Məhkəmə qərarları › İş №3(005)-2323/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2323/2022

11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2323/2022 11.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 17ci Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs iştirakları ilə xx.xx.1962-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 232-1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Samir İslamovun 26 may 2022-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Nərimanov RPİ 17-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Y.Əhmədov tərəfindən 26 may 2022-ci il tarixli, MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki, vətəndaş Bayramov X1 rayonu, Z.Bünyadov prospekti ilə M.Nərimanov küçələrinin kəsişməsində sərxoş vəziyyətdə vətəndaş X3 məxsus “Toyota” markalı avtomobilin ön görünüş şüşəsini qəsdən sındırmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 17ci Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru X4 məhkəmə iclasında protokollara uyğun çıxış edərək bildirmişdir ki, X5 xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 18:30 radələrində özünə məxsus olan “Toyota Corolla” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, M.Nərimanov küçəsində hərəkətdə olarkən Ziya Bünyadov prospekti ilə kəsişmədə tıxacda hərəkət edərkən Şəxs içkili vəziyyətdə heç bir səbəb olmadan vətəndaşa məxsus avtomobilin ön görünüş şüşəsini əlindəki sellofan torba ilə vuraraq sındırmışdır. Qeyd olunan fakt üzrə xx.xx.2022-ci il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmiş və inzibati qaydada tədbir görülməsi üçün Nərimanov RPİ-nin 17-ci PŞ-nə həvalə edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə gün ərzində spirtli içki qəbul etmişdir. Saat təxminən 18:30 radələrində Nərimanov rayonu, M.Nərimanov küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində içkili vəziyyətdə dayanmışdır. Bu zaman sonradan adının X5 olduğunu öyrəndiyi şəxs “Toyota Corolla” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən kəsişmədə tıxacda heç bir səbəb olmadan əlindəki sellofan torba ilə avtomobilin ön görünüş hissəsinin sağ tərəfində vuraraq maddi ziyan yetirmişdir. Hadisə zamanı içkili vəziyyətdə olmuşdur və hazırda etdiyi hərəkətdən peşmandır. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Buna görə də məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1 maddəsinə əsasən inzibati tənbeh tədbiri görülməsi üçün Nərimanov RPİ-nin 17-ci PŞ-nə həvalə edilmişdir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə xx.xx.2022-ci il tarixli, 2/11812 nömrəli protokoldan görünür ki, Şəxs sərxoş vəziyyətdə olmuşdur. "xxxx" MMC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, SQ1611 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Toyota Corolla” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün çəkilmiş xərclər ümumilikdə 879.55 (səkkiz yüz yetmiş doqquz manat, əlli beş qəpik) manat təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici ifadəsi, zərər çəkmiş şəxsin rədd materialında olan izahatı, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 232-1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd olunan maddənin “Qeyd” hissəsinə əsasən, Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf edərək peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yəni 879.55 (səkkiz yüz yetmiş doqquz manat, əlli beş qəpik) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar