Məhkəmə qərarları › İş №3(005)-2320/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2320/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2320/2024 05.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət verən şəxs X11 vəkili X5 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən qəbul edilmiş 18 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X11 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X18 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən qəbul edilmiş 18 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmə əsası ilə barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək "xxxx" Firmasının direktoru olaraq vəzifəli şəxs kimi 3000 (üç min) manat inzibati cərimə cəzası tətbiq edilmişdir. Eyni əsasla direktoru olduğu "xxxx" Firması barəsində hüquqi şəxs qismində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati protokol tərtib edilərək baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2024cü il tarixli 3(005)-2074/2024 nömrəli qərarı ilə "xxxx" Firmasının əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində MN seriyalı ******* nömrəli, 03 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilmişdir. X15 Xidməti Bakı şəhər İdarəsi işə baxarkən ilkin olaraq nəzərə almamışdır ki, müfəttişləri tərəfindən barəsində tərtib edilmiş protokol bir neçə səbəbdən qanunsuzdur. Hesab edir ki, vəzifəli şəxs kimi onun əməlində inzibati xəta tərkibi olmadığı üçün məsuliyyətdən azad olunmalıdır, qanunsuz və əsassız olduğuna görə X15 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati protokolu əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən vəzifəli şəxs kimi barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X6, X8 və X9 əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə olmadan hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. Bildirir ki, rəhbəri olduğu "xxxx" Firması işğaldan azad edilmiş Zəngilan rayonunda inşaat işləri aparır. Bununla əlaqədar "xxxx" Firması tərəfindən şirkətlər ilə subpodrat müqavilələri bağlanmışdır. "xxxx" Firması ilə "xxxx" Şirkəti arasında da Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı, 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi layihəsi üzrə 26 aprel 2024-cü il tarixli HİF/İE/PM/21/2024 nömrəli Subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.2.3cü bəndinə müvafiq olaraq, subpodratçı işə cəlb etdiyi bütün işçilərlə fərdi əmək müqaviləsinin bağlanmasını təmin edir və onların əmək münasibətlərini tənzimləyir. Əmək müqaviləsi bildirişlərinin surətlərini və işə cəlb etdiyi işçiləri siyahısını “Podratçı”ya təqdim edir. Siyahı üzrə işə cəlb etdiyi işçilərdən başqa kənar şəxslərin işə cəlb olunması, inşaat meydançasına buraxılması qəti qadağandır. İşlərin icrası zamanı baş verə biləcək bütün növ bədbəxt hadisələrə görə “Subpodratçı” məsuliyyət daşıyır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" Şirkəti X8 və X2 “dəmirçi” vəzifəsinə, X12 isə “qəlibçi” vəzifəsinə işə qəbul etmiş, onlarla xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlamışdır. Əmək müqavilələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” alt sisteminə yerləşdirilmişdir. Bundan sonra X8 və X9 əmək müqaviləsinə xx.xx.2024 cü il tarixdə, X1 əmək müqaviləsinə isə xx.xx.2024-cü il tarixində xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. Bu bildirişlər sistemə X8 və X13 münasibətdə xx.xx.2024-cü il tarixində, X3 münasibətdə isə xx.xx.2024-cü il tarixlərində daxil edilmişdir. Vəzifəli şəxs qismində onun İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin pozulmasında təqsirli bilindiyi iş icazəsi alınmış işçilər "xxxx" Şirkətinin işçiləri olmuş, yalnız bu işçilərə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən iş icazəsinin alınması və ya icazənin ləğv edilməsi rəhbəri olduğu "xxxx" Firması tərəfindən həyata keçirilmişdir. Hünər-İnşaat” Firması əmək müqaviləsi bağlanması ilə bağlı subpodratçı "xxxx" Şirkətinin təqdim etdiyi əmək müqaviləsi bildirişlərini və siyahını nəzərə alaraq, bu işçilərə iş icazəsi almaq üçün aidiyyəti üzrə müraciət etmişdir. Bu işçilərin əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə olmadan hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədə tərtib olunmuş inzibati mahiyyət daşıyan prosesual sənədlərin heç bir hüquqi əsası yoxdur. "xxxx" Şirkəti tərəfindən təqdim olunmuş 27 may 2024-cü il tarixli və 29 may 2024-cü il tarixli təqdimatdan görünür ki, "xxxx" Şirkətində “dəmirçi” vəzifəsinə işə qəbul edilmiş X6, X8 və “qəlibçi” vəzifəsinə işə qəbul edilmiş X16 ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlamasına baxmayaraq iş şəraiti onları qane etmədiyi üçün ümumiyyətlə işə çıxmamışlar. Bu səbəbdən "xxxx" Şirkətinin rəhbərliyinə həmin şirkətin sahə rəisi tərəfindən onların əmək müqaviləsinə işə götürüldüyü gündən xitam verilməsi üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. Təqdimatdan da göründüyü kimi sözügedən işçilər 26 aprel 2024-cü il tarixli HİF/İE/PM/21/2024 nömrəli subpodrat müqaviləsi əsasında "xxxx" Şirkəti tərəfindən işə qəbul olunaraq adlarına iş icazəsi alınsa da, hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişlər. İş üzrə müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı mövcud deyildir. Vəzifəli şəxs qismində onun əməlində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. X15 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Beləliklə iş inzibati icraat qanunvericiliyin tələblərinin pozulması ilə aparılmışdır. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən onun barəsində inzibati protokol, eləcə də inzibati qərar qəbul edilərkən nə subpodrat təşkilat olan "xxxx" Şirkətinin nümayəndələrinin, nə X6, X8 və X9, nə də vəzifəli şəxs qismində onun iştirakı təmin olunmamış, izahatları alınmamışdır. X15 Xidməti həm inzibati xəta haqqında protokol tərtib edərkən, həm də inzibati xəta haqqında işə baxıb qərar qəbul edərkən səhvlərə yol verməklə, eləcədə müdafiə hüququnun pozulması ilə qanunsuz və əsassız qərar qəbul etmişdir və bu qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X11 vəkili X7 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, qərarından şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə qərarından şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən qəbul edilmiş 18 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, vətəndaşlar X8, X16, X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə onun barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2074/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" Firmasının əməlində Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində MN seriyalı ******* nömrəli, 03 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, həmin protokola dair inzibati xəta haqqında iş üzrə icraata Hünər-İnşaat” Firmasının inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X11 18 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməli, onun əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Hazırki şəraitdə iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" Firmasının direktoru X18 işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin əməlin hüquqi şəxs "xxxx" MMC tərəfindən törədilməsinə dair Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Lakin, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-2074/2024 saylı qərarı ilə həmin inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Beləliklə aydın olur ki, X18 işçilərin əmək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsindən ibarət eyni əmələ görə iki subyektin, yəni həm hüquqi şəxs, həm də onun vəzifəli şəxsi məsuliyyətə cəlb edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilir ki, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Məhkəmə, indiki vəziyyətdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-2074/2024 saylı qərarı ilə X6, X8 və X9 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinə görə "xxxx" Firmasının barəsində tərtib edilmiş protokol üzrə inzibati xəta tərkibi olmadığından icraata xitam verilməsini, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-2074/2024 saylı qərarının qanuni qüvvəsini almasını və həmin qərarın hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməsini nəzərə alır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X11 əməlində inzibati xəta tərkibi olmadığından, onun şikayəti təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin rəis müavini X10 tərəfindən qəbul edilmiş 18 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X11 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X11 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin rəis müavini X10 tərəfindən qəbul edilmiş 18 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar