Məhkəmə qərarları › İş №3(005)-2359/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2359/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2359/2024 06.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs «Kalyon RSY X16 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun vəkili X3 iştirakı ilə, «Kalyon RSY X16 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «Kalyon RSY X16 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən Ali Durdu barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında verilmiş Qərarı aşağıdakılara görə ləğv olunmalıdır: xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarda qeyd edilmişdir ki, vətəndaşlar X11, X13 və X6 xx.xx.2024-cü ildən bu günədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu səbəbdən onu İnzibati xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən təqsirli bilərək, həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən, 3000 (üç min) manat məbləğində cərimə tətbiq etmişdir. Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsindən işğaldan azad edilmiş torpaqların yenidən qurulması üçün nəzərdə tutulmuş vəsait çərçivəsində, Azərbaycan Respublikası Prezidentinin 13 mart 2021-ci il tarixli 2534 nömrəli Sərəncamı ilə 111 min km uzunluğunda X15 Yolu xəttinin çəkilməsi qərara alınmışdır. Bu məqsədlə, 0-110,5 kilometrlik Horadiz-Ağbənd dəmiryolu xəttinin Tikintisi layihəsi ilə bağlı “Kalyon RSY X16 Ticari İşletmesi” Şirkəti ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2021 -ci il tarixli 67924 nömrəli müqavilə bağlanmışdır. Eyni zamanda 0-123,5 kilometrlik Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisi lahiyəsi ilə bağlı, şirkət ilə X5 Dövlət Agentliyi "xxxx" MMC arasında xx.xx.2021 -ci il tarixli 07 nömrəli müqavilə bağlanmışdır. Müqavilələrin imzalanmasından sonra 2021 -ci ilin ortalarında işlərə başlanılmış və kollektivin böyük bir hissəsini Azərbaycan dövlətinin vətəndaşı olan həmkarları təşkil edir. İşlədikləri layihələrdə şirktətin işçiləri ilə yanaşı subpodratçı şirkətlərin işçiləri də işlərin görülməsinə cəlb edilmişdir. Baş podratçı ilə əldə olunmuş razılığa əsasən, layihələrdə işləyən digər şirkətlərin işçilərinə işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin alınması “Kalyon RSY X16 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən həyata keçirilir. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında verilmiş Qərarda adları qeyd olunan X11, X13 və X6 heç biri Filialın işçiləri deyildir. X11, X13 və X4 işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin alınması EL Grup MMC tərəfindən müraciət edilmişdir. Qeyd olunan müraciətə uyğun olaraq, Filial tərəfindən həmin şəxslərin işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin alınması təmin edilməlidir. Lakin bütün bunlara baxmayaraq, X9 Xidməti hesab etmişdir ki, X11, X13 və X6 əmək müqaviləsi bağlanmadan Filial tərəfindən işlərə cəlb edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab olunur ki, Alı Durdunun əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, İnzibati xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Alı Durdu 14-23 iyul 2024-cü il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində olmuş və xx.xx.2024cü il tarixində Azərbaycan Respublikasına qayıtmışdır. X9 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarı ona xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli "İnzibati tənbeh vermə haqqında“ Qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs «Kalyon RSY X16 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun vəkili X7 çıxış edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2024cü il tarixli MN № ******* nömrəli "İnzibati tənbeh vermə haqqında“ qərarın qanunsuz və əsassız olduğunu bildirmişdir. O, məhkəmə iclasında şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş yenidən araşdırma aparılması üçün həmin orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür ki, X11, X13 və X6 xx.xx.2024-cü il tarixdən bu günədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X19 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 3.000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Alı Durdu 13 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasından Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş və 23 iyul 2024cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Məhkəmə, hazırki şikayətin dəlillərini araşdırarkən ilk əvvəl X20 təqsirli bilindiyi inzibati xətalara dair münasibət bildirməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İXM-in: 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqda törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır (İXM-in 12.1-ci maddəsi). İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün tərəflər arasında əmək münasibətləri mövcud olmalı, yəni işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmalı, həmçinin bu hallar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həyata keçirilməlidir. Hazırki iş üzrə vəzifəli şəxs kimi Alı Durdu barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onun hüquqları pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları təsbit olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman bu halı nəzərə almamışdır. Məhkəmə qeyd edir ki, Alı Durdu tərəfindən işəgötürən kimi işçi X11, X13 və X2 xx.xx.2024cü il tarixdən bu günədək əmək müqaviləsi olmadan işlərə cəlb etməsi ilə bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən edərkən X9 tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Kalyon RSY X16 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdu 13 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasından Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş və 23 iyul 2024cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Bu hallar müfəttişlik tərəfindən araşdırılmamışdır. Bundan başqa X9 Xidməti tərəfindən «Kalyon RSY X16 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdu barəsində inzibati material araşdırılarkən nə X11, X13 və X2, nədə «Kalyon RSY X16 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun iştirakı təmin olunmamış və onların izahatları alınmamışdır. Beləliklə inzibati icraat qanunvericiliyin tələblərinin pozulması ilə aparılmışdır. X9 vəzifəli şəxs kimi Kalyon RSY X16 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə nəticəyə gəlsə də, bu mövqeyini kifayət qədər tutarlı sübutlarla əsaslandıra bilməmişdir. İş üzrə müəyyən edilən sübutlar isə Ali Durdunun göstərilən maddələrlə təqsirliliyini şübhə altına alır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, X11, X13 və X2 əmək müqaviləsi olmadan işlərə cəlb etməsi ilə bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən edərkən X9 tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. X9 vəzifəli şəxs kimi Ali Durdunun İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə nəticəyə gəlsə də, bu mövqeyini kifayət qədər tutarlı sübutlarla əsaslandıra bilməmişdir. İş üzrə müəyyən edilən sübutlar isə Alı Durdunun göstərilən maddələrlə təqsirliliyini şübhə altına alır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin üzərinə düşür. Qeyd edilən orqan Alı Durdunun İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə nəticəyə gələrkən AR DİN tərəfindən faktla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə işin araşdırılması üçün qərar daxil olan zaman Alı Durduya məlumat verilməli, o izahat verməsi üçün çağrılmalı, Alı Durdunun iştirakı təmin olunaraq araşdırma aparılmalı idi. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan X11, X13 və X2 əmək müqaviləsi olmadan işlərə cəlb etməsi ilə bağlı hər hansı hüquqlarının pozulması qənaətinə gəldiyi halda, bu mövqeyini sübutlarla əsaslandırmalı idi. Lakin qeyd edilən orqan yalnız ehtimallara əsaslanaraq Alı Durdunu inzibati məsuliyyətə cəlb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-in: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi «Kalyon RSY X16 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin olunsun və həmin qərar ləğv edilsin. Qərarın surəti yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar