Məhkəmə qərarları › İş №3(005)-2287/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2287/2022

29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2287/2022 29.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4, X1, müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili Vəkili oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bərdə rayonu, Lənbəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi sahibkarlıqla məşğul olan, Bərdə rayonu, Lənbəran ərazi dairəsi, Lənbəran kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X7 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin MTT(005)-124/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 28 iyul 2022-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin MTT(005)-124/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Nərimanov rayonu 2093-cü məhəllə, Ələsgər Qayıbov küçəsində yerləşən ümumi sahəsi 293.1 kv/m olan qeyriyaşayış binasının 23.7 kv.m-lik hissəsindən X2, Şəxs və digər şəxslərin istifadə etməsi və giriş-çıxışına qadağan qoyulması ilə bağlı icra məmurunun qanuni tələbləri Şəxs tərəfindən yerinə yetirilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X7 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, məhkəməni qərarını icra edir. Belə ki, ilk dəfə xx.xx.2022-ci il tarixdə icra məmuru onu icra sənədinin məzmunu ilə tanış etmişdir. Həmin gündən sonra yaranmış zərurət ilə əlaqədar olaraq, yəni evdə olan lazımi sənədləri götürmək üçün xx.xx.2022-ci il tarixdə həmin ünvana getmişdir. Bu zaman icra məmurunun xəbərdarlığından sonra ünvanı tərk etmişdir. İkinci dəfə isə yenə də xx.xx.2022-ci il tarixdə eyni səbəbdən həmin ünvana getmişdir. İcra məmuru dərhal oraya gəlmiş və onu şöbəyə dəvət edərək barəsində protokol tərib edilmişdir. Qəti bir şəkildə icra sənəndinin icrasından qərəzli olaraq yayınmır. Bunu nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində başlanılmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 Əli oğlu çıxış edərək edərək icra sənədinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qərəzli şəkildə icra edilmədiyini bildirərək onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin MTT(005)-124/2022 saylı, xx.xx.2022ci il tarixli icra vərəqəsindən görünür ki, müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsi, mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Nərimanov rayonu 2093-cü məhəllə, Ələsgər Qayıbov küçəsində yerləşən ümumi sahəsi 293.1 kv/m olan qeyri-yaşayış binasının 23.7 kv.m-lik hissəsindən X2, Şəxs və digər şəxslərin istifadə etməsi və giriş-çıxışına qadağan qoyulması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin MTT(005)-124/2022 saylı, xx.xx.2022-ci il tarixli icra icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, müdafiəçi Vəkil məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəsi üçün 7 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 7 (yeddi) iş saatına görə 42 (qırx iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 53, 55, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. “Femida” Vəkil Bürosunun vəkili Vəkil tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 7 (yeddi) iş saatına görə 42 (qırx iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar