Məhkəmə qərarları › İş №3(005)-2329/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2329/2021

07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2329/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə rəisi X2, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 iştirakları ilə, xx.xx.1985-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, Bakı şəhəri Nərimanov rayonu, İ.Həsənoğlu küçəsi ev 14, mənzil 9-da qeydiyyatda olan və yaşayan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə rəisi X6 tərəfindən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə məhkəməyə gətirilmişdir. MN seriyalı ******* nömrəli, 07 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, X4 06.10.2021-ci il tarixdə saat 18:35 radələrində Nərimanov rayonu, Həsənoğlu küçəsi 14 ünvanında polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə rəisi X6 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, evin qarşısında avtomobili park edərkən 2 nəfər şəxsin ona yaxınlaşdığını görmüş, həmin şəxslər polis əməkdaşı olduqlarını bildirib onu bölməyə dəvət etmişlər. O, həmin şəxslərə hazırda ailəsi ilə birlikdə başqa yerə getməli olduğunu və şöbəyə sabah yaxınlaşacağını bildirmişdir. Həmin şəxslər ona şöbədən qısa zamanda geri qayıda biləcəyini bildirib onu şöbəyə aparmışlar. Ona şöbədə bildirmişlər ki, Dövlət Miqrasiya Xidmətindən onun barəsində müvəqqəti yaşamaq icazəsinin vaxtının bitməsi ilə bağlı şöbəyə məlumat daxil olub, buna görə də icazəni təzələmək lazımdır. Onu 18-ci bölmədə bir gün saxlamışlar. Ona qarşı hər hansı bir təzyiq olmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, hər hansı nalayiq sözlər işlətməmiş və tabesizlik göstərməmişdir. Sonda məhkəmədən sadalananları nəzərə alıb inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X5 izahatında göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, Həsənoğlu küçəsində həmkarları ilə xidmətdə olarkən bir nəfər şəxsin “BMW markalı avtomobilini park edərkən ucadan nalayiq ifadələr işlətdiyini müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb, qanunsuz hərəkətlərinə son qoymağı tələb etmiş, lakin həmin şəxs onların bu tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etmişdir. Daha sonra həmin şəxsi onlarla birlikdə Polis Şöbəsinə getməyi təklif etdikdə, həmin şəxs Şöbəyə getməkdən imtina etmişdir. Həmin şəxsi yenidən şöbəyə dəvət etdikdə əl-qol hərəkətləri ilə onun sinəsindən itələməyə başlamışdır. Daha sonra həmin şəxsi sakitləşdirərək 18-ci Polis Şöbəsinə gətirib, növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında çıxış edən müdafiəçi X3 izahaında bildirmişdir ki, işin hallarından protokolun qanunsuz yerə və heç bir səbəb olmadan tərtib edildiyi və tamamilə qanunsuz olduğu görünür. Hüquqlarını müdafiə etdiyi şəxs X1 2 azyaşlı uşağının olduğunu nəzərə alıb inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi Bayram Alıyevə ünvanlanmış 06.10.2021-ci il tarixli Raportdan görünür ki, 06.10.2021-ci il tarixdə saat 18:35 radələrində Nərimanov rayonu, Həsənoğlu küçəsi 14 ünvanında xidmətdə olarkən bir nəfər şəxsin ucadan nalayiq söyüşlər söydüyünü görüb həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsi 18-ci Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs onlarla PŞ-nə getməkdən imtina etmişlər. Onları əl-qol hərəkətləri ilə sinəsindən itələməyə başlamışdır. Onlar həmin şəxsi sakitləşdirərək 18-ci Polis Şöbəsinə gətirib, növbətçi hissəyə təhvil vermişlər. “İnzibati qaydada tutma haqqında” 06 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, X4 06 oktyabr 2021-ci il tarixdə saat 18:50-də inzibati qaydada tutulmuşdur. Tərəflərin çıxışlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. X1 xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında araşdırılan digər sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxsləriki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdəbir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda X1 hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, X4 06 oktyabr 2021-ci il tarixdə saat 18:35 radələrində ünvan 2 ünvanında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə X1 hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 törətdiyi inzibati xətanı etiraf etməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatı məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidin ifadəsi və işdə olan digər sənədlər ilə tam təkzib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 əməlində Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 06 oktyabr 2021-ci il tarixdən saat 18:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar