Məhkəmə qərarları › İş №3(005)-2327/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2327/2023

01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2327/2023 01.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, şikayət vermiş şəxs X3 iştirakı ilə, Bakı şəhəri Nərimanov RPİ-nin X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” X1 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6, Bakı şəhəri Nərimanov RPİ-nin X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü ildə Nərimanov rayonu A.Aqarunov küçəsi ilə hərəkətdə olan zaman yolun hərəkət hissəsində dayanmış Cherry Tiggo markalı avtomobili keçdikdən sonra sağa dönmə işıqlarını yandıraraq sağa dönüş əməliyyatı edərkən Cherry Tiggo markalı avtomobilin sürücüsü qəfildən hərəkətə keçərək X5 məxsus Mercedes Benz 190 markalı 10 ZS479 dövlət qeydiyyat nişanlı avtomobilinin arxa sağ tərəfi ilə toqquşaraq onun avtomobilinə maddi zərər vurmaqla yol hərərkəti qaydalarını kobudca pozmuşdur. Həmin vaxt o, 102 qaynar xəttinə şikayət etdikdən sonra hadisə yerinə Nərimanov Rayon X9nin polis əməkdaşı olduğunu bildirən Zülfüqar adlı əməkdaş onlardan sənədlərini alaraq Nərimanov Rayon X9 şöbəsinə gəlməli olduqlarını bildirmişdir. Bundan sonra o, şöbəyə yaxınlaşdıqda ondan izahat alındıqdan bir gün sonra sənədlərini qaytarsa da, onun barəsində protokol tərtib edib-etmədiyi barədə məlumat vermədən işi araşdıracağını və TŞ kameralarına baxdıqdan sonra qərar qəbul edəcəyini və bu barədə ona məlumat verəcəyini və ya rəsmi cavab göndərəcəyini bildirmişdir. Üzərindən xeyli müddət keçməyinə baxmayaraq ona nə rəsmi cavab, nə də protokol göndərməmişdir. O, sonradan dəfələrlə müraciət etsə də, ona heç bir məlumat verilmədiyindən o, məcbur qalaraq asan pay tətbiqinə daxil olaraq ona cərimə yazılıb yazılmadığını öyrənmək istəyərkən məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə onun barəsində protokol tərtib edilmiş, xx.xx.2023-cü ildə elektron kabinete yerləşdirilmiş, xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Qərarın açıqlamasına görə, ona İXM-nin 327.1-ci maddəsi ilə (əks istiqamətdə hərəkət zolağına çıxmadan manevr etmə) cərimə edildiyi qeyd edilmişdir. Bildirir ki, onun barəsində İXM-nin 327.1-ci maddəsi ilə qanunsuz cərimə tətbiq edilmişdir ki, o, bu barədə elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixində qərardan xəbər tutan kimi şikayət vermiş və işin ədalətli araşdırılması və protokolun ləğv edilməsini xahiş etsə də, hələ də heç bir tədbir görülməmişdir. Mübahisəli qərardan şikayətinə hələ də kağız formada rəsmi cavab verilmədiyindən şikayət müddətini ötürmədiyini qeyd etmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Nərimanov RPİ-nin X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov RPİ-nin X9 Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov RPİnin X9 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov RPİ-nin X9 Şöbəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 (qırx) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov RPİ-nin X9 Şöbəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X3 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X6 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X3 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bundan başqa, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin inzibati xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X3 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X6 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X6 barəsində TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X6 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və ədalətli qərar qəbul edilməlidir. Ona görə də Bakı şəhəri Nərimanov RPİ-nin X9 Şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin X9 Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov RPİ-nin X9 Şöbəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin X9 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar