Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2313/2025 01.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı ******* nömrəli, 02 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 15000.00 ABŞ dolları məbləğində vəsaiti 02 iyun 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 15000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 03 iyun 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək qeyd etmişdir ki, hazırda protokolda qeyd edilən avans ödənişi ilə bağlı mallar ölkəyə idxal edilməmiş və ya pul vəsaitləri geri qaytarılmamışdır. Belə ki, sözügedən şirkətə ödənilmiş digər avans üzrə mallar idxal edilmiş və bəyannamə hakim Xalidə Əlisoy-a təqdim edilmişdir. Lakin, bu iş üzrə şirkət malları göndərməmişdir. Hazırda sözügedən xüsusat ilə bağlı Qazaxıstan Respublikasının Baş Prokurorluğuna müraciət etmişlər. Lakin, hələ ki, nəticə yoxdur. Qeyd olunanları nəzərə alaraq, icraata xitam verilməsini xahiş edir. Məhkəmənin sualına cavab olaraq, əvvəllər həmin şirkət ilə dəfələrlə ticarət etdiklərini, hazırkı vaxta qədər şikayət etməmələrinin səbəbini şirkət rəhbərinin də Qazaxıstanlı olması və mümkün qədər işi ləngitməsi, vaxt verməsi ilə əlaqələndirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC-nin 05 iyun 2025-ci il tarixli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, banklarda avans köçürmə aparan müştərilər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3 bəndinə əsasən Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adlaı və köçürməyə aid bütün təsdiqedici sənədləri Banka təqdim edirlər. Müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs MMC-də göstərilmişdir. 205OCT********** nömrəli debit haqqında bildirişdən görünür ki, Şəxs MMC 15000.00 ABŞ dolları məbləğində pul vəsaitini 02 mart 2023-cü il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixdə “Global Trade LLC” müəssisəsinin hesabına köçürmüşdür. 01 mart 2025-ci il tarixli, 007-25 nömrəli məktubdan görünür ki, Şəxs MMC-nin direktoru Nihad Paşayev tərəfindən Qazaxıstan Respublikası Baş Prokurorluğuna müraciət edilmişdir. Hüquqi məsələlər və məhkəmənin hüquqi mövqeyi: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının: 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə toplanmış materialları, o cümlədən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 02 iyul 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu, bank sənədlərini, Şəxs MMCnin nümayəndəsinin və vəkilinin məhkəmə iclasındakı izahatını, habelə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün elementləri mövcuddur. İşin materiallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 02 iyun 2023-cü il tarixdə 15,000.00 ABŞ dolları məbləğində valyuta vəsaitinin avans ödənişi kimi xarici tərəfdaşa köçürülməsi faktı mübahisəsizdir. Azərbaycan Respublikası Mərkəzi X2 qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinin imperativ tələbinə əsasən, rezident qabaqcadan ödənişin aparıldığı gündən 2 (iki) il müddətində ya malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini banka təqdim etməli, ya da ödənilmiş valyuta vəsaitinin geri qaytarılmasını təmin etməlidir. Bu öhdəliyin yerinə yetirilməməsi İXM-nin 430.4-cü maddəsi ilə məsuliyyətə səbəb olan hüquqazidd hərəkətsizlik kimi tövsif olunur. İş üzrə müəyyən edilmişdir ki, 2 illik müddət 03 iyun 2025-ci il tarixdə başa çatmış, lakin Şəxs MMC nə malların idxalını təsdiq edən sənədi banka təqdim etmiş, nə də köçürülmüş vəsaitin geri qaytarılmasını təmin etmişdir. Bu fakt hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəmə iclasında etiraf edilmişdir. Şəxs MMC-nin nümayəndəsi və vəkili, məsuliyyəti istisna edən hal kimi, xarici tərəfdaşın öhdəliklərini icra etməməsi səbəbindən Qazaxıstan Respublikasının Baş Prokurorluğuna müraciət etmələri faktına istinad etmişlər. Lakin, məhkəmə bu dəlili hüquqi şəxsi inzibati məsuliyyətdən azad edən hal kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, inzibati məsuliyyətin yaranması üçün təqsirin olması mütləq şərtdir və məhkəmələr işin bütün hallarını, o cümlədən şəxsin iradəsindən asılı olmayan səbəbləri (fors-major və s.) nəzərə almalıdırlar. Lakin, kommersiya fəaliyyətinin tərkib hissəsi olan sahibkarlıq riski fors-major halı ilə eyniləşdirilə bilməz. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs öz tərəfdaşını seçərkən və onunla müqavilə münasibətlərinə girərkən lazımi dərəcədə diqqət və ehtiyatlılıq göstərməli, müqavilənin icrasını təmin etmək üçün müvafiq təminat mexanizmlərini (məsələn, bank qarantiyası, akkreditiv və s.) nəzərdə tutmalıdır. Xarici tərəfdaşın öz öhdəliyini sadəcə icra etməməsi, əgər bu, fövqəladə və qarşısıalınmaz hadisələrlə bağlı deyilsə, adi sahibkarlıq riski hesab olunur və rezidenti valyuta nəzarəti qanunvericiliyi qarşısındakı publik-hüquqi öhdəliyindən azad etmir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, Şəxs MMC tərəfindən Qazaxıstan hüquqmühafizə orqanlarına müraciət edilməsi faktı təqdirəlayiq olsa da, bu addım özü-özlüyündə təqsiri aradan qaldırmır. Belə ki, bu müraciət 01 mart 2025-ci il tarixdə, yəni avans ödənişindən təxminən 1 il 9 ay sonra edilmişdir. Hüquqi şəxs demək olar ki, bütün 2 illik müddət ərzində öz pozulmuş hüquqlarının bərpası üçün heç bir aktiv hüquqi hərəkət etməmiş, problemin həlli üçün vaxtında və effektiv tədbirlər görməmişdir. Bu cür uzunmüddətli hərəkətsizlik, kommersiya fəaliyyətində tələb olunan lazımi qayğı və ehtiyatlılıq prinsipinin pozulmasını göstərir və culpa in omittendo (hərəkətsizlikdə təqsir) kimi qiymətləndirilməlidir. Bundan əlavə, həmin müraciətin nəticəsi barədə məhkəməyə heç bir məlumat təqdim edilməmişdir. Beləliklə, məhkəmənin daxili inamına görə, Şəxs MMC-nin əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin bütün elementləri – həm obyektiv, həm də subyektiv tərəfləri mövcuddur. Hüquqi şəxsin təqsiri, öz fəaliyyətində valyuta tənzimi qaydalarına riayət etmək və kommersiya risklərini minimallaşdırmaq üçün bütün zəruri tədbirləri görməməsində, uzun müddət hərəkətsizlik göstərməsində ifadə olunur. Məhkəmə, tətbiq ediləcək inzibati tənbehin növünü və həddini müəyyən edərkən İXM-in 9.1-ci və 31.3-cü maddələrində təsbit edilmiş ədalətlilik və mütənasiblik prinsiplərini rəhbər tutur. Xətanın xarakteri, inzibati xətanın bilavasitə obyekti olan valyuta vəsaitinin məbləği, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınaraq, məhkəmə hüquqi şəxs barəsində İXM-in 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 15000.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 3000.00 ABŞ dolları (qərar icra edilən günə manatın məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-2313/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2313/2025
01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver