Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2346/2024 06.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 06 iyun 2024-cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 06 iyun 2024-cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 06 iyun 2024-cü il tarixli MN seriyalı ******* saylı "İnzibati tənbeh vermə haqqında" qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərar əsassız olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsində lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı müəyyənləşdirilmişdir. Həmin əlavənin 2-ci bəndinə əsasən lisenziya tələb olunan fəaliyyət sahələrindən biri də özəl tibb fəaliyyətidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə ilə özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısı müəyyənləşdirilmiş və həmin siyahıda gözəllik salonu fəaliyyəti özəl tibb fəaliyyəti kimi nəzərdə tutulmamışdır. Göründüyü kimi gözəllik salonu fəaliyyəti qanunvericilik tərəfindən özəl tibb fəaliyyəti kimi müəyyənləşdirilmədiyi halda, inzibati orqan sırf öz mülahizəsindən irəli gələrək bu fəaliyyət sahəsini lisenziya tələb olunan sahə kimi nəzərdə tutmuşdur. Faktiki hallara ümumi yanaşıldıqda da görünür ki, gözəllik salonunda həyata keçirilən fəaliyyətlərin, göstərilən xidmətlərin tibb fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. İnzibati tənbeh verən orqanın mülahizələrinə əasən siyahıda göstərilmiş fəaliyyətlərin əhatə dairəsinin əsassız olaraq genişləndirilməsi vətəndaşların konstitusion hüququ olan azad sahibkarlıq hüqunu məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və yabaşqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Odur ki, barəsində Səhiyyə Nazirliyi tərəfindən qəbul olunanan 06 iyun 2024-cü il tarixli MN seriyalı ******* saylı qərarı qanunsuzdur. İnzibati tənbeh vermə haqqında qərar ona təqdim edilməmişdir. Səhiyyə Nazirliyinin inzibati tənbeh vermə haqqında müvafiq qərarının qəbul olunması barədə ona məlumat verilməmişdir. Belə ki, barəsində icra işinin olması barədə Xətai rayon İcra Şöbəsində başlanmış icraata başlama haqqında qərar göndərilən zaman müəyyən etmişdir ki, barəsində Səhiyyə Nazirliyi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və icraya yönəldilmişdir. Həmin qərarı nümayəndə vasitəsilə icra məmuru Elşən Bəşirlidən 25 iyul 2024-cü il tarixdə əldə etmiş və qərarla tanış olmuşdur. O, 2024-cü ilin aprel ayında ünvan 1 ünvanda yerləşən "Zed Center" kimi adlandırılan obyektin bir otağını icarəyə götürmək məqsəd ilə obyekt sahibi ilə danışıqlar aparmışdır. Məqsədi həmin obyektdə bir yer icarəyə götürərərk gözəllik salonu kimi işlədib qazanc əldə etmək olmuşdur. Həmin yeri götürdüyü iki gün olardı ki, Baş prokurorluğun əməkdaşları obyektə gəlib sorğu-sual etməyə başlamışlar və ondan tibbi (kosmetoloji) fəaliyyətlə məşğul olub-olmamağını soruşmuşlar. O, onlara tibbi (kosmetoloji) fəaliyyətlə məşğul olmadığınıı, buranı iki gündür icarəyə götürdüyünü və gözəllik salonu kimi işlətmək məqsədinin olduğunu bildirmişdir. Daha sonra ondan yazılı izahatını almışlar və öz izahatında da tibbi fəaliyyətlə məşğul olmadığını göstərmişdir. Barəsində tərtib edilmiş inzibati qərarla razı deyil. Həmin qərarda qeyd olunur ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərara əsasən 2024-cü ilin aprel ayında X3 ünvan 2 ünvanda yerləşən "Zed Center" adlı obyektdə lisenziya olmadan özəl tibb fəaliyyəti göstərmə faktı aşkar edilmişdir. Ümumi şəkildə qərarda qeyd edilsə də konkret olaraq hansı tibb fəaliyyətinin olması qərarda qeyd edilməmişdir. Baş prokurorluğun araşdırması zamanı toplanmış materiallarda onun tibb fəaliyyətini təsdiq edən heç bir sübut mövcud deyil. Çünki o, heç vaxt tibbi və ya kosmetoloji fəaliyyətlə məşğul olmamışdır. Lakin Səhiyyə Nazirliyi barəsində inzibati qərar tərtib edərkən bu halları araşdırmadan formal olaraq onun adına VÖEN olmasına nəzərə alaraq onu vəzifəli şəxs kimi İXM-nin 210.1-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edərək 5000 manat məbləğində cərimə etmişdir. Heç bir araşdırma aparılmadan, izahatı alınmadan, ona rəsmi məlumat verilmədən barəsində tərtib edilmiş inzibati qərarla razı olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024cü il tarixli MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X5 protokolun məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, şikayət vermiş şəxs X3 məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda şikayət vermiş şəxs X3 məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan şikayətinə baxılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxsin izahatını dinləyib məhkəmə hesab edir ki, şikayət əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X4 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 06 iyun 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərarına əsasən 2024-cü ilin aprel ayında X3 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən “Zed Center” adlı obyektdə lisenziya olmadan özəl tibb fəaliyyəti göstərilməsi faktı aşkar edilmişdir. Həmin qərara əsasən vəzifəli şəxs X3 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 5000 manat məbləğində inzibati cərimə növünün tədbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanun (maliyyə bazarları sahəsində istisna olmaqla) Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsinin meyarlarını, onların siyahısını, lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsiplərini, lisenziyanın (icazənin), onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın (icazənin) yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi qaydalarını, lisenziya və icazə verən orqanların, onların vəzifəli şəxslərinin və lisenziya (icazə) sahiblərinin məsuliyyətini tənzimləyir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun (maliyyə bazarları sahəsində istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən, təşkilati hüquqi formasından asılı olmayaraq, bütün hüquqi şəxslərə, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə və fərdi sahibkarlara, habelə lisenziya və icazə verən orqanlara şamil olunur. Həmin Qanunun 1 nömrəli əlavəsində tərtib olunmuş cədvəlin 4-cü sütununun 2-ci bəndindən görünür ki, “Özəl tibb fəaliyyəti” lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına əlavə edilmişdir. Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 510 nömrəli Fərmanı ilə tibb fəaliyyəti xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilmişdir. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü madəsinə əsasən özəl tibb müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən yaradıla bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə digər qaydalar nəzərdə tutulmayıbsa, xarici ölkələrin hüquqi və fiziki şəxsləri, eləcə də Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tərəfindən özəl tibb müəssisələri qanunvericiliklə müəyyən olunmuş qaydada yaradıla bilər. Özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq sertifikatı olan mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Özəl tibb müəssisəsinin akkreditasiyası tibb işçilərinin peşə birliklərinin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Özəl tibb müəssisəsinin yenidən təşkili və ləğv edilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir. Özəl tibb müəssisəsi ləğv edildikdə tibbi sənədlər müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bir ay müddətində qanunvericiliklə müəyyən olunmuş qaydada yaradılan ləğvetmə komissiyasına verilir. Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün inzibati işin materiallarında mövcud olan sübutları məhkəmə araşdırması zamanı müqayisəli şəkildə tədqiq edib, bu sübutlarda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Məhkəmə X1 şikayət ərizəsini əsaslandırdığı xüsasatlara münasibətdə qeyd edir ki, X3 şikayətinin dəlillərini əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər ilə təsdiq edildiyindən, inzibati qərar əsasında X1 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Məhkəmə hesab edir ki, X1 şikayətində göstərdiyi xüsusat, yəni onun əməlində inzibati xəta hadisəsinin olmamağı onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X3 barəsində əsaslı olaraq Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə, yəni lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olmağa görə inzibati məsuliyyətə cəlb edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 06 iyun 2024cü il tarixli, MN seriyalı ******* saylı qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 06 iyun 2024-cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2346/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2346/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver