Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2320/2025 01.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Vəliyev Mahir Tahir oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Bakı Baş Gömrük İdarəsindən daxil olmuş EP seriyalı, ******* nömrəli, 25 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına **********8301 sorğu nömrəli, gömrük bəyannaməsi ilə Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Bununla da Şəxs MMC barəsində İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 qeyd etmişdir ki, şirkət tərəfindən qısa idxal bəyannaməsi təqdim edilmişdir. Bu səbəbdən icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş səlahiyyətli orqanın nümayəndəsi BBG-nin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X2 izahatında qeyd etmişdir ki, protokolu özü tərtib etmiş, habelə araşdırmanı da özü aparmışdır. Şəxs MMC tərəfindən qısa idxal bəyannaməsi vaxtında və düzgün formada təqdim edilməmiş, mallar ölkəyə gəlməmişdən 1 saat əvvəl bəyannamə verilməli olduğu halda, təxminən 2 saat-dan artıq müddət sonra verilmişdir. Bununla da inzibati xəta törədilmişdir. Protokolu müdafiə edir və inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına göndərilən 08AG624 nömrəli avtomobil nəqliyyat vasitəsilə gələn yük **********8301 saylı gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Lakin idxalatçı tərəfindən 40-cı qrafa qısa idxal bəyannaməsi təqdim olunmayıb. Şəxs MMC tərəfindən qısa idxal bəyannaməsinin gömrük orqanlarına təqdim edilməməsi, qısa idxal bəyannaməsinin göstərilməməsi, Şəxs MMC tərəfindən təqdim edilmiş **********8301 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında da öz əksini tapmışdır. Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən rəsmiləşdirilmək üçün sorğu xx.xx.2025-ci il tarixdə saat 22:26-da göndərilmişdir. Fotoşəkildən görünür ki, ** AG *** dövlət qeydiyyat nişanlı avtomobil ölkə ərazisinə xx.xx.2025-ci il tarixdə saat 20:49-da daxil olmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanın 2.2ci bəndinə əsasən, ən azı 01 (bir) saat əvvəl verilməlidir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə toplanmış materialları, o cümlədən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 25 iyun 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu, işə əlavə edilmiş raportu, gömrük bəyannaməsinin elektron çıxarışını, nəqliyyat vasitəsinin gömrük ərazisinə daxil olma anını əks etdirən fotoşəkili, tərəflərin məhkəmə iclasındakı izahatlarını, habelə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün elementləri mövcuddur və onun inzibati məsuliyyətə cəlb edilməsi qanuni və əsaslıdır. İXM-nin 485.2-ci maddəsinin dispozisiyası, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə məsuliyyət müəyyən edir. “Malların və nəqliyyat vasitələrin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndi bu tələbi daha da konkretləşdirərək, bəyannamənin mallar gömrük ərazisinə gətirilməzdən ən azı bir saat əvvəl verilməli olduğunu imperativ qaydada təsbit edir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin gömrük ərazisinə daxil olma vaxtını əks etdirən fotoşəkil və gömrük bəyannaməsi üzrə elektron çıxarış müqayisəli təhlil edildikdə, inzibati xətanın obyektiv cəhəti təkzibedilməz şəkildə sübuta yetirilir. Belə ki, ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi gömrük ərazisinə 16 may 2025-ci il, saat 20:49-da daxil olduğu halda, qısa idxal bəyannaməsi yalnız saat 22:26-da, yəni təxminən 1 saat 37 dəqiqə sonra təqdim edilmişdir. Halbuki, həmin bəyannamə mallar ölkə ərazisinə daxil olmazdan 1 saat əvvəl, yəni 19:49-a kimi verilməli idi. Hüquqi şəxsin nümayəndəsinin bəyannamənin təqdim edildiyinə dair iddiası, xətanın mahiyyətini dəyişdirmir, çünki qanun pozuntusunun tərkibini yaradan əsas element bəyannamənin ümumiyyətlə verilməməsi deyil, onun məhz qanunla müəyyən edilmiş müddətdən əvvəl verilməməsidir. Qanunvericiliyin tələbinin bu şəkildə pozulması, özlüyündə tamamlanmış inzibati xəta tərkibini yaradır. İnzibati xətanın subyektiv cəhəti olan təqsir məsələsinə gəldikdə isə, məhkəmə hesab edir ki, xarici iqtisadi fəaliyyətin peşəkar iştirakçısı olan Şəxs MMC-nin təqsiri, öz fəaliyyətinin düzgün təşkil edilməməsində və qanunvericiliyin imperativ tələblərinə riayət etmək üçün bütün zəruri tədbirləri görməməsində ifadə olunur. MMC gömrük qanunvericiliyinin tələblərini bilməyə və onlara riayət etməyə borcludur. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Məhkəmə, inzibati tənbeh tədbiri tətbiq edərkən, İXM-nin 31.3-cü maddəsinin tələblərini rəhbər tutur. İşin halları araşdırılarkən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakteri və ictimai təhlükəliliyi nəzərə alınmalıdır. Qısa idxal bəyannaməsinin vaxtında verilməməsi gömrük orqanlarının risklərin idarə olunması sisteminin effektiv fəaliyyətini pozur, qanunsuz malların dövriyyəsinin qarşısının alınması üçün həyata keçirilən preventiv nəzarətə mane olur və dövlətin iqtisadi təhlükəsizliyinə potensial təhdid yaradır. Bu isə törədilmiş əməlin ictimai təhlükəliliyinin yüksək olduğunu göstərir və sanksiya həddində nəzərdə tutulmuş cərimənin tətbiqini əsaslandırır. Bütün bu halların məcmusunu qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMCnin İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinməsi və barəsində həmin maddənin sanksiyası çərçivəsində cərimə növündə inzibati tənbehin tətbiqi ədalətli, qanuni və törədilmiş xətanın ictimai təhlükəlilik dərəcəsinə mütənasib olacaqdır. Yuxarıda göstərilənlərə və İXM-nin 31, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-2320/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2320/2025
01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver