Məhkəmə qərarları › İş №3(005)-2318/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2318/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2318/2024 31.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Abdurahmanlı Pınar Zakir qızının katibliyi ilə, Şikayət vermiş şəxs X2, Nərimanov Rayon Polis İdarəsinin X13i şöbəsinin yol-patrul xidməti inspektoru X5 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov rayon X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-nin Nərimanov rayon X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X7 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək, xx.xx.2024-cü il tarixli qərara görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin polis kapitanı X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 327.1-ci maddəsi ilə TP 664043S nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. O, inzibati xəta törətməmiş, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü ildə Nərimanov rayonu Z.Bünyadov prospektində Nərimanov rayon DYP şöbəsinin əməkdaşı X8 tərəfindən əsassız olaraq saxlanılmış və qeyri qanuni alkotestr aparatında keçməyə razılıq vermişdir. Nəticədə inspektor ona sərxoş olduğunu və avtomobilini cərimə meydançasına yerləşdirilməli və onun Nərimanov rayonu DYP Şöbəsinə yaxınlaşmağını bildirmişdir. Avtomobil **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili ©X14 markalı avtomobildir. Avtomobil cərimə medançasına yerləşərkən inspektor tərəfindən heç bir protokol və akt tərtib olunmamışdır. Həmin vaxt özü sərxoşluq halını müəyyən etmək üçün müayinə mərkəzində müayinədən keçmişdir. Testin nəticəsini 0.088 p miqdar çıxmışdır. Həmin testin nəticəsini yenidən DYP şöbəsinə yaxınlaşıb təqdim etsə də, DYP şöbəsi onun barəsində xx.xx.2024-cü il tarixdə 400 (dörd yüz) manat inzibati tənbeh növündə inzibati tədbiri tətbiq etmişdir. Tərtib edilmiş TP6235357 nömrəli xx.xx.2024-cü ii tarixli inzibati tənbeh vermək haqqında qərar tamamilə qanunsuzdur və o bununla bağlı Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə hakim X1 iiə 3(005)-420/2024 saylı qərar əsasında X13 Şöbəsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli TP6235357 saylı qərar ləğv olunaraq yenidən araşdırılması üçün Baş X13 İdarəsinə göndərilmişdir. Buna baxmayaraq Nərimanov Rayon Yol Polis İdarəsi yenidən adına qanunsuz olaraq eyni qərarı qəbul etmişdir onda məcburiyyət qarşısında qalıb yenidən məhkəməyə müraciət etməli olmuşdur. O qəbul olunan qərar ilə razı deyil. Onun barəsində inzibati xəta haqqında Azərbaycan Respublikası Daxiii işlər Nazirliyi Nərimanov Rayon Yol Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli TP6039494 nömrəli qərar ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmən xahiş etmişdir. Məhkəmə iclasında iştriak edən Nərimanov Rayon Polis İdarəsinin X13i şöbəsinin yol-patrul xidməti inspektoru X8 qərarın qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğunu, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Nərimanov rayon X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli TP ******* saylı inzibati protokol əsasında qəbul edilmiş tənbeh vermə haqqında qərara əsasən X7 xx.xx.2024-cü il tarixdə **-EG-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı nəqliyyat vasitəsini idadə edərkən yol nişanlarının tələblərinə riayət etməmişdir və nəticədə İXM-in 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X7 İXM-in 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 400 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-420/2024 saylı qərarından görünür ki, X2 şikayəti qismən təmin edilmiş və Nərimanov rayon X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli TP ******* saylı inzibati qərar ləğv edilmiş və işə yenidən baxılması üçün Nərimanov rayon X13 Şöbəsinə tapşırılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)- 3092/2023 saylı qərarından görünür ki, X2 İXM-in 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, şəkillərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. İXM-in 43.1-ci maddəsinə əsasən Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 189-1, 189-3.2, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 338-1, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 454-1, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517-3, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3,603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Qeyd olunan maddədən aydın olur ki, İXM-in 333-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işlərə rayon məhkəmələri tərəfindən baxılır. Göstərilənlər nəzərə alınaraq məhkəmə qeyd edir ki, Nərimanov rayon X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qərar buna səlahiyyəti olmayan qurum tərəfindən və qanunvericiliyin tələblərinə zidd formada qəbul edilmişdir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə hesab edir ki, X2 təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, təqsirsiz bilinməli və həmin inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-420/2024 saylı qərarı ilə X4 tərtib edilmiş xx.xx.2024-cü tarixli TP ******* saylı inzibati qərar ləğv edilərək araşdırılması üçün vəzifəli şəxsə qaytarılsa da, həmin qərarda qeyd olunan hallar müvafiq inzibati orqan tərəfindən araşdırılmamış nəqliyyat vasitəsinin sürücüsü tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş hansı inzibati pozuntunun törədildiyi qeyd olunmamış, sübutlar şəxsə təqdim olunmamış, həmçinin İXM-in 333.1-ci maddəsi ilə şəxs barəsində qərar qəbul edilməsi üçün protokol məhkəməyə göndərilməmişdir. Nəticədə yenidən 333.1-ci maddə ilə qərar qəbul etmək səlahiyyəti olmadan hər hansı sübuta istinad edilmədən yenidən hər iki maddə üzrə formal olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X7 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası DİN-nin Nərimanov rayon X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 333.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Azərbaycan Respublikası DİN-nin Nərimanov rayon X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar