanı da tərtib edilən Elektron Qərarlar “Asan Ödəniş” X1. Aşağıda qeyd edilənlərə əsasən müvafiq iş üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh verilməsi barədə elektron qərarı əsassız və qanunsuz hesab edir: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən iddia edilir ki, X5 AR İXM-in 346-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qərar qanunsuzdur, ona görə də ləğv edilməlidir. Nərimanov parkında təmir işləri gedirdi və yerdəki xətlər də silinmişdi. O, orada kimə mane olmuşdur görəsən? Yerdəki daşlardan, materiallardan görünür ki, həmin ərazidə maşın saxlama yeri məhduddur. Bu qədər də qanunsuz icraat aparmaq olmaz axı. Gərək kubik daşlarının, materialların üzərinə çıxıb maşın saxlayardı? AYNA birinci parklanma ərazisini təmizləyərdi ki, onlard də görərdi ki, xətt hardadı sərhəd hardadı. Özü yolu təmizləməliydi daşlardan? Ya bura Bakı deyil, hər hansı rayonun kənd yoludur? Həmin ərazidə parklanma qəbzi verən (parklanmanı qeydə almaq üçün) parkomat yoxdur (YHQ mad 53, XVİİİJ. Parkomat olmadığı üçün qanunvericiliyə uyğun parklanma qeydə alınması mümkün deyildir. (YHQ mad 53, XVİİ). Cərimə tətbiq edilərkən parklanma kimi idda edilən yeri tərk etməyinlə bağlı hər hansı sübut yoxdur. Parklanmanı qeydə almaq üçün xüsusi aparat qoyulmalıdır ki, vətəndaş da ərazini tərk edəndə ödəniş edə bilsin. Maraqlıdır ki, AYNA tərəfindən sadəcə elektron qərara əlavə olaraq maşınının şəkil əlavə edilmiş və parklanma müddətinin ölçülməsi ilə bağlı hər hansı sübut əlavə edilməmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanununun 53-ci maddəsinin Xİİİ hissəsində müəyyən olunmuşdur ki, Ödənişli parklanma yerlərində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının oxunması, foto və ya video çəkilişin aparılması, parklanma müddətinin ölçülməsi, parklanmaya görə ödənişin edilməsi, ödəniş və parklanma qəbzlərinin verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırılmış parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik olan xüsusi texniki vasitələr yerləşdirilir. Parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunur. Yol hərəkəti haqqında AR qanunun XVİİ hissəsi ilə müəyyən edilmişdir ki, Parklanmaya görə ödəniş zamanı parkomatlarda baş vermiş texniki nasazlıq səbəbindən ödənişin həyata keçirilməsi mümkün olmadıqda, nəqliyyat vasitəsinin istifadəçisi ödəniş etmədən parklanma yerini tərk edir. Bu halda nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişin edilməməsinə görə məsuliyyət daşımır. Ödənişin edilməsinin mümkünsüzlüyü barədə məlumat dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. AYNA-nın qərarında göstərilmiş cihazın xüsusi texniki vasitə olub olmadığı bəlli deyil. Çünki xüsusi texniki vasitə barədə məlumat qərarda aşkar şəkildə qeyd edilməlidir. Qanunun analogiyası üzrə İXM-İ təhsil etsək görərik ki, AR İXM-in 100.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar;AR İXM-in 81.1 -ci maddəsində təsbit edilmişdir ki, Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır.AR İXM-in 81.3-cü maddəsinə əsasən Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X6 çıxış edərək bildirmişdir ki, X5 xx.xx.2024-cü il tarixində ünvan 2 ünvanında yerləşən 20053 saylı parklanma yerində nəqliyyat vasitəsinin parklanmasına görə “Yol hərkəti haqqında” Qanununun 53-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, AYNA-nın 01 iyul 2024-cü il AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əlavə edilmiş fotoşəkildən açıq-aydın görünür ki, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil 20053 saylı parklanma yerində 15 dəqiqədən artıq durmuşdur. Nəqliyyat vasitəsini idarə edən şəxs həmin parklanmaya görə heç bir ödəniş etməmişdir. Bu fakt səlahiyyətli şəxs tərəfindən müəyyən edilərək, fotoşəkillər çəkilmişdir. Bu səbəbdən də barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan başqa həmin ərazidə təmir işlərinin aparıldığı üçün parklanma üçün nəzərdə tutulmuş yerlərin aydın görünməməsi ilə bağlı qeyd olunmalıdır ki, çəkilmiş fotoşəkillərdən həmin sahələri tənzimləyən xətlərin aydın görsəndiyi müəyyən edilir. Məhkəməyə etirazını təqdim edərək verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayət vermiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş və üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmədə tədqiq edilən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh verilməsi barədə elektron qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-4-cü maddəsi ilə 10 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş foto şəkillərdən aydın olur ki, avtomobilin saxlanması üçün ayrılmış yerlər aydın şəkildə müəyyən edilir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-4-cü maddəsinə əsasən parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə iyirmi manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X5 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. X2 inzibati xətanı törətməməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və şikayət ərizəsində qeyd etdiyi halları əsaslandırmamışdır. Halbuki məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.2024-cü il tarixdə ünvan 2ndə parklanma qaydalarını pozmuşdur. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o, həmin maddədə göstərilən inzibati xətanı törətmişdir və bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh verilməsi barədə elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh verilməsi barədə elektron qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar