Məhkəmə qərarları › İş №3(005)-2320/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2320/2021

05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2320/2021 05.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 27.09.2021-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" ASC ********.00 Qazaxıstan tengəsi məbləğində vəsaiti 26.08.2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, ********.00 Qazaxıstan tengəsi məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 27.08.2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra Mərkəzi Bank) tərəfindən tərtib edilmiş 27.09.2021-ci il tarixli, EP ******* nömrəli İnzibati xəta haqqında protokol "xxxx" ASC-nin iştirakı olmadan tərtib edilmişdir. Protokol alındıqdan sonra müvafiq olaraq Mərkəzi Banka 07.10.2021-ci il tarixli 03-01/856 nömrəli məktubla (qoşmada əlavə edilib) müraciət edilmişdir. Məlum olduğu kimi, Korporasiya nəinki Azərbaycan Respublikasının hüdudları daxilində, həm də ölkəmizin hüdudlarından kənarda da bir sıra irimiqyaslı layihələr həyata keçirir. Belə ki, Korporasiyanın Qazaxıstan və Özbəkistan Respublikaları da daxil olmaqla əksər MDB ölkələrində nümayəndəlik və filialları mövcuddur. Eyni zamanda, Korporasiya həmin ölkələrdə bir sıra irimiqyaslı yol infrastrukturu layihələrinin baş podratçısıdır. Həmin layihələrdən bəziləri də məhz Qazaxıstan respublikasında həyata keçirilən yol infrastruktur layihələridir. Korporasiya 2017-ci il iyulun 20-də Qazaxıstanda Kurty-Burilbaytal yolunun inşası ilə bağlı tender çərçivəsində iki lot üzrə tenderin qalibi elan edilmiş və bu barədə məlumat müvafiq kütləvi informasiya vasitələrində məlumatlar dərc edilmişdir. Məlumat üçün bildiririk ki, qeyd edilən tikinti işlərinin maliyyə dəstəkçisi Beynəlxalq Yenidənqurma və inkişaf Bankıdır. Layihə çərçivəsində işlər hazırda da davam etdirilir. X1 qeyd edilən və 80 000 000, 00 Tenge miqdarında aparılan xarici valyuta əməliyyatı 27 iyun 2019-cu il tarixli, 23 nömrəli müqavilə əsasında "xxxx" Şirkətinə köçürülmüş, həmin şirkət isə müqavilə şərtlərinə uyğun olaraq (müqavilədə həmin malın çatdırılma yeri Qazaxıstan Respublikası qeyd edilmişdir) yol infrastrukturunun tikintisində istifadə olunan bitumu Bozoy, Jambıl rayonu Almaata, Qazaxıstan ünvanına təchiz etmişdir. Qeyd edək ki, həmin müqavilə yuxarıda adıçəkilən tender üzrə təqdim edilmiş xidmətlərin tərkib hissəsidir. Bu barədə məlumatı Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığımız 07.10.2021-ci il tarixli 03-01/856 nömrəli məktubda da qeyd etmişik. Qeyd edilən məlumatlardan da göründüyü kimi müqavilə şərtlərinə əsasən, malın Azərbaycan Respublikası ərazisinə idxal edilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə nəzərə alaraq "xxxx" ASC barədə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, "xxxx" ASC 26.12.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı ********.00 AZN təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 01.09.2021-ci il tarixli, M/04-6737 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3 maddəsinə əsasən "xxxx" ASC (VÖEN: **********) tərəfindən 26.08.2019-cu ildə Muğanbank ASC-dən 27.06.2019-cu il tarixli 23 saylı müqaviləyə əsasən köçürülən 80000000 KZT (səksən milyon KZT) məbləği üzrə YGB banka təqdim olunmamışdır. İş materiallarında olan 16.08.2019-cu il tarixli köçürmə ərizəsindən görünür ki, "xxxx" ASC 80.000.000,00 tengə məbləğində pulun xaricə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. İş materiallarında olan 27 iyun 2019-cu il tarixli, 23 nömrəli təchizat müqaviləsindən görünür ki, həmin müqavilə üzrə “İrtış-Servis-LTD” təchizatçı, "xxxx" ASC isə alıcı qismində göstərilmişdir. Həmin müqavilənin 4-cü bəndindən görünür ki, çatdırılma Təchizatçının bitum yük maınlarının çənlərində, Almatı vilayəti, Jambyl rayonu, Bozoy qəsəbəsindəki Alıcının anbarına avtomobil yolu ilə həyata keçirilir. İş materiallarında olan 27.06.2019-cu il tarixli, 23 saylı müqaviləyə 1 №-li əlavədən görünür ki, “İrtış-Servis-Ltd” 72000000,00 məbləğində neftdən hazırlanmış özlü yol bitumu məhsulunu avtonəqliyyat vasitəsilə Almatı vilayəti, Jambıl rayonu, Bozoy qəsəbəsi ünvanına çatdırır. İş materiallarında olan 27.06.2019-cu il tarixli, 23 saylı müqaviləyə 2 №-li əlavədən görünür ki, “İrtış-Servis-Ltd” 75000000,00 məbləğində neftdən hazırlanmış özlü yol bitumu məhsulunu avtonəqliyyat vasitəsilə Almatı vilayəti, Jambıl rayonu, Bozoy qəsəbəsi ünvanına çatdırır. İş materiallarında olan 12.08.2019-cu il tarixli ehtiyatların tərəfə buraxılışına dair qaimədən görünür ki, 7757794.29 tengə məbləğində məhsul “İrtış-Servis-LTD” tərəfindən "xxxx" ASC-nin filialına göndərilmişdir. İş materiallarında olan 25.08.2019-cu il tarixli elektron faktura sənədindən görünür ki, məhsulun “İrtış-Servis-LTD” tərəfindən "xxxx" ASC-nin filialına göndərilməsi üzrə 7757794.29 tengə məbləğində vəsait hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 45/1 nömrəli, 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.4-1-ci bəndinə əsasən rezidentlər tərəfindən beynəlxalq tenderlərin nəticələrinə müvafiq olaraq həyata keçirdikləri layihələrlə bağlı malların layihə həyata keçirilən xarici ölkəyə tədarük edilməsi məqsədilə köçürmələr Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada həyata keçirilən köçürmələrin bir növü hesab olunur. Məhkəmə iş hallarını tam, hərtərəfli və obyektiv qiymətləndirərək hesab edir ki, "xxxx" ASC tərəfindən beynəlxalq tenderin nəticəsinə uyğun olaraq həyata keçirdikləri layihə ilə əlaqədar xarici ölkəyə müvafiq malları tədarük etmək məqsədilə köçürmələr aparmış, həmin köçürmələr hesabına əldə olunan mallar ASC-nin xarici olkədəki filialı tərəfindən qəbul olunmuşdur. Bu fakt "xxxx" ASC tərəfindən təqdim edilmiş müqavilə, hesab-faktura və ödənişin təyinatını, məbləğini və alınan mallar barədə məlumatı özündə əks etdirən digər sənədlərlə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə, "xxxx" ASC tərəfindən törədilən əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin mövcud olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən pulun müqabilində malların idxal edilməməsi kimi hərəkətlər edilmədiyindən onun İXM-in 430.4-cü maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan "xxxx" ASC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən "xxxx" ASC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib edilmiş EP seriyalı ******* nömrəli, 27 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar