Məhkəmə qərarları › İş №3(005)-2319/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2319/2023

25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2319/2023 25.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində İXMnin 215.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsinə dair 19 iyul 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Səhiyyə Nazirliyinin Analitik X3 Nəzarət Şöbəsinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 44B, A15 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən Şəxs MMC-yə məxsus kilinikada keçirilən plandankənar yoxlama zamanı həkim X1 şəhadətnaməsi olmadan fəaliyyət aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, qanunvericiliyin tələblərinə uyğun olaraq müəsisə barəsində plandankənar yoxlama keçirilmiş və həmin yoxlama zamanı həkim X1 şəhadətnaməsi olmadan klinikada fəaliyyət göstərməsi müəyyən edilmişdir. Bununla bağlı protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə izahatında göstərdi ki, 17 ildir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, sahibkar xanımdır. 2019-cu ildən Şəxs MMC təsisçisi və qanuni təmsilçisidir. Müəssisə rəsmi olaraq qeydiyyata alınmaqla uşaq serebral iflici xəstəliyi ilə bağlı reabilitasiya xidmətləri göstərir. Respublikada bu sahə üzrə tək ixtisaslaşdırılmış müəsisədir və illərdir bu sahədə xəstələrə xidmət göstərilir. Bundan başqa qeyd etmişdir ki, həmin xəstələrlə işləmək çətin olduğu üçün müəssisə daha çox təcrübəli həkimlərlə işləməyə üstünlük verir. Əvvəllər klinikaya xarici ölkədən həkimlər dəvət edilmiş, müxtəlif təlimlər keçirilmiş daha sonra ölkəmizdə olan mütəxəssislər də fəaliyyətə cəlb olunmuşdur. Həmçinin qanunvericiliyə uyğun fəaliyyət göstərmişlər və həkimlərin sertifikasiyadan keçmələrini hər zaman təmin etmişlər. Bildirmişdir ki, həkim X7 əvvəllər Mərkəzi Hərbi Klinik Hospitalda fəaliyyət göstərmiş, ölkədə seçilmiş, çox təcrübəli və elmi dərəcəsi olan həkimdir. X10 Akademisində oxumuş təhsil almışdır. Adıçəkilən həkim X4 Şəxs MMC-də fəaliyyət göstərməsi üçün onun sertifikasiyadan keçməli olması barədə heç bir qurum və şəxs tərəfindən ona məlumat verilməmişdir. X7 elmi dərəcəli həkim olduğundan, eləcə də Hərbi Hospitalda fəaliyyət göstərdiyindən onun sertifikasiyadan keçməsinə ehtiyac olmadığını düşünmüşlər. Həmçinin qeyd etmişdir ki, bu sahədə işləmək istəyən həkimlər çox azdır. Fəaliyyət göstərdikləri müddətdə Səhiyyə Nazirliyi tərəfindən heç bir formada məlumatlandırma olmamış, qanunsuz olaraq plandankənar yoxlama keçirmişlər və plandankənar yoxlamanın keçirilməsi barədə qərarda yoxlamada iştirak etməli olan şəxslərdən biri Bəhruz Mirzəyev olumuşdur ki, həmin şəxsin adı qərarda göstərilməmişdir. Özünün uzun müddətdir bir xanım kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olması, eləcə də ölkədə ağır xəstəlik olan serebral iflic xəstəsi olan uşaqlara xidmət göstərilməsi nəzərə alınaraq qanunsuz tərtib edilmiş protokol üzrə icrata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 18 iyul 2023-cü il tarixli, 851 nömrəli qərardan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 44B, A15 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən Şəxs MMC-nin fəaliyyətinin xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə yoxlanılması qərara alınmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən əldə edilmiş 18 iyul 2023-cü il tarixli, KY231938971 nömrəli çıxarışdan görünür ki, yoxlayıcı orqan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-də xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə plandankənar yoxlamanın keçirilməsi reyestrdə qeydə alınmışdır. X6 Plandankənar (növbədənkənar) 491 nömrəli yoxlama Aktından görünür ki, yoxlama zamanı müəssisənin nümayəndəsi iştirak etmiş və aktı imzalanmışdır. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş üzrə, eləcə də məhkəmədə verilmiş ifadələrdən də aydın olur ki, plandankənar (növbədənkənar) yoxlama zamanı Şəxs MMC-də həkim X1 şəhadətnaməsi olmadan özəl tibbi praktiki fəaliyyəti aşkar edilmişdir. Belə ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Həmin Qanuna 1 nömrəli əlavədə lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında özəl tibb fəaliyyəti qeyd edilmişdir. “Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydasının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.6-cı maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlama - yoxlamaların bu Qanunla müəyyənləşdirilmiş dövriliyi nəzərə alınmadan bu Qanunun 16-cı maddəsində göstərilən əsaslarla aparılan yoxlamadır. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir və həmin məlumatların (sənədlərin) surəti yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış sahibkarlar üçün göndərildiyi andan açıq olmalıdır. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 3-cü maddəsinə əsasən yalnız İXM ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və sair nəzərə alıb, həmçinin iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar