Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2325/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X2, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Quba rayonunda anadan olmuş, (FİN-xxxxxxx) Azərbaycan Respublikasının vətəndaşı, evli, “Yaşam” klinikasında baş həkim işləyən, ünvan 1 mənzil 121 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X4 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə Nərimanov rayonu F.X.Xoyski küçəsi 112-də polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X4 izahatında göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə inzibati ərazidə polis əməkdaşı X1 ilə birlikdə xidmət apararkən F.X.Xoyski küçəsi 112 ünvanında yerləşən “Yaşam” klinikasına daxil olmuş və orada işçilərin karantin qaydalarını pozduğunu, tibbi maska taxmadıqlarını müəyyən etmişlər. Həmin şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib etmək istəyəndə bir nəfər şəxs yaxınlaşaraq kobud şəkildə “siz kimsiniz, nə üçün protokol tərtib edirsiniz, sizdən şikayət edəcəyik” demişdir. Bundan sonra həmin şəxs onlardan polis vəsiqəsini istəmişdir. Onlar vəsiqələrini təqdim etsələr də, həmin şəxs heç bir sənəd təqdim etməmiş, kobud şəkildə “siz kimsiniz, çıxın gedin burdan” deyərək heç bir qanuni tələbini yerinə yetirməmiş, qanunu pozan şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib etməsinə mane olmuşdur. Həmin şəxs 18-ci PŞ-yə dəvət olunmuş və orada şəxsiyyətinin Şəxs olduğu müəyyən edilmişdir. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Sonda Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 14:30 radələrində baş həkim işlədiyi “Yaşam” klinikasında olarkən içəri iki nəfər polis işçisi daxil olmuşdur. İşçilər ona yaxınlaşaraq polis əməkdaşlarının onlardan maska taxmağı tələb etdiyini bildirmişdir. Lakin işçilərin hamısı maska taxdığından o, polis əməkdaşlarının hərəkətlərindən əsəbiləşmişdir. O, polis əməkdaşlarına yaxınlaşıb onlardan sənədlərini göstərməyi tələb etmiş, lakin polis əməkdaşları onunla kobud rəftar etmişdir. Polislər işçilərin maska taxmadığını bildirsələr də, ətrafda bütün işçilər maskada olmuşdur. Bu səbəbdən də o, şəxsiyyət vəsiqəsini polislərə təqdim etmək istəməmişdir. O, hadisə barədə 102 xidmətinə zəng etmiş və klinikaya digər polis əməkdaşları gəlmişdir. Onu 18-ci polis bölməsinə dəvət etmişlər. Onun hərəkətlərində polis əməkdaşlarının tələbinə tabesizlik göstərmə kimi hallar olmadığından özünü təqsirli bilmir. İşçilərdən kimin maska taxmadığını bilmir, belə ki, o, baxanda ətrafda hamı, o cümlədən özü maskada olmuşdur. Yalnız bir nəfər işçi güzgüyə baxdığından maskasını çıxartmışdır. Onun isə nə səbəbdən maskasını çıxartdığını bilmir. Yekunda barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili X1 izahatında göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 14:30 radələrində polis əməkdaşı Ramil Nəsibov ilə birlikdə F.X.Xoyski küçəsi 112 ünvanında yerləşən “Yaşam” klinikasına daxil olaraq reyd keçirmiş və işçilərin karantin qaydalarına əməl etməsi vəziyyətini yoxlamışlar. Klinikaya daxil olanda təxminən 5 nəfər işçinin maskasız olduğunu aşkar etmişdir. Həmin işçilər şəxsiyyət vəsiqələrini təqdim edib izahat verməkdən imtina etmişlər. Bu zaman baş həkim Şəxs yaxınlaşmış, ona da şəxsiyyət vəsiqəsini təqdim etməyi və inzibati xəta haqqında protokol tərtib edilməsi üçün maska taxmayan işçilərin şəxsiyyəti barədə məlumat verməyi bildirilmişdir. Lakin baş həkim onların tələbinə tabe olmamış, səs-küy yaratmış, “siz kimsiz” deyərək, qapalı məkanda karantin qaydalarına əməl etməyən işçilər barədə inzibati xəta haqqında protokol tərtib etmələrinə mane olmuşdur. Qanuni tələblərinə tabe olmadığı üçün baş həkimi polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib hissəsi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili X1 və polis sahə inspektoru X4 tərəfindən 18-ci Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli raportdan görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə inzibati ərazidə olarkən F.X.Xoyski küçəsi 112 ünvanında yerləşən “Yaşam” klinikasına daxil olmuş və orada işçilərin karantin qaydalarını pozduğunu, tibbi maska taxmadıqlarını müəyyən etmişlər. Həmin şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib etmək istəyəndə bir nəfər şəxs yaxınlaşaraq kobud şəkildə “siz kimsiniz, nə üçün protokol tərtib edirsiniz, sizdən şikayət edəcəyik” demişdir. Bundan sonra polis vəsiqəsini istəmiş, təqdim etsələr də, həmin şəxs heç bir sənəd təqdim etməmiş, kobud şəkildə “siz kimsiniz, çıxın gedin burdan” demişdir. Onların heç bir qanuni tələbini yerinə yetirməmişdir. Həmin şəxsi 18-ci PŞ-nə dəvət etmiş və orada şəxsiyyətinin Şəxs olduğu müəyyən edilmişdir. Göstərilən şəxs barəsində qanuni tədbir görülməsi xahiş olunmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özü etiraf etməsə də, araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özü etiraf etməsə də, şahid izahatı və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 189 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafə gözlənilməli (insanlar arası məsafə 1,5-2 metr), tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) (tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə) istifadə edilməlidir. Sadalanan qanunvericiliyin tələblərindən göründüyü kimi, qapalı məkanlarda, o cümlədən səhiyyə müəssisələrində fərdi qoruyucu vasitələrdən istifadə edilməsi məcburidir və buna əməl edilməməsi məsuliyyətə səbəb olur. Hazırki iş üzrə xx xxxxxxx 2020-ci il tarixdə F.X.Xoyski küçəsi 112 ünvanında yerləşən “Yaşam” klinikasına daxil olaraq karantin rejiminə əməl edilməsi qaydalarını yoxlayan polis əməkdaşlarının fərdi qoruyucu vasitələrdən istifadə etməyən işçilərin barəsində inzibati xəta haqqında protokol tərtib olunması üçün şəxsiyyətləri ilə bağlı məlumatların əldə edilməsi barədə tələbləri qanuni olmuş və Şəxs klinikanın baş həkimi kimi əsassız olaraq polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Yəni özü və işçiləri barədə məlumatı verməkdən imtina etməklə və kobud münasibət göstərməklə polis əməkdaşlarının inzibati xəta haqqında protokol tərtib etməsinə mane olmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanı etiraf etməməsi barədə izahatını inandırıcı hesab etmir və inzibati məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi nəticəsinə gəlir. Onun İXM-in 535.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-2325/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2325/2020
22.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver