Məhkəmə qərarları › İş №3(005)-2303/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2303/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2303/2025 15.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X1, Müdafiəçi “Verdiktum” vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Y/Suraxanı qəsəbəsi, Sabir küç, 17 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:29-da “X5 markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman Bakı şəhəri DYP Yol patrul xidməti inspektoru X2 tərəfindən saxlanılmış, Narkoloji Mərkəzdə müayinə zamanı Şəxs narkotik vasitədən istifadə etməsi aşkar edilmişdir. Bununla da ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə məsuliyyət nəzərdə tutan İXM-nin 333-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X2 protokolun məzmununa uyğun izahat verərək qeyd etdi ki, 24 iyun 2025-ci il tarixdə saat 17 radələrində xidmətdə olarkən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə edən Şəxs özünü şübhəli aparmasını, hərəkətlərinin adekvat olmamasını görüb idarə etdiyi avtomobili saxlatdırmış, sürücünün danışığında və digər hərəkətlərində narkotik təsiri altında olmasından şübhələnərək onu idarəetmədən kənarlaşdırıb narkoloji müayinəyə aparmışdır. Respublika Narkoloji Mərkəzdə aparılmış müayinə zamanı vətəndaşın narkotik sərxoşluğu vəziyyətində olması aşkar edilmişdir. Bu səbəbdən nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilmiş, vətəndaşın sürücülük vəsiqəsi götürülərək özü də 17-ci polis şöbəsinə təhvil verilmişdir. Vətəndaş səmimi şəkildə narkotik vasitə istifadə etdiyini etiraf etmiş, hər hansı narazılıq etməmişdir. Lakin, polis şöbəsindən çıxdıqdan sonra çağırışlardan yayınmış və onun olduğu yeri müəyyən etmələri mümkün olmamışdır. Bu səbəbdən protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, hazırda “General-auto-company” şirkətində işləyir və şəhərdaxili ümumi istifadədə olan avtobusu istifadə edir. 24 iyun tarixində axşam saat 17 radələrində olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və narkoloji müayinəyə getmələri olduğu bildirilmişdir. Həmin polis əməkdaşları ilə birlikdə Respublika Narkoloji Mərkəzinə getmiş və orada tibbi müayinədən keçmişdir. Müayinəyə gedərkən hər hansı narahatçılığı olmamış, özündə hər hansı narkotik vasitə aşkar edilməyəcəyindən əmin olmuşdur. Lakin, müayinədən sonra onun narkotik vasitəsi istifadə etməsi bildirilmiş, bundan təəccüb hissi keçirmişdir. Çünki, həmin gün narkotik vasitə istifadə etməmişdir. Daha sonra 17-ci polis şöbəsinə təhvil verilmiş və orada bir gün müddətində saxlanılmışdır. Növbəti gün buraxılmış və evinə getmişdir. Daha sonra məhkəmədən iclas barədə məlumat daxil olmuş və iclasda iştirak etmişdir. Qeyd etmişdir ki, arabir narkotik vasitə olan marixuana istifadə edir, lakin sonuncu dəfə nə zaman istifadə etdiyini xatırlamır. Hadisə günü istifadə etməmiş, narkotik vasitə istifadə edərək avtobusu idarə etməmişdir. Himayəsində dörd azyaşlı uşağı və xəstə anası vardır. Qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirdi ki, müdafiə etdiyi şəxs protokolda göstərilən tarixdə, yəni 24 iyun 2025-ci il tarixdə 6 dəfə avtobus reysində olub, həmin vaxt azyaşlı uşağı da yanında olub. Hadisə günü narkotik sərxoşluğu altında olmamış, protokol isə düzgün tərtib olunmamışdır. Polis əməkdaşlarının onu saxlama səbəbi qeyrimüəyyən olmuş, təqdim edilən rəydə həkim tərəfindən səhv olaraq polinarkotik sərxoşluğu vəziyyəti qeyd edilmişdir. Lakin, bu real vəziyyətə uyğun gəlmir. Belə ki, həmin diaqnoz kifayət qədər ağır bir diaqnozdur. Bundan əlavə vətəndaş barəsində protokol tərtib edildiyi gün məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən protokolun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 24 iyun 2025-ci il tarixli, 1/970 nömrəli Aktdan görünür ki, Şəxs 24 iyun 2025-ci il tarixdə, saat 17:45 radələrində tibbi müayinədən keçmiş və “polinarkotik” sərxoşluq vəziyyətində olması aşkar olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 333-1.4-cü maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun: 37-ci maddəsinin İ hissəsinin 6-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 3.3-cü maddəsinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş üzrə toplanmış və məhkəmə iclasında hərtərəfli, tam və obyektiv şəkildə tədqiq edilmiş sübutlar məcmusunu qiymətləndirərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini tam sübuta yetirilmiş hesab edir və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli hüquqi və faktiki əsasların mövcudluğu qənaətindədir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisinin irəli sürdüyü dəlillərə tənqidi yanaşır və onları aşağıdakı səbəblərə görə əsassız hesab edir: Şəxs hadisə günü narkotik vasitənin təsiri altında olmaması barədə izahatı, iş üzrə mötəbər sübut olan "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi"nə dair 24 iyun 2025-ci il tarixli, 1/970 nömrəli aktla tamamilə təkzib olunur. Həmin akt, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın tələblərinə uyğun tərtib edilmiş rəsmi sənəddir və onun 3.3-cü bəndinə əsasən, şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin izinin aşkar edilməsi onun sərxoş hesab edilməsi üçün kifayət edən imperativ normadır. Şəxs özü də arabir narkotik vasitədən istifadə etdiyini səmimi şəkildə etiraf etməklə, tibbi müayinənin nəticələrinin doğruluğunu dolayısı ilə təsdiq etmiş olur. Onun himayəsində azyaşlı uşaqlarının və xəstə anasının olması faktı isə, təəssüf doğurmaqla yanaşı, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini azaltmır və inzibati məsuliyyətdən azad etmə üçün hüquqi əsas yaratmır. Müdafiəçinin protokolun düzgün tərtib edilməməsi və tibbi rəydə qeyd olunan "polinarkotik sərxoşluq" diaqnozunun reallığa uyğun olmaması barədə arqumentləri subyektiv mülahizədən ibarətdir və hər hansı mötəbər sübutla, o cümlədən alternativ tibbi aktla təsdiqini tapmır. Məhkəmə, İXM-nin 76.1-ci maddəsinə əsasən, sübut kimi qəbul edilən tibbi müayinə aktının məzmununu şübhə altına almaq üçün heç bir əsas müəyyən etməmişdir. Müdafiəçinin, inzibati xəta törətmiş şəxsin protokol tərtib edildiyi gün məhkəməyə təqdim edilməməsi ilə bağlı prosessual pozuntuya dair dəlilinə gəldikdə, məhkəmə qeyd edir ki, İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə, məhkəməyə daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə ən geci 48 saat keçənədək baxılır. Lakin bu normanın icrası üçün zəruri şərt (conditio sine qua non) inzibati xətanı törətmiş şəxsin səlahiyyətli orqan tərəfindən məhkəməyə faktiki təqdim olunmasıdır. İş materiallarından və protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin izahatından göründüyü kimi, Şəxs polis şöbəsindən buraxıldıqdan sonra çağırışlardan yayınmış, onun məhkəməyə təmin edilməsi yalnız 15 iyul 2025-ci il tarixində, yəni məhkəmənin təşəbbüsü ilə mümkün olmuşdur. Məhkəmə isə, öz növbəsində, nəzərdə tutulmuş vaxtda və şəxsin iştirakı ilə iclas təyin edərək işə baxılmasını təmin etmişdir. İşin mahiyyətinə gəldikdə, məhkəmə müəyyən edir ki, Şəxs əməli İXM-nin 333-1.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın bütün obyektiv və subyektiv əlamətlərini tam ehtiva edir. Belə ki, o, ümumi istifadədə olan nəqliyyat vasitəsini (şəhərdaxili avtobusu) idarə etmək hüququ olan şəxs olaraq, sərnişin daşıyarkən narkotik vasitələrin təsiri altında sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmişdir. Bu hərəkət, təkcə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 6-cı bəndinin kobud şəkildə pozulması deyil, həm də sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün xüsusilə yüksək təhlükə mənbəyi yaratmışdır. İXM-nin 9.1-ci maddəsinə uyğun olaraq, tətbiq edilən tənbeh törədilən xətanın xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalıdır. Məhkəmə, Şəxs törətdiyi əməlin ictimai təhlükəliliyinin yüksək dərəcəsini, onun peşə fəaliyyəti ilə bağlı olaraq sərnişinlərin təhlükəsizliyinə birbaşa məsuliyyət daşıdığı halda bu məsuliyyəti kobud şəkildə pozmasını, habelə himayəsində azyaşlı övladlarının olmasına baxmayaraq, öz hərəkətlərinin mümkün fəsadlarını dərk etməməsini nəzərə alaraq, onun barəsində İXMnin 333-1.4-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə yanaşı, inzibati həbs növündə tənbehin tətbiqini zəruri və ədalətli hesab edir. Bu tənbeh, həm cəzalandırma, həm də gələcəkdə bu cür hüquq pozuntularının qarşısının alınması (xüsusi və ümumi preventiv) məqsədlərinə xidmət edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, eləcə də 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran halları müəyyən etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43,48-51,114,128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla barəsində 01 (bir) ay müddətinədək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 15 iyul tarixdən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan X3 Saxlama Məntəqəsinə və Nərimanov RPİ-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar