Məhkəmə qərarları › İş №3(005)-2321/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2321/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2321/2024 06.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1 iştirakı ilə, "xxxx" QSC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələri ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" QSC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələri ilə EP seriyalı ******* nömrəli, 24 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 24 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" QSC-də xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərində aparılmış hərtərəfli yoxlama (xx.xx.2022 – xx.xx.2023-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2 protokolun məzmununa uyğun çıxış edərək vəzifəli şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, "xxxx" QSC-nin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulan əməlin törədilməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, vəzifəli şəxs Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli, 04-K nömrəli əmrdən görünür ki, Şəxs - 13 iyul 2023-cıi il tarixindən 6 (altı) ay müddətinə vəzifə maaşı ştat cədvəlinə uyğun olmaqla "xxxx" QSC-nin direktor vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Rəna Məlikovaya ünvanlanmış 09 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində "X3 Şirkəti" QSC-də xx.xx.2022 - xx.xx.2023-cü il dövrlərini əhatə etməklə hərtərəfli yoxlama çərçivəsində qiymətli kağızlar bazarı haqqında qanunvericilik və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahələri qiymətləndirilmişdir. Yoxlanılan dövr ərzində qanunvericiliyin bir sıra müddəalarının pozulması faktları aşkarlanmış və həmin faktlar yoxlama hesabatında əks etdirilmişdir. Yoxlama nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 100.3-cü, 107.1.4-cü, 107-9.1-ci və 107-12.1-ci maddələrinin, “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 31.7-ci, 31.9-cu, 32.2-ci, 32.3-cü, 33.3-cü, 38.11-ci, 61.12-ci, 63.1-2-ci, 63.1.6-cı və 63.2-ci maddələrinin, “İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın 3.4-cü, 3.5-ci, 13-cü, 17.1ci və 19.1-ci bəndlərinin, “İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qaydalar”nın 5.9.4-cü bəndinin, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydalan”nın 2.13-cü bəndinin, “Maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması qaydalan”nın 11.1-ci bəndinin, eləcə də “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 4.4.1-ci, 4.4.4-cü, 4.5.1-ci, 4.10-cu, 4.6.3-cü, 10.1.1-ci, 10.1.2-ci, 10.1.4-cü, 10.1.5-ci və 21.7-ci maddələrinin tələblərinin pozulması halları müəyyən edilmişdir (anoloji tələblər xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş “Cinayət yolu əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu”nun müvafiq olaraq 9.12.1-ci, 9-2-ci, 9.2-ci, 12.1.1-ci, 12.1.8-ci, 12.1.4-cü, 12.1.7-ci, 12.1.1-1-ci maddələrindədə mövcuddur). Bununla yanaşı, İnvestisiya şirkəti tərəfindən yoxlama zamanı müştərisinə dair təhrif olunmuş sənədlərin yoxlama qrupuna təqdim edilməsi halı baş vermişdir. Eyni zamanda İnvestisiya şirkətində qeyd edilən pozuntularla bağlı məsuliyyət daşıyan əsas şəxsin şirkətin İcraçı direktoru olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq müvafiq pozuntular üzrə inzibati xətanın törədilməsi zamanı investisiya şirkətində buna məsul olan vəzifəli şəxs şirkətin İcraçı direktoru Şəxs (FİN kod: xxxxxxx) İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci (investisiya şirkəti fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə), 598.1.1-ci (maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə), 598.1.2-ci (maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə) və 602.4 Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə maddələri üzrə inzibati məsuliyyətə cəlb edilməsini təklif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 24 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və Azərbaycan Respublikasının Mərkəzi Bankı Kapital bazarı fəaliyyətinə nəzarət departamentinin yoxlama haqqında hesabatından görünür ki, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanunun 4.4.1-ci, 4.4.4-cü 4.5.1-ci və 4.10-cu maddələrinə görə (anoloji tələb aşağıda göstərilən xətalar törədilən zaman qüvvədə olmuş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (PL/TMM) Qanunun 9-2-ci maddəsində göstərilmişdir) öhdəlik daşıyan şəxslər bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müştərini eyniləşdirməli, müştərinin eyniləşdirmə məlumatlarını etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməli, işgüzar münasibətlərin məqsədini və mahiyyətini aydınlaşdırmalı və bu barədə müştəridən məlumat və sənədlər əldə etməli, aparılan əməliyyatların müştəri barədə əldə edilmiş məlumat və sənədlərlə, habelə müştərinin fəaliyyəti və risk profili, o cümlədən maliyyə vəsaitinin mənbəyi haqqında məlumat və sənədlərlə uyğunluğunun müəyyən edilməsi məqsədilə əməliyyatları təhlil etməli, habelə bütün mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, İnvestisiya şirkəti tərəfindən 4 müştəriyə münasibətdə qanunvericiliyin tələbləri pozulmuş, müştərilərin eyniləşdirilmə sənədləri əldə edilməmiş, benefisiar mülkiyyətçiləri müəyyən olunmamış, onların fəaliyyəti araşdırılmamış, habelə onlar tərəfindən icra edilmiş ümumilikdə 6 əməliyyat üzrə təhlil hesabatları hazırlanmamışdır. Beləliklə, 4 müştəriyə münasibətdə 6 sayda əməliyyat üzrə qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər"in (DNP) 2.1.1-ci maddəsinə görə (anoloji tələb xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (PL/TMM) Qanunun 12.1-ci maddəsində də göstərilmişdir) monitorinq subyekti tərəfindən aşağıdakı qayda və prosedurlar hazırlanmalıdır: ƏL/TMM siyasətinin təsdiq edilməsi; müştəri uyğunluğu tədbirlərinə və müştəri profili üzrə risklərin qiymətləndirilməsinə dair daxili qayda və prosedurların təsdiq edilməsi; müştərilərin benefisiar mülkiyyətçilərinin müəyyənləşdirilməsinə dair metodologiya və prosedurların təsdiq edilməsi; məlumat və sənədlərin saxlanılmasına və konfidensiallığına dair daxili qayda və prosedurların təsdiq edilməsi öhdəlik daşıyan şəxslərin rəhbərlik və işçilərinin, habelə struktur vahidlərinin (olduğu təqdirdə) ƏL/TMM-yə dair öhdəlik və vəzifələrinin müəyyənləşdirilməsi; şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarlarının (indikatorların) təsdiq edilməsi; şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması üzrə daxili qayda və prosedurların təsdiq edilməsi; öhdəlik daşıyan şəxsin institusional risk qiymətləndirilməsi metodologiyası və prosedurlarının təsdiq edilməsi; yeni məhsulların yaradılması və istifadəyə verilməsinə dair daxili qayda və prosedurlarının təsdiq edilməsi; daxili auditin (olduğu təqdirdə) öhdəlik daşıyan şəxsin daxili nəzarət proqramını qiymətləndirməsi üzrə standartlarının təsdiq edilməsi. Yoxlama zamanı müəyyən edilmişdir ki, İnvestitiya şirkətində yuxanda qeyd edilən qayda və prosedurlar mövcud olmamışdır. Bununla yanaşı, ƏL/TMM Qanunun 10.1.2-ci maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 12.1.8-ci maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsini həyata keçirməlidir. Yoxlama zamanı aşkar edilmişdir ki, İnvestisiya şirkətində məsul şəxs və onu əvəz edən əməkdaş təyin olunmamışdır. ƏL/TMM Qanunun 10.1.4-cü maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 12.1.4-cü maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsinə dair tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, İnvestisiya şirkəti tərəfindən yoxlanılan dövr ərzində təlim planı hazırlanmamış, əməkdaşlara ƏL/TMM üzrə təlimlər keçirilməmişdir. Bundan başqa, ƏL/TMM Qanunun 10.1.5-ci maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 12.1.7-ci maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakm leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsinə dair tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, yoxlanılan dövrdə İnvestisiya şirkətində ƏL/TMM üzrə daxili audit həyata keçirilməmişdir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.7-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər– cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləridir. 2.1-ci maddəsinə əsasən, bu Qanun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı əməllərin aşkar edilməsi və qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, hüquqi şəxslər, xarici hüquqi təsisatlar, habelə nəzarət orqanları və digər dövlət orqanları (qurumlar) arasındakı münasibətləri tənzimləyir. 4.2-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər aşağıdakı hallarda müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər: 4.2.1. işgüzar münasibətlərin yaradılmasından əvvəl; 4.2.2. iyirmi min manat məbləğində (bundan sonra – limit) və ya limitdən artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala, həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir); 4.2.3. maliyyə vəsaitlərinin elektron köçürülməsi və virtual aktivlərlə əməliyyatların aparılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq maliyyə vəsaitlərinin birdəfəlik elektron köçürülməsindən və virtual aktivlərlə aparılan birdəfəlik əməliyyatlardan əvvəl; 4.2.4. əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməsinə şübhə yaradan bütün hallarda; 4.2.5. əldə edilmiş məlumat və sənədlərin doğruluğuna və ya uyğunluğuna dair şübhələr olduqda; 4.4.1-ci maddəsinə əsasən bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müştərini eyniləşdirməli (müştərinin xidmətlərdən daimi və ya qeyri-müntəzəm istifadə etməsindən, fiziki və ya hüquqi şəxs, habelə xarici hüquqi təsisat olmasından asılı olmayaraq), müştərinin eyniləşdirmə məlumatlarını etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər. 10.1-ci maddəsinə öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində aşağıdakı tədbirləri görməlidirlər: 10.1.1. daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsi; 10.1.2. rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsi; 10.1.3. işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq və tətbiq edilməsi; 10.1.4. işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi; 10.1.5. mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi. 11.2.1-ci maddəsinə əsasən əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar olduqda məbləğindən asılı olmayaraq, əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər barədə məlumat və sənədlər öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən maliyyə monitorinqi orqanına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin: 598.1.1-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 598.1.2-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Sadalananlardan göründüyü kimi, qanunvericiliklə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına səbəb olan halların dairəsi dəqiq müəyyən olunmuş və həmin tələblərin pozulmasına görə qanunla məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki iş üzrə qanunvericiliyin sadalanan tələblərinin "xxxx" QSC-nin direktoru Şəxs tərəfindən pozulması müəyyən edilmişdir ki, həmin hallara görə adı çəkilən vəzifəli şəxs məsuliyyətə cəlb olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, "xxxx" QSC-nin direktoru Şəxs tərəfindən İXM-nin 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin dispozisiyasında “hər bir müştəriyə və əməliyyata görə” inzibati tənbeh nəzərdə tutulmuş və bir neçə inzibati xətalar üzrə tənbehin hansı üsulla tətbiq edilməli olduğu göstərilmişdir. Beləliklə də, "xxxx" QSC-nin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikası İXMnin 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər hər birisi ayrıca hərəkətlə (hərəkətsizliklə) müxtəlif vaxtlarda törədilmişdir. Nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir və qanunverici burada "barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır. Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrı-ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında "xxxx" QSC-nin direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə "xxxx" QSC-nin direktoru Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, vəzifəli şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, "xxxx" QSC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" QSC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla barəsində 10000 (on min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar