Məhkəmə qərarları › İş №3(005)-2276/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2276/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2276/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi ilə, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 28808391 saylı, xx.xx.2025-ci “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 28808391 saylı qərarın əsasız olduğunu və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında qərardan şikayət vermiş şəxs və inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 50 manat məbləğində inzibati cərimə olunmuşdur. Hüquqi məsələlər “İcbari sığortalar haqqında” Qanunun 53-cü maddəsinə görə mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyini həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, X2 avtomobilini icbari siğorta etdirə bilməməsinin səbəbini Bakı şəhər Baş Polis İdarəsi tərəfindən məhkəmənin qərarının icra edilməməsindən (inzibati tənbehin ləğv edilməsi ilə bağlı) qaynaqlandığını iddia etsə də, həmin hadisə ilə bağlı səbəbli əlaqə aşkar edilməmişdir. Qeyd olunduğu kimi, vətəndaş istənilən vaxt həm elektron vasitələrdən istifadə etməklə, həm də siğorta şirkətlərinə müraciət etməklə, avtomobilini mülki məsuliyyətdən icbari siğorta etdirmək imkanına malik olsa da, siğorta etdirmək üçün BDYPİ-yə yaxınlaşdığını, lakin orada cəriməsinin ödənilməməsi səbəbindən avtomobilini siğorta etmədiklərini göstərmişdir. Həmin hadisədən 20 gün sonra isə elektron vasitələrlə inzibati xəta hadisəsi aşkar edilərək tənbeh edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş qərardan görünür ki, EQ 28808391 saylı, xx.xx.2025 tarixli qərar əsaslı olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən, hazırki vaxtda Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir və bu səbəbdən X1 Bakı şəhəri Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ 28808391 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar