Məhkəmə qərarları › İş №3(005)-2299/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2299/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2299/2025 15.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Vəliyev Mahir Tahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1990 -cı il təvəllüdlü, Naxçıvan MR, Şərur, Xanlıqlar kəndində anadan olan Azərbaycan Respublikası vətəndaşı, Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 329.3 və 333.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-nin 333.2 və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03 aprel 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs özünü təqsirli bilmədiyini bildirərək, izahatında göstərmişdir ki, o, protokolda qeyd olunan tarixdə içkili olmamışdır, həkimdən bu barədə arayış almışdır. Məhkəmədən göstərilənləri nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də səlahiyyətli orqan nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati xəta haqqında” 03 aprel 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, , Şəxs 01 aprel 2025-ci il tarixdə, saat 22:45 radələrində “X1 2” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və onun nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi” barədə aktdan görünür ki, “X1 2” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkəti ilə duracağa yerləşdirilmişdir; “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” İXP ******* saylı, 01 aprel 2025-ci il tarixli protokoldan və müayinə qəbzindən görünür ki Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:41-də sərxoşluq vəziyyətini təyin edən texnika ilə yoxlanılmış və onun bədənində 0,715 % miqdarında alkoqol aşkar edilmiş, protokolun izahat hissəsində sonuncu “qo içmişəm, həkimə ehtiyac yoxdur, mənə kömək edin” sözlərini qeyd etmişdir. Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli xx.xx.2024- cü il tarixli inzibati xəta haqqında qərardan görünür ki, Şəxs AR İXM-nin 329.3 və 333.1-ci maddəsi ilə nəzərədə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, (............) 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə edilir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 333.2-cü maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir; Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə təqdim olunmuş materialları, barəsində inzibati icraat aparılan şəxsin izahatlarını və onun tərəfindən təqdim edilmiş sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək, toplanmış sübutlar məcmusunu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə uyğun olaraq öz daxili inamı ilə qiymətləndirərək bu qənaətə gəlir ki, Şəxs İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün tam və birmənalı sübutunu tapmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməməsi barədə izahatına və onun tərəfindən təqdim edilmiş sonrakı tibbi müayinə sənədinə tənqidi yanaşır və həmin dəlilləri inzibati məsuliyyətdən yayınmağa yönəlmiş müdafiə mövqeyi kimi qiymətləndirir. Məhkəmənin bu mövqeyi aşağıdakı hüquqi və faktiki əsaslarla şərtləndirilir: İnzibati xətanın törədildiyi an, yəni 01 aprel 2025-ci il tarixdə saat 22:41-də səlahiyyətli orqan tərəfindən xüsusi texniki vasitə ilə aparılmış yoxlama nəticəsində Şəxs nəfəsində 0,715 promil alkoqol aşkar edilmişdir. Bu göstərici, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndi ilə müəyyən edilmiş 0,3 promillik yol verilən həddi əhəmiyyətli dərəcədə aşır. Həmin Qaydalara əsasən bu, şəxsin sərxoşluq vəziyyətində olmasını müəyyən etmək üçün kifayət edən imperativ normadır. Məhkəmə üçün hüquqi əhəmiyyət kəsb edən əsas məqam, şəxsin məhz nəqliyyat vasitəsini idarə etdiyi andakı vəziyyətidir ki, bu da həmin ilkin, obyektiv və texniki sübutla təkzibedilməz şəkildə təsdiqini tapır. Şəxs ilkin protokolda öz dəstxətti ilə yazdığı və spirtli içki qəbul etməsini etiraf edən, tibbi müayinəyə ehtiyacı olmadığını bildirən ifadəsi, onun törətdiyi əməli sərbəst iradə ifadəsi olaraq ilkin etirafını təşkil edir və xüsusi texniki vasitənin göstəricilərini bir daha təsdiqləyən mühüm sübut kimi qiymətləndirilir. Barəsində inzibati icraat aparılan şəxs tərəfindən təqdim edilən və ilkin yoxlamadan təxminən iki saat sonra, saat 00:53-də aparılmış tibbi müayinə nəticəsində qanda alkoqolun 0.00 % olması faktı, ilkin sübutun mötəbərliyini şübhə altına almır. Məhkəmə nəzərə alır ki, insan orqanizmi zaman keçdikcə alkoqolu metabolizmə uğradır və onun qandakı miqdarı tədricən azalır. İlkin yoxlama anı ilə sonrakı tibbi müayinə arasında keçən zaman müddəti alkoqolun bədəndən xaric olması üçün kifayət edə bilər. Buna görə də, sonrakı müayinənin nəticəsi, şəxsin nəqliyyat vasitəsini idarə etdiyi anda sərxoş olmaması demək deyildir və ilkin, bilavasitə hadisə yerində toplanmış obyektiv sübutu təkzib etmək üçün yetərli hüquqi qüvvəyə malik deyil. İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin tələbi, təqsirliliyin sübuta yetirilməsi yükünün səlahiyyətli orqanın üzərinə qoyulmasıdır ki, bu da hazırkı işdə ilkin protokolla və texniki vasitənin göstəriciləri ilə təmin edilmişdir. Sonradan yaranmış ziddiyyətli vəziyyət isə şübhə yaratmır, çünki sübutlar fərqli zaman kəsiklərindəki vəziyyəti əks etdirir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri DYPİ-nin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs İXM-nin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi faktı müəyyən olunmuşdur. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra bir il müddətində, yəni 01 aprel 2025-ci il tarixdə eyni xarakterli inzibati xətanın yenidən törədilməsi, onun əməlinin məhz İXM-nin 333.2-ci maddəsi ilə tövsif edilməsinin doğruluğunu tam təsdiq edir. Bu, şəxsin əvvəlki inzibati tənbehdən nəticə çıxarmadığını və onun ictimai təhlükəlilik dərəcəsinin artdığını göstərən ağırlaşdırıcı hal kimi deyil, məhz xətanın tövsifedici əlaməti kimi qiymətləndirilir. İnzibati xəta haqqında protokolda Şəxs əməllərinin həm də İXM-nin 329.3-cü maddəsi ilə tövsif edilməsi məsələsinə gəlincə, məhkəmə qeyd edir ki, İXM-nin 43.1-ci maddəsi ilə müəyyən edilmiş məhkəmələrin baxdığı işlərin siyahısına həmin maddədə nəzərdə tutulan inzibati xəta daxil deyil. Bu səbəbdən, məhkəmə öz səlahiyyətləri çərçivəsində hərəkət edərək, yalnız İXM-nin 333.2-ci maddəsi ilə olan ittihama hüquqi qiymət verir. İXM-nin 329.3-cü maddəsi ilə bağlı məsələyə baxılması üçün müvafiq materialların aidiyyəti üzrə səlahiyyətli orqana (X2 İdarəsinə) göndərilməsi zəruridir. Məhkəmə, İXM-nin 9.1-ci maddəsinə uyğun olaraq tənbehin təyinində ədalətlilik prinsipini rəhbər tutaraq, Şəxs törətdiyi əməlin yüksək ictimai təhlükəliliyini, onun təkrarən sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməklə digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün yaratdığı real təhlükəni, habelə qanunun tələblərinə şüurlu şəkildə etinasız yanaşmasını nəzərə alır. Məhkəmə, onun əməlində İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən etməmişdir. Bu səbəblərdən, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 333.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə yanaşı, inzibati cərimə növündə tənbehin tətbiq edilməsi törədilmiş xətanın xarakterinə mütənasibdir və tərbiyəvi məqsədlərə nail olmaq üçün zəruridir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə Şəxs İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməli, İXM-nin 329.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 30, 43, 114, 115, 128-13, 333.1 və 327.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin Şəxs İXM-nin 329.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə göndərilsin. Qərarın inzibati cərimə növündə tənbeh tədbirinə dair icrası şəxsin qeydiyyat yeri üzrə icra qurumuna, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinə dair icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi X3 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar