Məhkəmə qərarları › İş №3(005)-2280/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2280/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2280/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclası katibi Abbaslı Pərvanə Etibar qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-1-ci maddəsi ilə Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Şəxs barəsində olan icra sənədlərini icra etməli olduğu halda, bu öhdəliyini uzun müddət ərzində yerinə yetirməmiş, bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Nərimanov Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli qərarı ilə İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilməsinə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 1 il ərzində təkrarən yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş icra məmuru X4 protokolun dəlillərinə uyğun izahat verərək, Şəxs məhkəmə qətnaməsini icra etmədiyini, tələbkara hazırkı tarixədək çox az məbləğdə ödəniş etdiyini, icra məmurunun çağırışlarından yayındığını, barəsində axtarış elan edildiyini, dəfələrlə edilən xəbərdarlıqlara və qanuni tələblərə məhəl qoymadığını, bu səbəbdən onun barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini və barəsində müvafiq tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs çıxış edərək bildirmişdir ki, o, icra sənədi üzrə ödənişlərin edilməsini tələb edir. Bu səbəbdən də Şəxs şikayətçidir. Borcunu ödəmədiyi təqdirdə onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, hazırda işsiz olduğundan icra sənədləri üzrə ödəniş edə bilmir. İcra məmuru tərəfindən şöbəyə çağırılsa da pulu olmadığından icra məmuruna gələ bilməyəcəyini bildirmişdir. Əvvəllər icra sənədi üzrə bir neçə dəfə ödəniş etmişdir. İcra sənədinin icrasından boyun qaçırmaq fikri yoxdur. Göstərilənlərin nəzərə alınmasını xahiş edərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iq(82)-835/2012 nömrəli, xx.xx.2012ci il tarixli icra sənədindən görünür ki, borclu X1 28436 manat pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-870/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, borclu X1 170 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-690/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 22000 manat məbləğində pul, hüquqi yardım üçün ödənilmiş 500 manat, etibarnamə verilməsi üçün ödənilmiş 19,75 manat və 156,40 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1318/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 1835 manat məbləğində pul vəsaiti, dövlət rüsumu olaraq ödənilmiş 39 manat pulun, ümumilikdə 1874 manat iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. “İcraata başlamaq haqqında” xx.xx.2012-ci il tarixli qərardan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2iq(82)-835/2012 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2013-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-870/2013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-690/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1318/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3147/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs AZərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2508/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs AZərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs edilmişdir. MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində olan icra sənədlərini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən (...) şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Məhkəmə aktının qərəzli icrasına mane olmaq anlayışı altında isə şəxsin dövlət orqanı, yerli özünüidarəetmə orqanı, dövlət və bələdiyyə idarəsi, kommersiya və ya digər təşkilat tərəfindən məhkəmə aktının vaxtında icra edilməməsi üçün qəsdən maneə törədilməsi başa düşülməlidir. Belə maneə müxtəlif yollarla həyata keçirilə bilər: - şəxs tərəfindən tabeçiliyində olan şəxslərə məhkəmə qərarını icra etməmək barədə göstəriş, sərəncam və əmrlər verilməsi; - icra məmurunun və ya məhkəmə qərarını icra etmək səlahiyyəti olan şəxsin məhkəmə qərarını icra etməsinə maneələr yaradılması; - məhkəmə qərarının icra edilməsi üçün zəruri olan sənədlərin təqdim edilməməsi; - məhkəmə qərarını icra etməli olan şəxslərə məlumatların, o cümlədən təşkilat və bank hesablarının yerləşdiyi yer barədə məlumat verilməməsi; - məhkəmə qərarının icra edilməsinin qarşısını alan və ya onun icrasını mümkünsüz edən tədbirlər görülməsi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi (...) bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, (...) fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, iş üzrə toplanmış və tədqiq edilmiş bütün sübutları – inzibati xəta haqqında protokolu, Nərimanov Rayon Məhkəməsinin və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamələrinin və Şəxs barəsində əvvəllər tətbiq edilmiş inzibati həbs haqqında qərarın surətini, icra məmurunun izahatını və tərtib etdiyi aktları, borcluya ünvanlanmış rəsmi bildirişləri, borcun məbləği haqqında arayışı və barəsində icraat aparılan şəxsin izahatlarını ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı özünün tam və hərtərəfli təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs təqsiri bir neçə təkzibedilməz faktla təsdiqlənir. Belə ki, onun barəsində Nərimanov Rayon Məhkəməsinin və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş və icrası məcburi olan qətnamələri mövcuddur və həmin qərarlar qanuni qüvvəyə mindiyi gündən illər keçsə də, Şəxs yenidən hərəkətsizlik göstərmiş və eyni məhkəmə qətnamələrini üzrsüz səbəbdən icra etməməklə, bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra məmuru Emil Zeynalov tərəfindən bu öhdəliyin icrası ilə bağlı dəfələrlə rəsmi qaydada xəbərdar edilmiş, lakin bu qanuni tələblərə məhəl qoymamışdır. Şəxsin bu hərəkətsizliyi uzunmüddətli və sistematik xarakter daşımış, nəticədə külli miqdarda icra sənədləri üzrə borcu yaranmışdır. Bu hərəkətsizliklər birbaşa olaraq onun məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmək niyyətini sübuta yetirir. Habelə, şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbehdən də nəticə çıxarmamışdır. İXM-nin 31.2-ci maddəsi tənbeh təyin edilərkən xətanın xarakterinin, şəxsin şəxsiyyətinin, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınmasını imperativ qayda kimi müəyyən edir. Məhkəmə təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hallar müəyyən etməmişdir. Lakin, inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qüvvəyə mindikdən sonra bir il ərzində eyni xətanı təkrar törətməsi maddənin dizpozisiyasında nəzərə alındığı üçün, məhkəmə bunu məsuliyyətini ağırlaşdıran hal (İXM 33.1.2) kimi nəzərə almır. Qeyd edilməlidir ki, törədilmiş xətanın ictimai təhlükəliliyi yüksək olmaqla, yalnız dövlət hakimiyyətinin nüfuzuna qarşı hörmətsizlik deyil, həm də birbaşa olaraq uşaqların Konstitusiya ilə təminat verilən maddi təminat hüququnun kobud şəkildə pozulmasıdır. Barəsində tətbiq edilmiş əvvəlki, 15 gün müddətinə inzibati həbs tənbehi belə, Şəxs lazımi tərbiyəvi və çəkindirici təsir göstərməmiş, o, qanuna zidd hərəkətsizliyini davam etdirərək islah olunmaq niyyətində olmadığını nümayiş etdirmişdir. Bu şəraitdə, İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin təyin edilməsi İXM-nin 21-ci maddəsində müəyyən edilmiş tənbehin məqsədlərinə – şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsinə və yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasına nail ola bilməz. Belə ki, həbs kimi daha ciddi tənbehdən nəticə çıxarmayan şəxsə cərimə tətbiqi tamamilə səmərəsiz olardı. Bütün bunları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Şəxs islah olunması və gələcəkdə yeni hüquqpozuntular törətməsinin qarşısının alınması üçün onun cəmiyyətdən müəyyən müddətə təcrid edilməsini nəzərdə tutan inzibati həbs tənbehinin tətbiqi yeganə adekvat, mütənasib və ədalətli təsir vasitəsidir. Bu tənbeh, həmçinin təkcə borclunun cəzalandırılmasına deyil, həm də dövlətin öz vətəndaşlarının hüquqlarını qorumaqdakı qətiyyətinin nümayişinə xidmət edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 31, 32.1.1, 33.1.2, 114, 115, 117 və 528.1-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 03 iyul 2025-ci il tarixdən saat 18:26-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Mərkəzinə tapşırılsın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Mərkəzinə çatdırılması Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar