Məhkəmə qərarları › İş №3(005)-2360/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2360/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2360/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2026-ci il tarixdə, saat 23:55-də, Bakı şəhəri, Xətai rayonu, X2, məhəllə 2621 ünvanında də yerləşən obyektin qarşısında duraraq obyektin bağlanmasını gözləyən zaman bir nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq guya siqaret kötüyünü yerə atdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212.4-cii maddəsi ilə (tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə) barəsində qanunsuz və əsassız olaraq EXP ******* saylı protokol tərtib etmişdir.Daha sonra həmin protokol əsasında barəsində inzibati tənbeh vermə haqqında EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli qərar qəbul edilərək mənə 300 manat məbləğində cərimə tətbiq etmişdir.Belə ki, həmin vaxta o, heç bir tütün məmulatları tullantılarını yerə atmamışdır. Yuxarıda qeyd edilən inzibati xətanın törədilməsini təsdiq edəcək hər hansı bir əsaslı sübut və yaxud video görüntü təqdim edilmədən barəsində qanunsuz və əsassız olaraq protokol tərtib edilmişdir.Eyni zamanda tütün məmulatlarından istifadə etmədiyini qeyd etmişdir.Bu səbəbdən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur.Hesab edir ki, EXP ******* saylı,xx.xx.2025-ci il tarixli protokol üzrə barəsində tərtib edilmiş EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli və inzibati xəta ilə bağlı işin icraatına xitam verilməlidir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək EXP ******* nömrəli, xx.xx.2025-ci tarixli qərarın qanunsuz hesab edilərək ləğv olunması, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 300 manat miqdarında cərimə edilmişdir. Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il, axşam 23:55-də tütün məlumatlarının ətraf mühitə atılmasına görə X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X1 İXM-in 212.4-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); - inzibati xəta törətmiş şəxs; - inzibati xəta törətməkdə şəxsin təqsiri; - inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; - inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; - inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; - işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 212.4. Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə - üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xətanın mövcudluğu ilə razılaşmayan X1 barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən onun iştirakı təmin edilməmiş, araşdırma aparılmamış və barəsində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul edilmiş, həmçinin hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM-8.2). İXM-in: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X3 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. Ona görə də, şikayət təmin edilməli, Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar