Məhkəmə qərarları › İş №3(005)-2349/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2349/2021

29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2349/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 447.0.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş MN seriyalı ******* nömrəli, 06 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMC İD********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizliyi sertifikatı olmadan Nərimanov rayonu, Dərnəgül y/s, İslam Abışov küçəsi 16 R ünvanında yerləşən anbarda satmışdır. Bununla da "xxxx" MMC-nin barəsində İXM-in 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X2 bildirdi ki, "xxxx" MMC İran İslam Respublikasından idxal etdiyi sarımsaq məhsulu ilə bağlı qida təhlükəsizliyi sertifikatı almaq üçün 22.06.2020-ci il tarixli, İD********** nömrəli ərizə ilə Agentliyə müraciət etmişdir. "xxxx" MMC ərizəsində məhsulun Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül y/s, İslam Abışov küçəsi 16 R ünvanında olduğunu bildirmişdir. Daha sonra "xxxx" MMC tərəfindən dövlət rüsumu ödənilmədiyi üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 30.07.2021-ci il tarixli qərarı ilə verilmiş qida təhlükəsizliyi sertifikatının ləğv edilməsi barədə qərar qəbul olunmuşdur. Buna müvafiq olaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül y/s, İslam Abışov küçəsi 16 R ünvanına baxış keçirilməsi qərara alınmış, lakin həmin ünvanda məhsul partiyası aşkar edilməmişdir. Göstərilənləri nəzərə alaraq "xxxx" MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İXM-in 64.3-cü maddəsinə müvafiq olaraq "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22.06.2021-ci il tarixli, İD********** nömrəli ərizədən görünür ki, "xxxx" MMC İran İslam Respublikasından idxal edilmiş sarımsaq məhsulu ilə bağlı qida təhlükəsizliyi sertifikatı almaq üçün müraciət etmişdir (ünvan: ünvan 3liyi sertifikatının ləğv edilməsi haqqında 30.07.2020-ci il tarixli, İD********** nömrəli qərardan görünür ki, ərizəçi tərəfindən dövlət rüsumu ödənilmədiyindən "xxxx" MMC-nin 22.06.2020-ci il tarixli, İD********** nömrəli müraciəti əsasında idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatı ləğv edilmişdir; 04.10.2021-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül y/s, İslam Abışov küçəsi 16 R ünvanına baxış keçirilmiş, lakin həmin ünvanda məhsul partiyası aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC İD********** nömrəli müraciət əsasında ölkəyə idxal etdiyi qida məhsullarını qida təhlükəsizliyi sertifikatı olmadan Nərimanov rayonu, Dərnəgül y/s, İslam Abışov küçəsi 16 R ünvanında yerləşən anbarda satmış və bununla da "xxxx" MMC tərəfindən İXM-in 447.0.4-cü maddəsinin tələbləri pozulmuşdur. Hüquqi əsaslandırma: “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun: 19.11-ci maddəsinə əsasən dövlət rüsumunu və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd lisenziya və icazə verən orqana ərizəçi tərəfindən təqdim edildikdən sonra lisenziya və icazə 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim edilmədikdə, lisenziya və icazə lisenziya və icazə verən orqan tərəfindən ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir; Həmin Qanuna 3 saylı Əlavə “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 47-ci bəndində qida təhlükəsizliyi sertifikatının alınması nəzərdə tutulmuşdur. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə qaydaları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın: 2.5-ci bəndinə əsasən sertifikatın alınması üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq ərizə ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət olunmalıdır; 2.14-cü bəndinə əsasən sertifikatın verilməsi və sertifikatın verilməsi üçün dövlət rüsumunun ödənilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq həyata keçirilir. İXM-in 447.0.4-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar