Məhkəmə qərarları › İş №3(005)-2278/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2278/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2278/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi - X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Azərbaycan Marketinq Assosiasiyası” İctimai birliyinin nümayəndəsi - X1 iştirakı ilə, “Azərbaycan Marketinq Assosiasiyası” İctimai birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən “Azərbaycan Marketinq Assosiasiyası” İctimai birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə MN ******* nömrəli, 25 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında qeyd olunan protokoldan görünür ki, “Azərbaycan Marketinq Assosiasiyası” İctimai birliyi tərəfindən 2024-cü il üzrə maliyyə hesabatları Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilməmiş və mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına yol verilmişdir. Nəticədə “Azərbaycan Marketinq Assosiasiyası” İctimai birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi X4 bildirmişdir ki, “Azərbaycan Marketinq Assosiasiyası” İctimai birliyi tərəfindən 2024-cü il üzrə maliyyə hesabları Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilmədiyinə görə həmin ictimai birlik barəsində Azərbaycan Respublikası İXM-in 462.1-ci maddəsi ilə MN ******* nömrəli, 25 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında hüquqi şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Azərbaycan Marketinq Assosiasiyası” İctimai birliyinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, hüquqi şəxs xx.xx.2023-cü ildən etibarən fəaliyyətini və əməliyyatlarını xx.xx.2038-ci il tarixədək dayandırmışdır. Heç bir fəaliyyəti olmayan hüquqi şəxs təbii ki, 2024-cü il üzrə hər hansı maliyyə hesabatı verə bilməz və belə bir öhdəlik onun üzərinə qoyula bilməz. Hüquqi şəxs barəsində inzibati icraat aparılarkən onlara məlumat verilməmiş və bu barədə bildiriş göndərilməmişdir. Bu səbəblərdən MN ******* nömrəli, 25 iyun 2025-ci il tarixli protokol əsasız olaraq tərtib olunmuşdur. Müvafiq sənədləri məhkəməyə təqdim edərək hüquqi şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qeyri-hökümət təşkilatlarına siyahı üzrə ünvanlanan xx.xx.2025-ci il tarixli 3-23/2-2577/2025 nömrəli məktubundan görünür ki, “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunun 29.4-cü maddəsinə əsasən qeyri-hökümət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Müvafiq siyahı məktuba əlavə edilməmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-23/2- 3082/2025 nömrəli bildirişindən görünür ki, Qeyri-hökümət təşkilatları (siyahı üzrə) 2024-cü il üzrə maliyyə hesabatlarının təqdim edilməməsinə görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 23 may-24 iyun tarixdə saat 10:00-dan 17:00-dək Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılır. Müvafiq siyahı bildirişə əlavə edilməmişdir. Sahibkarlıq fəaliyyətinin dayandırılması haqqında bildiriş və arayışdan görünür ki, “Azərbaycan Marketinq Assosiasiyası” İctimai birliyinin fəaliyyət və əməliyyatları xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. Fəaliyyətin və əməliyyatların bərpa ediləcəyi tarix xx.xx.2038-ci ildir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və mövqeyini əsaslandıran hallar: Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Azərbaycan Marketinq Assosiasiyası barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Bu hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi” Qaydasının 5.2-ci bəndinə əsasən qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyrihökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun 13.2 və 14.1-ci maddələrinə əsasən qeyri-hökumət təşkilatları maliyyə hesabatlarını müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formaya uyğun tərtib edirlər. Büdcə təşkilatları üçün hesabat dövrü və maliyyə hesabatlarının təqdim edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 16.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi, mühasibat uçotu sənədlərinin saxlanılması ilə əlaqədar qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Azərbaycan Marketinq Assosiasiyası barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olması əsası ilə xitam verilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi “Azərbaycan Marketinq Assosiasiyası” İctimai birliyi 2023-cü ilin may ayının 18-dən etibarən fəaliyyətini və əməliyyatlarını 15 il müddətinə rəsmi olaraq dayandırmış, 2024-cü il ərzində heç bir fəaliyyətlə məşğul olmamışdır. Fəaliyyətini dayandırmış ictimai birliyin illik maliyyə hesabatını təqdim etmək vəzifəsi qanunla istisna edilir və onun üzərinə belə bir öhdəlik qoyula bilməz. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Lakin iş materiallarından görünür ki, “Azərbaycan Marketinq Assosiasiyası” İctimai birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məlumat verilməmiş, onun nümayəndəsi dəvət olunaraq izahat vermək, protokolun məzmunu barədə, o cümlədən xəbərdarlıq məktubu və ya bildirişə cavab verilməməsinin səbəbləri barədə mülahizələrini təqdim etmək imkanı verilməmiş, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamış və bunun səbəbləri barədə qeydlər aparılmamışdır. “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi” Qaydasının 5.2-ci bəndinin tələbinə görə qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verir. İş materiallarında Maliyyə Nazirliyinin Qeyri-hökümət təşkilatlarına siyahı üzrə ünvanlanan xx.xx.2025-ci il tarixli 3-23/2-2577/2025 nömrəli qeyd olunan məzmunlu məktubu olsa da həmin siyahıda “Azərbaycan Marketinq Assosiasiyası” İctimai birliyinin olub-olması müəyyən deyil, məktuba bu barədə təsdiqedici hər hansı sənəd əlavə olunmamışdır. Həqiqətən bu məktubun qeyd olunan ictimai birliyə ünvanlandığını güman etsək belə xəbərdarlığın ünvana çatması da iş materialları ilə sübuta yetirilmir. Qanunvericiliyin tələbi baxımından müvafiq xəbərdarlıq hesabat təqdim etməyən qeyrihökumət təşkilatlarına çatdırılmalı, yalnız ondan sonra maliyyə hesabatı təqdim edilmədiyi halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tədbir görülməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir Göstərilən xüsusatlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, “Azərbaycan Marketinq Assosiasiyası” İctimai birliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə inzibati xəta törədilməsi müəyyən edilmir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Azərbaycan Marketinq Assosiasiyası” İctimai birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə İXM-in 53.1.2ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Azərbaycan Marketinq Assosiasiyası” İctimai birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar