Məhkəmə qərarları › İş №3(005)-2324/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2324/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2324/2023 08.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən 23 iyul 2023-cü il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş 23 iyul 2023-cü il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:15-də Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş sürücü Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Səlahiyyətli orqana və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və tərəflər məhkəmə iclasına gəlməmişlər. Buna görə də, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov RPİ-nin rəisi Arzu Heydərova ünvanlanmış xx.xx.2023-cü il tarixli HK 1 N-652/102-0561/ nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 12:19-da, vət. X4 “DİN”-nin 102 XZM-nə məlumat verərək bildirdi ki, K.Rəhimov küçəsində baş vermiş YNH-si zamanı, moped tərəfindən vurulması nəticəsində xəsarət almışdır. Bakı şəhəri Nərimanov RPİ-nin rəisi Arzu Heydərova ünvanlanmış xx.xx.2023-cü il tarixli MK 2 N-10434 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 18:36-da, 1 saylı TTYS-dan həkim Bayramova məlumat verərək bildirdi ki, K.Rəhimov küçəsində baş vermiş YNH-si zamanı, 1995-ci il təvəllüdlü X1 topuq nahiyyəsinin cırılmış yarası xəsarəti almışdır. Bakı şəhəri Nərimanov RPİ-nin rəisi Arzu Heydərova ünvanlanmış xx.xx.2023-cü il tarixli MK2 N-11631/102-4451/ nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 13:03-də, X4 “DİN”-nin 102 XZM-nə məlumat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu K.Rəhimov 16 küçəsində moped tərəfindən vurulması barədə 102 XZM-nə məlumat verib ərizə ilə Nərimanov RPİ-nə müraciət etsədə tədbir görülməməsinə narazılıq bildirmişdir. Araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, o xx.xx.2023-cü il tarixdə saat 11:15 radələrində o Nyu York sity restoranın bazarlığına sifarişi çatdırmaq üçün idarə etdiyi Yamaha markalı mopedlə Nərimanov rayonu K.Rəhimov küçəsi ilə üzü Təbriz küçəsi ilə olan kəsişməyə doğru yolun yolun soldan birinci zolağı ilə saatda 18 km sürətlə hərəkət edərkən qəflətən yolun əks hərəkət istiqamətindən onun hərəkət etdiyi istiqamətə doğru iti addımla bir adam çıxmışdır. O əyləcdən istifadə etmiş, lakin piyada sükanın qabağına keçib mopedlə birgə üstünə qalxmış və sol ayağı sıyrılmışdır. O mopedi sağ tərəfə verib saxlamışdır. Piyada sağ tərəfdə səkidə oturmağına köməklik etmiş və ona su vermişdir. Piyadaya izah etmişdir ki, onun günahı yoxdur və piyadanın buna aid onda səs yazısı var. Bundan sonra o piyadanda icazə alıb oradan mopedini sürüb uzaqlaşamışdır. İdarə etdiyi moped Nyu York sity restoranın sahibindədir. O səhvən piyadaya həmin mobil nömrəni vermişdir. Araşdırma zamanı X4 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11:20 radələrində o Nərimanov rayonu K.Rəhimov küçəsi ilə Odlar Yurdu universiteti ilə üzbəüz yolun hərəkət hissəsinə daxil olaraq əks hərəkət istiqamətini ayıran qoşa xəttə çatıb yolun boş olduğuna əmin olub adi yerişlə keçərkən sağ tərəfində bərk zərbə dəymişdir. Nəticədə o asfalt üzərinə yıxılaraq bədənin müxtəlif nahiyələrindən xəsarət almışdır. Onu moped vurmuşdur, sürücü ona yaxınlaşıb səhhəti ilə maraqlanmış və sifariş aparacağını bildirib ona guya ki öz nömrəsi olan 050 *** ** ** nömrəsini verib hadisə yerindən uzaqlaşmışdır. Bir müddət sonra o həmin nömrəyə zəng vurduqda bir qadın nömrədə cavab verib hadisədən məlumatsız olduğunu bildirmişdir. O həmin mopedin sürücüsündən şikayətçidir və hadisə nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 xx.xx.2023-cü il tarixli, 737 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol topuq nahiyəsinin bayır səthinin əzilmiş yarası, sağ saidin yuxarı üçdə birinin arxa səthinin sıyrıqları-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 08 iyul 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar