Məhkəmə qərarları › İş №3(005)-2280/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2280/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2280/2024 01.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 598.1.1 və 598.1.2-ci maddələri üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 598.1.1 və 598.1.2-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASCdə (Lizinq şirkəti) xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində aparılmış hərtərəfli yoxlama (xx.xx.2023 - xx.xx.2024-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X6 protokolu müdafiə edərək bildirmişdir ki, 6 müştəriyə münasibətdə nəzərdə tutulan tələbə əməl edilməmiş, müştərilərin benefisiar mülkiyyətçiləri müəyyən edilməmiş və ya təsisçilərinin şəxsiyyət vəsiqələri əldə olunmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X6 bildirmişdir ki, İXM-in 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan artıq ola bilməz. Bu səbəbdən o, Şəxs barəsində qanuna uyğun olaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili X2 məhkəmə iclasında etiraz edərək bildirdi ki, Şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EP № ******* nömrəli protokolla razı deyil. Belə ki, ilk növbədə qeyd etmək olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdən Prior Leasing ASCnin baş direktoru vəzifəsini icra edir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli 6-1/2-560/2024 nömrəli məktubu Prior Leasing ASC-yə daxil olmuş və xx.xx.2024-cü il tarixdən etibarən 10 iş günü müddətində ASC-də onun fəaliyyətinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinə uyğunluğuna dair yoxlamanın aparılacağı bildirilmişdir. Mərkəzi Bankın yuxarıda qeyd edilən xx.xx.2024-cü il tarixli məktubunda Cəmiyyətin xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasında olan müvafiq fəaliyyətinin yoxlanılacağı qeyd edilmişdir. Həmçinin Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanun xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir. Yəni tənzimlədiyi münasibətlər həmin dövrdən sonrakı münasibətləri əhatə edir. Beləliklə də, həm məktuba, həm də qanunvericiliyə əsasən İXM-nın 598.1.1-ci maddəsi ilə əhatə olunan və pozuntu müəyyən edilmiş 6 müştəri ilə əməliyyatlar Mərkəzi Bank tərəfindən hazırlanmış Yoxlamanın nəticələrinə dair Aktın 7-ci səhifəsində də qeyd edildiyi kimi xx.xx.2020-xx.xx.2021-ci illər aralığında aparılmışdır. Belə ki, həmin səhifənin 3-cü abzasından etibarən qeyd edilmişdir ki: “Lakin, Cəmiyyət tərəfindən bəzi müştərilər eyniləşdirilməmiş, eyniləşdirmə sənədləri əldə edilməmiş və onların eyniləşdirmə məlumatları verifikasiya olunmamışdır. Hüquqi şəxs müştəri "xxxx" MMC-nin benefisiar mülkiyyətçiləri müəyyən edilməmiş, müştərinin təsisçiləri “Texno Su’’ MMC və “X8 Sanayi ve Ticaret Anonim Şirkəti”nin təsis sənədləri əldə edilməmişdir. Müştəri ilə imzalanmış xx.xx.2020-ci il tarixli KTA-KTT-20/1584 saylı maliyyə lizinqi müqaviləsi əsasında kənd təsərrüfatı texnikalarının alınması üçün 60 ay müddətinə 178640 manat, xx.xx.2020-ci il tarixli KTA-KTT- 20/2062 saylı müqavilə əsasında isə 60 ay müddətinə 209220 manat vəsait ayrılmışdır. Digər müştəri "xxxx" MMC-nin təsisçiləri Rusiya Federasiyasının vətəndaşı Mamedov Arif və Azərbaycan Respublikası vətəndaşı Hikmət Nağdəliyevin şəxsiyyət vəsiqələri əldə edilməmişdir. Kənd təsərrüfatı texnikalarının alınması məqsədilə "Region Aqro” MMC ilə imzalanmış xx.xx.2020-ci il tarixli KTA-KTT-20/001-İ-05 saylı maliyyə lizinqi müqaviləsi üzrə 60 ay müddətində 121670 manat, xx.xx.2020-ci il tarixli KTA-KTT-20/1286 saylı müqavilə üzrə 60 ay müddətinə 170320 manat, xx.xx.2021 -ci il tarixli KTA-KİT- 21/0001 -İ-3 saylı maliyyə lizinqi müqaviləsi üzrə 36 ay müddətinə 9408 ABŞ dolları və xx.xx.2021 -ci il tarixli KTA-KTT-21/2778 saylı müqavilə üzrə 60 ay müddətinə 21070 manat məbləğində vəsait ayrılmışdır. "xxxx" MMC-nin təsisçisi X4 (10 manat, 100%) şəxsiyyət vəsiqəsi əldə edilməmişdir. Müştəri ilə imzalanmış xx.xx.2020-ci il tarixli KTA-KTT- 20/1362 saylı maliyyə lizinqi müqaviləsi üzrə 60 ay müddətinə 160410 manat vəsait ayrılmışdır.” Həmçinin həmin vaxt aralığında mən Cəmiyyyətin qanuni təmsilçisi olmamışam. X9 Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.Belə olan halda Mərkəzi Bankın həmin maddənin pozulması ilə bağlı tərtib etdiyi protokol qanunaziddir. Həmçinin bununla belə, qeyd edilən həmin qüsurlar tez bir zamanda aradan qaldırılaraq icra statusları təsdiqedici sənədlərlə birlikdə xx.xx.2024-cü il tarixdə Mərkəzi Banka təqdim edilmişdir. Bundan əlavə 598.1.2-ci maddə ilə əhatə olunan inzibati xətanın da tərəfimdən törədilməsi məsələsi də əsassız hesab edilməlidir. Çünki qanun qüvvəyə mindikdən qısa müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə Cəmiyyətdə komplayns üzrə məsul şəxs təyin edilmişdir (Əli Əzizov). Həmin müddətdən sonra Cəmiyyətdə daimi olaraq həmin vəzifəni icra edən şəxs olmuşdur. Bundan əlavə Qanunda 1.1.8-ci bənddə maliyyə institutları kimi maliyyə lizinqi xidmətləri göstərən şəxslər göstərilsə də, Mərkəzi Bankın indiyədək qanunun tələblərinin icrası ilə bağlı tövsiyyə və ya göstəriş xarakterli müraciəti olmamış, qanunun tətbiqi ilə bağlı hər hansı seminar və ya təlimlər keçirilməmişdir. Buna baxmayaraq, Qanun qüvvəyə minən kimi, Cəmiyyətin rəhbərliyinə yeni təyin olunmağına baxmayaraq, bir çox Qaydalar hazırlanaraq təsdiq olunmuş (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair Daxili Qaydalar,Komplayns siyasəti, Cinayət yolu ilə vəsaitlərin və ya digər əmlakın leqallaşdırılmasına,terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində müştəri münasibətlərinin idarə olunması üçün Müştərinin tanı siyasəti və s. X5 Bank tərəfindən hazırlanmış Yoxlamanın nəticələrinə dair Aktın 4-cü səhifəsində də əks olunmuşdur), həmçinin Yoxlama Aktında qeyd edilməsə də Cəmiyyət tərəfindən qanunun icrası ilə bağlı tədbirlər planı hazırlanmış, məsul şəxs təyin olunmuş, kurs proqramı hazırlanmış, təlimlər keçirilmişdir. Qanunun tələblərinin icrası ilə əlaqədar qeyd edilən sahə üzrə auditin cəlb edilməsi, həmçinin həmin sahə üzrə məsul şəxsin işə qəbul edilməsinin mürəkkəbliyinə diqqət çəkmək istəyir. Bu halın Mərkəzi Bank tərəfindən də diqqətə alınmalı olduğunu hesab edir. Bu sahə ilə bağlı əmək bazarında kadr çatışmazlığının olması, ixtisaslı kadrın azlığı müşahidə edilir. Sahənin yeniliyi və spesifikliyini də nəzərə alsaq, peşəkar, öz işini mükəmməl şəkildə bilən kadrın tapılması mürəkkəb məsələyə çevrilmişdir. Buna baxmayaraq, həmin sahədə uzun illər çalışmış peşəkar işçi cəlb etsə də, məsuliyyətli sahə olduğundan o, öz xahiş ilə işdən ayrılmışdır. Lakin bütün çətinliklərə baxmayaraq həmin sahə üzrə yeni əməkdaş işə cəlb etsə də o, məsuliyyət yükünü götürməyərək vəzifəsinin icrasından imtina etmiş və Cəmiyyətin başqa ştat vahidində işə başlamışdır. Nəzərə alınmalıdır ki, Qanun qüvvəyə mindiyi tarixdən Cəmiyyət Mərkəzi Bankın nəzarət subyektinə çevrilmişdir. Mərkəzi Bankın maliyyə lizinqi xidmətləri göstərən şəxslərdən ilk dəfə Prior Leasing ASC-də yoxlamalar apardığı qənaətindəyik. “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər” də xx.xx.2023-cü il tarixdə Maliyyə Monitorinqi Xidməti tərəfindən təsdiq edilmiş və burada tətbiq edilməli olan bütün tələblər Cəmiyyət tərəfindən indiyədək tətbiq edilməkdədir. Mərkəzi Bank indiyədən həmin tələblərə dair də hər hansı maarifləndirmə monitorinqi həyata keçirməmişdir. Həmçinin qeyd etmək istəyir ki, bu sahə ilə bağlı proqram təminatının tətbiq edilməsi üçün Cəmiyyət tərəfindən lazımi addımlar atılmış, həmin sahədə fəaliyyət göstərən şirkətlərlə işgüzar danışıqlar aparılmışdır (qiymət təklifi əlavə olunur). Qiymət təklifində də qeyd edildiyi kimi, qeyd edilən sahə ilə bağlı proqram təminatı üzrə AML modulunun qiyməti 24000 manat təşkil edir. Lakin bununla belə yaxın zamanda Cəmiyyətdə müvafiq sahədə proqram təminatının tətbiqi həyata keçirəcəklər. Göstərilənlər onu deməyə əsas verir ki, Mərkəzi Bankın Cəmiyyət barəsində tərtib etdiyi protokol qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 598.1.1 və 598.1.2-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol ilə razı deyil. Məhkəmədən inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən BOKT "xxxx" MMC barəsində İXM-in 598.1.1 və 598.1.2-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanunun 4.6.3-cü maddəsinə görə (anoloji tələb aşağıda göstərilən xətalar törədilən zaman qüvvədə olmuş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (PL/TMM) Qanunun 9.8-ci və 9.9-cu maddəsində göstərilmişdir) öhdəlik daşıyan şəxslər hüquqi şəxsin və xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisinin kimliyinin müəyyən edilməsinə tam əmin olanadək onun eyniləşdirilməsi və benefisiar mülkiyyətçinin eyniləşdirmə məlumatlarının etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiyası üçün ağlabatan tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs olan 6 müştəriyə münasibətdə bu tələbə əməl edilməmiş, müştərilərin benefisiar mülkiyyətçiləri müəyyən edilməmiş və ya təsisçilərinin şəxsiyyət vəsiqələri əldə olunmamışdır (Yoxlama haqqında hesabat, səh 7-8). Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər"in (DNP) 2.1.1.9-cu maddəsinə görə (anoloji tələb xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (PL/TMM) Qanunun 12.1-ci maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxsin institusional risk qiymətləndirilməsi metodologiyası və prosedurları təsdiq edilməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, Lizinq şirkətində qeyd edilən qayda və prosedurlar mövcud olmamışdır (Yoxlama haqqında hesabat, səh 9). Bununla yanaşı, ƏL/TMM Qanunun 10.1.2-ci maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 12.1.8-ci maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsini həyata keçirməlidir. Yoxlama zamanı aşkar edilmişdir ki, Lizinq şirkətində məsul şəxsi əvəz edən şəxs yalnız xx.xx.2024-cü il tarixində təyin edilmiş və bu tarixədək təşkilatda məsul şəxsi əvəz edən şəxsin funksiyalarını icra edən əməkdaş müəyyən edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 8). Bundan başqa, ƏL/TMM Qanunun 10.1.5-ci maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 12.1.7-ci maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasmda qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsinə dair tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, yoxlanılan dövrdə Lizinq şirkətində ƏL/TMM üzrə daxili audit mexanizmi təşkil edilməmiş, həmin sahənin auditi həyata keçirilməmişdir (Yoxlama haqqında hesabat. Səh 8). Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar Lizinq şirkətinin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında xx.xx.2023 - xx.xx.2024-cü il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2024-cü il tarixdə aşkarlanmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində "xxxx"xxxx"-də (Lizinq Şirkəti) xx.xx.2023 — xx.xx.2024-cü il dövrlərini əhatə etməklə aparılmış planlı-tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsi qiymətləndirilmişdir. Yoxlama zamanı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun (ƏL/TMM Qanunu) bəzi maddələrinin pozulması faktları aşkarlanmış və həmin faktlar yoxlama hesabatında əks etdirilmişdir. Yoxlama nəticəsində Lizinq Şirkəti tərəfindən ƏL/TMM Qanununun 4.4.4-cü, 4.6.3-cü, 7-ci, 10.1.2-ci, 10.1.5-ci və 21.7-ci maddələrinin tələblərinin pozulması halları müəyyən edilmişdir. Beləliklə, müəyyən edilir ki, Şəxs maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə və maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə faktlarına görə 598.1.1, 598.1.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İş materiallarından da görünür ki, yoxlama zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs olan 6 müştəriyə münasibətdə bu tələbə əməl edilməmiş, müştərilərin benefisiar mülkiyyətçiləri müəyyən edilməmiş və ya təsisçilərinin şəxsiyyət vəsiqələri əldə olunmamışdır. Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. İXM-in 598.1.1-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə; İXM-in 598.1.2-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə əzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 11.1-ci maddəsinə görə Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə” dair 02 sentyabr 2020-ci il qərarında göstərilmişdir ki, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz (maddə 34.4). İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir. Belə ki, həmin maddəyə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsindən göründüyü kimi, qanunverici müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə həmin Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq eyni vaxtda baxılmasının eyni orqan tərəfindən tərtib edilmiş protokollar və həmin xətalara baxılmasının eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni şəxs tərəfindən müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətindədirsə, bu xətaların heç birinə görə ona inzibati tənbeh tətbiq edilməmişdirsə və törədilən inzibati xətaların heç birinə görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdirsə məhkəmə və ya müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) bu inzibati xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Bu tələb birbaşa İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.4-cü maddələrinin müddəalarından irəli gəlir. Eyni zamanda Məcəllənin 34.4-cü maddəsinin "barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz” müddəası da bu qəbildən olan işlərin eyni vaxtda baxılmasına bir daha dəlalət edir. Həmçinin nəzərə alınmalıdır ki, qanunverici burada "barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır. Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrı-ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Bu qayda inzibati xətalar qanunvericiliyinin prinsiplərinə uyğundur. Əks yanaşma şəxsə inzibati xətaya görə qanunvericilikdə müəyyən olunmuş tənbehin həddlərindən daha artıq tənbehin tətbiq olunması ilə nəticələnə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1- ci maddəsinin dispozisiyasında “hər bir müştəriyə və əməliyyata görə” inzibati tənbeh nəzərdə tutulmuş və bir neçə inzibati xətalar üzrə cəzanın hansı üsulla tətbiq edilməli göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir və Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər hər birisi ayrıca hərəkətlə (hərəkətsizliklə) müxtəlif vaxtlarda törədilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Qeyd olunan normaların məzmununa uyğun olaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ona 598.1.1-ci maddə üzrə hər bir müştəriyə münasibətdə sanksiyada nəzərdə tutulmuş iki min manat cərimə tədbiq edilməli və həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla 10.000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələri üzrə təqsirli bilinərək ona hər bir müştəriyə və əməliyyata görə cərimə cəzası təyin olunsun və həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla 10.000 (on min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar