Məhkəmə qərarları › İş №3(005)-2352/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2352/2023

22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2352/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində idarə etdiyi “Opel Astra” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektindəki dairənin arxa hissəsindən heç bir maneə olmadan hərəkət etdikdən sonra DYPİ avtomobili saxlatdırmış və guya hansısa avtomobilə yol vermədiyinə görə İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyini bildirmişdir. O, buna etiraz edib hansı avtomobilə və necə mane olduğunu inspektordan soruşduqda inspektor cavab verməmiş, eləcə də hər hansı bir qayda pozuntusu etməyi barədə sübut təqdim edə bilməyib inzibati xəta protokolunu tərtib edib surətini ona vermişdir. Həmin protokolla bağlı xx.xx.2023-cü il tarixdə TP ******* saylı qərar çıxarılmışdır. Bakı şəhəri DYPİ-nin bu qərarından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1965/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilərək Bakı şəhəri DYPİ-nin qərarı ləğv edilib, iş yenidən baxılması üçün həmin idarəyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri DYPİ-nin nümayəndəsi iştirak edib videogörüntü təqdim etmiş və ona baxıldıqdan sonra xəta təsdiqini tapmadığından hakim Bakı şəhəri DYPİ-nin qərarını ləğv etmişdir. Bununla bağlı qərarın məzmununda hakim işin faktiki hallarına qiymət verdiyini və İXM-nin 327.2-ci maddəsi ilə xəta törətmədiyini vurğulayır, lakin nədənsə işin icraatına xitam vermir. Bu cür inzibati işlərə baxılması ilə bağlı təcrübə göstərir ki, hakim iki halda işi yenidən baxılması üçün qərar çıxarmış quruma göndərər. DYP nümayəndəsi iclaslarda müəyyən səbəbdən ümumiyyətlə iştirak etməsin və ya DYP nümayəndəsi iclaslarda iştirak etsə də, həmin anda sübut təqdim etmək imkanı olmasın və ya buna müəyyən zaman tələb olunduğunu bildirsin. Yəni, qəbul etmiş bu qərarla hakim özünün gəldiyi nəticəni şübhə altına salmışdır. Bütün məsələlər Bakı şəhəri DYPİ-nin nümayəndəsinin iştirakı ilə iclasda araşdırılmış və hüquqi qiymət verilmişdir. Hakimin bu qərarının məntiqsiz olması nəticəsinə gəlirəm, haqlı olan vətəndaşın hüquqlarının pozulmasına, onun dövlət qurumlarına qarşı narazılığın yaranmasına səbəb olmaqla Bakı şəhəri DYPİ ilə məhkəmələr arasında aylarla yersiz gediş-gəlişə vadar edilərək süründürməçilik kimi qəbul edir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X4 çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11:56-da X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbləri pozulduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edir ki, xx.xx.2023-cü il tarixdə saat 11:56-da X5 Bakı şəhəri, Hüseyn Cavid prospekti 9 ünvanında hərəkətdə olan zaman yolun sağ istiqamətində hərəkət edən avtomobillərə yol verməyərək yolayrıcını keçmə qaydasını pozmuşdur. Eyni zamanda xx.xx.2023-cü il tarixdə qeydə alınmış videogörüntülərin əks edildiyi bir ədəd DVD diski məhkəməyə təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayət vermiş X5 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər DYPİ tərəfindən xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X4 tərəfindən təqdim edilmiş bir ədəd “DVD” diskə baxış zamanı müəyyən olunur ki, X5 xx.xx.2023-cü il tarixdə, saat 11:56-da Bakı şəhəri, Hüseyn Cavid prospekti 9 ünvanında hərəkətdə olan zaman yolun sağ tərəfindən hərəkət edən avtomobilə yol vermir və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsində qeyd edilir ki, nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 Bakı şəhəri, Hüseyn Cavid prospekti 9 ünvanında hərəkətdə olarkən hərəkət trayektoriyalarının kəsişməsində sağ tərəfdən hərəkət edən avtomobilə yol vermədən öz istiqamətində yoluna davam edir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X5 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. X1 inzibati xətanı törətməməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və şikayət ərizəsində qeyd etdiyi halları əsaslandırmamışdır. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o, həmin maddədə göstərilən inzibati xətanı törətmişdir və bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X3 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar