Məhkəmə qərarları › İş №3(005)-2311/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2311/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2311/2024 05.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X3 nümayəndəsi X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 12 fevral 2024-cü il tarixli, 00100/00344 saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 12 fevral 2024-cü il tarixli, 00100/00344 saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, adına Türkiyə Respublikasından 34GMH150/34FSB693 nömrə nişanlı yük avtomaşınında xx.xx.2023-cü il tarixində, saat 02:14-də Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş malları **********2668 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan etmişdir. Bildirir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən mallar gömrük ərazisinə gəlməzdən əvvəl gömrük orqanlarına elektron olaraq qısa idxal bəyannaməsi vermişdir. 34GMH150/34FSB693 nömrə nişanlı yük avtomaşında xx.xx.2023-cü il tarixdə, saat 02:14-də Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan keçmişdir. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə, saat 12:55-də qısa idxal bəyannaməsi vermişdir. Beləliklə, xx.xx.2023-cü il tarixdə, saat 14:37-də **********03253 qeydiyyat kodlu mallar Bakı Gömrük İdarəsinə daxil olmuşdur. Buradan da görünür ki, xx.xx.2023-cü il tarixində, saat 14:37-də mallar Bakı Gömrük İdarəsinə daxil olsa da, xx.xx.2023-cü il tarixində, saat 12:55-də, yəni malların Bakı Gömrük İdarəsinə daxil olmazdan 2 saat əvvəl o, qısa idxal bəyannaməsi vermişdir. Beləliklə, “malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “yaşıl dəhliz və digər sistemlərindən istifadə qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini küçməsindənən azı 1 saat əvvəl qısa gömrük bəyannaməsi verilməsi qaydasına riayət edilmişdir. Lakin, Bakı Baş Gömrük İdarəsi tərəfindən barəsində xx.xx.2024-cü il tarixli 00100-00218/24 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2024cü il tarixli 00100/00344 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Qeyd etdiklərindən göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən vaxtında qısa vergi bəyannaməsi verdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ona şamil edilməməli, barəsində yazılmış xx.xx.2024-cü il tarixli 00100/00344 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, həmin qərara əsasən yazılmış 1000 manat cərimə borcu silinməlidir. Bildirir ki, barəsində tərtib olunan protokol və qərardan xəbərsiz olmuşdur. Bu barədə xx.xx.2024-cü il tarixində Bakı şəhər Nərimanov Rayon İcra və Probasiya Şöbəsindən çağırıldıqdan sonra məlumat almışdır. İcra Şöbəsindən ona xx.xx.2024-cü il tarixində xx.xx.2024-cü il tarixli 00100/00344 saylı inzibati tənbeh vermə haqqında qərarın surətini vermişlər. Qeyd edilənlərə əsasən, Bakı Baş Gömrük İdarəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli 00100/00344 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin qərar əsasında ona yazılmış 1000 (manat) cərimə tənbeh məbləğinin silinməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən X3 nümayəndəsi X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, qərarından şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə qərarından şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxsin izahatını dinləyib məhkəmə hesab edir ki, şikayət əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati tənbeh vermə haqqında” 12 fevral 2024-cü il tarixli, 00100/00344 nömrəli qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi səxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşı X3 adına Türkiyə Respublikasından 34GMH150/34FSB693 nömrə nişanlı yük avtomaşınında 08 dekabr 2023-cü il tarixdə, saat 02:14-də Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş malların **********2668 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi lakin sözügedən yüklərə dair qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür k, Bakı Baş Gömrük İdarəsində **********2668 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 34GMH150/34FSB693 nömrə nişanlı yük avtomaşınında 08 dekabr 2023-cü il tarixdə saat 02:14-də Balakən Gömrük İdarəsinin “Mazımqara" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl qanunla müəyyən edilmiş qaydada qısa idxal bəyannaməsi gömrük orqanına verilməmiş, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni 08 dekabr 2023-cü il tarixdə, saat 12:51-də gömrük orqanına **********3470 sorğu nömrəli qısa idxal bəyannaməsi verilmişdir. Həmin qərara əsasən vəzifəli şəxs X5 Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 1000 manat məbləğində cərimə növü tədbiq edilməsi qərara alınmışdır. Məhkəmə X3 şikayət ərizəsini əsaslandırdığı xüsasatlara münasibətdə qeyd edir ki, Türkiyə Respublikasından 34GMH150/34FSB693 nömrə nişanlı yük avtomaşını ilə X3 ünvanına gələn mallar xx.xx.2023-cü il tarixdə, saat 02:14-də Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan keçdiyi vaxtdan Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş hesab edilmiş və mallar Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postuna gətirilməzdən ən azı 1 saat əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməli idi. Həmin malların Bakı Gömrük İdarəsinə hansı saatda daxil olması qanunvericiliyin tələbinə əsasən heç bir əhəmiyyət kəsb etmir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisi vahid gömrük ərazisidir. Həmin Məcəllənin 3.2-ci maddəsinə əsasən gömrük ərazisinə Azərbaycan Respublikasının quru ərazisi, daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (o cümlədən, orada yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanı daxildir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə hesab edir ki, X5 qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş mallara dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməli olduğu halda, buna əməl etmədiyi üçün inzibati araşdırma aparmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi X3 Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X5 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 12 fevral 2024-cü il tarixli, 00100/00344 saylı qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 12 fevral 2024-cü il tarixli, 00100/00344 saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar