Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2324/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X2, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Quba rayonunda anadan olmuş, (FİN-xxxxxxx) Azərbaycan Respublikasının vətəndaşı, evli, “Yaşam” klinikasında baş həkim işləyən, ünvan 1 mənzil 121 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X4 tərəfindən Şəxs barəsində İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə Nərimanov rayonu F.X.Xoyski küçəsi 112-də yerləşən “Yaşam” klinikasında karantin qaydasını pozmuşdur. Tibb işçiləri qapalı məkanda tibbi maska taxmamışdır. Nəticədə vəzifəli şəxs Şəxs İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X4 izahatında göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə inzibati ərazidə polis əməkdaşı X1 ilə birlikdə xidmət apararkən F.X.Xoyski küçəsi 112 ünvanında yerləşən “Yaşam” klinikasına daxil olmuş və orada işçilərin karantin qaydalarını pozduğunu, tibbi maska taxmadıqlarını müəyyən etmişlər. Həmin şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib etmək istəyəndə bir nəfər şəxs yaxınlaşaraq kobud şəkildə “siz kimsiniz, nə üçün protokol tərtib edirsiniz, sizdən şikayət edəcəyik” demişdir. Bundan sonra həmin şəxs onlardan polis vəsiqəsini istəmişdir. Onlar vəsiqələrini təqdim etsələr də, həmin şəxs heç bir sənəd təqdim etməmiş, kobud şəkildə “siz kimsiniz, çıxın gedin burdan” deyərək heç bir qanuni tələbini yerinə yetirməmiş, qanunu pozan şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib etməsinə mane olmuşdur. Həmin şəxs 18-ci PŞ-yə dəvət olunmuş və orada şəxsiyyətinin Şəxs olduğu müəyyən edilmişdir. Şəxs hərəkətlərində vəzifəli şəxs kimi İXMin 211.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Sonda Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 14:30 radələrində baş həkim işlədiyi “Yaşam” klinikasında olarkən içəri iki nəfər polis işçisi daxil olmuşdur. İşçilər ona yaxınlaşaraq polis əməkdaşlarının onlardan maska taxmağı tələb etdiyini bildirmişdir. Lakin işçilərin hamısı maska taxdığından o, polis əməkdaşlarının hərəkətlərindən əsəbiləşmişdir. O, polis əməkdaşlarına yaxınlaşıb onlardan sənədlərini göstərməyi tələb etmiş, lakin polis əməkdaşları onunla kobud rəftar etmişdir. Polislər işçilərin maska taxmadığını bildirsələr də, ətrafda bütün işçilər maskada olmuşdur. Bu səbəbdən də o, şəxsiyyət vəsiqəsini polislərə təqdim etmək istəməmişdir. O, hadisə barədə 102 xidmətinə zəng etmiş və klinikaya digər polis əməkdaşları gəlmişdir. Onu 18-ci polis bölməsinə dəvət etmişlər. Onun hərəkətlərində karantin qaydasını pozma kimi hallar olmadığından özünü təqsirli bilmir. İşçilərdən kimin maska taxmadığını bilmir, belə ki, o, baxanda ətrafda hamı, o cümlədən özü maskada olmuşdur. Yalnız bir nəfər işçi güzgüyə baxdığından maskasını çıxartmışdır. Onun isə nə səbəbdən maskasını çıxartdığını bilmir. Yekunda barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili X1 izahatında göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 14:30 radələrində polis əməkdaşı Ramil Nəsibov ilə birlikdə F.X.Xoyski küçəsi 112 ünvanında yerləşən “Yaşam” klinikasına daxil olaraq reyd keçirmiş və işçilərin karantin qaydalarına əməl etməsi vəziyyətini yoxlamışlar. Klinikaya daxil olanda təxminən 5 nəfər işçinin maskasız olduğunu aşkar etmişdir. Həmin işçilər şəxsiyyət vəsiqələrini təqdim edib izahat verməkdən imtina etmişlər. Bu zaman baş həkim Şəxs yaxınlaşmış, ona da şəxsiyyət vəsiqəsini təqdim etməyi və inzibati xəta haqqında protokol tərtib edilməsi üçün maska taxmayan işçilərin şəxsiyyəti barədə məlumat verməyi bildirilmişdir. Lakin baş həkim onların tələbinə tabe olmamış, səs-küy yaratmış, “siz kimsiz” deyərək, qapalı məkanda karantin qaydalarına əməl etməyən işçilər barədə inzibati xəta haqqında protokol tərtib etmələrinə mane olmuşdur. Qanuni tələblərinə tabe olmadığı üçün baş həkimi polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs Şəxs əməlində İXM-in 211.1-ci maddəsinin tərkib hissəsi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili X1 və polis sahə inspektoru X4 tərəfindən 18-ci Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli raportdan görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə inzibati ərazidə olarkən F.X.Xoyski küçəsi 112 ünvanında yerləşən “Yaşam” klinikasına daxil olmuş və orada işçilərin karantin qaydalarını pozduğunu, tibbi maska taxmadıqlarını müəyyən etmişlər. Həmin şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib etmək istəyəndə bir nəfər şəxs yaxınlaşaraq kobud şəkildə “siz kimsiniz, nə üçün protokol tərtib edirsiniz, sizdən şikayət edəcəyik” demişdir. Bundan sonra polis vəsiqəsini istəmiş, təqdim etsələr də, həmin şəxs heç bir sənəd təqdim etməmiş, kobud şəkildə “siz kimsiniz, çıxın gedin burdan” demişdir. Onların heç bir qanuni tələbini yerinə yetirməmişdir. Həmin şəxsi 18-ci PŞ-nə dəvət etmiş və orada şəxsiyyətinin Şəxs olduğu müəyyən edilmişdir. Göstərilən şəxs barəsində qanuni tədbir görülməsi xahiş olunmuşdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləiyb, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, İXM-in: 100.1.-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Təqdim edilən inzibati xəta haqqında protokoldan və işdə iştirak edən şəxslərin izahatlarından müəyyən olunur ki, xx xxxxxxx 2020-ci il tarixdə polis əməkdaşları Nərimanov rayonu F.X.Xoyski küçəsi 112-də yerləşən “Yaşam” klinikasında tibb işçilərinin qapalı məkanda tibbi maska taxmadığını müəyyən etmiş və vəzifəli şəxs kimi Şəxs barəsində İXM-in 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişlər. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Şəxs baş həkim işlədiyi “Yaşam” klinikasında tibb işçilərinin qapalı məkanda tibbi maska taxmadığına görə məsuliyyət daşıyan vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunması üçün, ilk əvvəl onun vəzifəli şəxs kimi hansı səlahiyyətlərə malik olması aydınlaşdırılmalı və bundan sonra onun hansı vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi müəyyən olunmalıdır. İnzibati xəta haqqında protokola Şəxs vəzifəli şəxs kimi hansı səlahiyyətlərə malik olmasını təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir ki, bu da Şəxs vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmasının əsaslı olub-olmamasını müəyyən etməyi qeyri-mümkün edir. İXM-in: 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan, Şəxs İXMin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-2324/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2324/2020
22.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver