Məhkəmə qərarları › İş №3(005)-2341/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2341/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2341/2024 05.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1975-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, reklam sexində müdir işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonunda kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 198.2-ci maddəsi ilə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Prokurorluğu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 25 iyul 2024-cü il tarixli qərarı toplanmış materiallarla birgə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsidə göndərmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 25 iyul 2024-cü il tarixli qərarda göstərilmişdir ki, fiziki şəxs Şəxs icarə müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Salamzadə 55/10 ünvanında sex götürərək reklam işləri ilə məşğul olarkən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi işçilər tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmamasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət etməli olduğu halda, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 2.4.1, 2.4.2, 2.4.3, 3.1, 10.1, 10.11 bəndlərinin tələblərini pozmuş, bu səbəbdən 14 aprel 2024-cü il tarixdə saat 16 radələrində həmin sexdə reklamçı-usta kimi işləyən X4 Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən “Maskovski” restoranının qarşısında qurulmuş şəmsiyyələrin üzlərini nərdivanın üstünə çıxıb dəyişən zaman nərdivanın aşması nəticəsində yerə yıxılmış, baş vermiş hadisə zamanı dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər almış, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına YÜNGÜL zərərin vurulması inzibati xətasını törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 2023-cü ilin avqust ayında icarə müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Salamzadə 55/10 ünvanında sex götürərək reklam işləri ilə məşğul olmuşdur. 14 aprel 2024-cü il tarixdə saat 15 radələrində həmin sexdə reklamçı usta kimi çalışan Aqil Xəlilovla birlikdə “Maskovski” restoranına gedib, orada restoranın qarşısına vurulmuş şəmsiyyələrin üzlərini dəyişməli olmuşlar. Aqillə birlikdə restoranın sağ tərəfindəki şəmsiyyənin qarşısına restorandan götürdükləri nərdivanı quraşdırıb işə başlamışlar. Nərdivanın üzərinə çıxıb şəmsiyyəni dəyişən zaman nərdivan aşmış və həmin vaxt Aqil yerə yıxılaraq ayağından xəsarət almışdır. İş zamanı Aqilə forma və heç bir qoruyucu mühafizə vasitələri verilməmişdir. Hadisə vaxtı da nə Aqilin, nə də onun əynində qoruyucu vasitələr olmamışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində daha yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, 19 noyabr 2023-cü il tarixdən Bakı şəhəri, Yasamal rayonunda yerləşən reklam sexində reklamçı-usta kimi işə başlamış, reklamçı-usta kimi sexə sifariş verilmiş reklam şitlərinin hazırlanması, vinil vurulması, reklamların aparıb quraşdırılması ilə məşğul olmuş, 14 aprel 2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən “Maskovski” restoranının qarşısında qurulmuş şəmsiyyələrin üzlərini nərdivanın üstünə çıxıb dəyişən zaman nərdivanın aşması nəticəsində yerə yıxılaraq ayağından xəsarət almışdır. İnzibati xəta haqqında icraatın başlanmasına dair qərarı qəbul etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə qərarı qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 xx.xx.2024cü il tarixli 632 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, X2 almış olduğu xəsarətlər - ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının şişkilnik halında əzilməsi, sağ baldırın sıyrığı, bədənin çoxsaylı əzilməsi küt əşyanın (əşyaların) təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə nərdivandan yıxılması nəticəsində əmələ gəlməsi mümkündür, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 24 iyun 2022-ci il tarixli, T234/2022 nömrəli, canlı şəxsin ekspertizasın rəyindən görünür ki, vətəndaş M.B.Qəhrəmanovda sağ sirkə kasasının çoxqəlpəli yerdəyişmiş sınığı, budun arxa yuxarı çıxığı, sol qasıq və oturaq sümüklərinin çoxqəlpəli yerinidəyişmiş sınıqları, sağ oturaq sümüyünün yerdəyişmiş sınığı, L5 fəqərəsinin yan çıxıntılarının yerinidəyişən sınıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtomobilin onu vurması və ya avtokarın yük qaldırıcı hissəsinin ona dəyməsi nəticəsində yarana bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. xx.xx.2022-ci il tarixli, 50 saylı rəyin nəticəsi təsviri hissəyə uyğun tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmətəhlükəsizlik texnikası ekspertizasının 21 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/4390 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən "Maskovski” adlı restoranın qarşısında pəncərənin üzərinə vurulmuş günəş şüalarından qoruması və reklam xarakterli örtükdə bərpa işinin aparılması zamanı istifadə olunan nərdivanın etibarlı və dayanıqlı şəkildə quraşdırılmaması hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 2.4.1, 2.4.2, 2.4.3, 3.1, 10.1, 10.11 bəndlərinin tələbləri pozulmuşdur. Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlandırılmamış, fərdi mühafizə vasitələri ilə təmin olunmamış X3 hündürlükdə işlərin görülməsinə cəlb etdiyinə və işin təhlükəsizlik aparılması üçün iş sahəsində istifadə olunan nərdivanın etibarlı və dayanıqlı şəkildə quraşdırılmasını təmin etmədiyinə görə “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 2.4.1, 2.4.2, 2.4.3, 3.1, 10.1, 10.11 bəndlərinin tələbləri həmin işlərin görülməsinə rəhbərlik və nəzarət etmiş Şəxs tərəfindən pozulmuşdur. X2 fərdi mühafizə vasitələri ilə təmin edilmədən işlərin görülməsinə buraxıldığını, həmin işin təhlükəsiz aparılması üçün müvafiq texniki tərkibli tədbirlərin həyata keçirilmədiyini nəzərə alaraq, zərərçəkmişin özü tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Materiala əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “vergi uçotuna alınmış vergi ödəyiciləri barədə” xx.xx.2024-cü il tarixli elektron bildirişindən görünür ki, Şəxs fiziki şəxs kimi ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 12 iyul 2024-cü il tarixli qərardan görünür ki, X2 xəsarət alması faktı ilə bağlı Bakı şəhəri Nərimanov rayon prokurorluğunda toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-ci maddəsinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin əməlində AR İXM-nin 192.1 və 198.2-ci maddələrinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokurorluğuna məlumat verilməsi və s. qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 25 iyul 2024-cü il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.; İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunur. İXM-in 33-cü maddəsinə əsasən Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar