Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2365/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs – X2 nümayəndəsi və vəkili “Fortiori” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 nümayəndəsi və vəkili “Fortiori” Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 nümayəndəsi və vəkili “Fortiori” Vəkil Bürosunun vəkili Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən MN ******* nömrəli, 17 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar (bundan sonra - Qərar) tərtib edilmişdir. Tərtib edilmiş qərar ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edirlər. X6 (bundan sonra - Ərizəçi) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə (bundan sonra - İdarə) müraciət edərək bildirmişdir ki, 2022-ci ilin yanvar ayından 2023cü ilin mart ayına qədər "xxxx" MMC-də (bundan sonra - Cəmiyyət) əmək müqaviləsi olmadan işləmiş, əmək haqqı 1500 manat təşkil etmiş, mart ayında işinə son verilmiş, lakin son haqq-hesab aparılmadan işdən çıxarılmışdır. Ərizəçi qeyd etmişdir ki, onu işə götürən Elçin adlı şəxs, Cəmiyyətin direktoru isə Famil Ələsgərov olmuşdur. Bununla bağlı bildirir ki, ərizəçi şirkətə heç bir zaman işçi kimi cəlb olunmamış, yalnız X5 adlı şəxs üçün işləmiş, həmin şəxs tərəfindən cəlb olunmuş və onun tapşırığı üzrə işlər icra etmişdir. Ərizəçinin işə cəlb olunduğunu iddia etdiyi vaxtda isə, yəni 2022-ci ilin yanvar ayında, ümumiyyətlə, Cəmiyyətin direktoru Famil Ələsgərov olmamışdır. Qoşmaya əlavə olunmuş çıxarışdan da göründüyü kimi, həmin vaxtda Cəmiyyətin direktoru Seymur Məmmədov olmuşdur. Cəmiyyət süd məhsullarının istehsalı və sonrakı tarixlərdə satışı ilə məşğul olmuş şirkətdir. Şirkət ilk yarandığı dövrlərdə yalnız istehsala diqqət ayırmış, malların satışı və distribusiyası üçüncü şəxslər tərəfindən icra olunmuşdur. S.Məmmədov və Cəmiyyət arasında xidmət münasibətləri olmuş. Cəmiyyətin istehsal etdiyi məhsulların mağazalara satışı bilavasitə fərdi sahibkar S.Məmmədov tərəfindən həyata keçirilmişdir (xidmət müqaviləsi əlavə olunur). Belə ki, Cəmiyyət istehsalını həyata keçirdiyi məhsulların satışı ilə bağlı fəaliyyət ilə məşğul olmamış, bütün məhsullar müqavilə əsasında fərdi sahibkar S.Məmmədova satılmış. S.Məmmədov tərəfindən isə mağazalara tədarük olunmuşdur (müvafiq elektron qaimələr əlavə olunur). Ərizəçi məhz qeyd olunan satış fəaliyyətinin icrası çərçivəsində fərdi sahibkar S.Məmmədov tərəfindən işlərin görülməsinə cəlb olunmuş, onun işçisi olmuşdur. Ərizəçinin izahatında da qeyd etdiyi kimi, vəzifəsi bölgə müdiri olmuş, əmək funksiyaları isə məhsulların satışının həyata keçirilməsindən ibarət olmuşdur. Qeyd olunanlardan da aydın olur ki, bilavasitə məhsul satışı ilə bağlı işlərin görülməsinə cəlb olunmuş Ərizəçinin işəgötürəni satış fəaliyyəti ilə məşğul olmayan Cəmiyyət deyil, məhz həmin məhsulların satışını həyata keçirən fərdi sahibkar S.Məmmədov olmuşdur. Bu səbəbdəndir ki, Ərizəçinin hansı şəraitdə işə qəbul olunması, hansı şərtlərlə əmək fəaliyyətinə cəlb olunması barədə Famil Ələsgərovun heç bir məlumatı olmamış. Ərizəçi və Famil Ələsgərov arasında əmək münasibətləri mövcud olmamışdır. Həmçinin etirazımıza əlavə olunan S.Məmmədov adlı şəxsə göndərilmiş son qaimənin tarixi fevral ayına təsadüf edir. Fevral ayından sonra S.Məmmədov adlı şəxslə münasibətlərə tam olaraq xitam verilmiş, mart ayı ərzində onlar tərəfindən həmin malların satışı tamamlanmış, Ərizəçi və onun işəgötürəni ilə münasibətlərə xitam verilməsi səbəbindən bu formada yalan xarakterli ərizə dövlət orqanına təqdim olunmuşdur. Ərizəçi müraciətində qeyd etdiyi xüsusatların əsası olaraq Cəmiyyətə məxsus domendə adına yaradılmış korporativ elektron poçt ünvanını və yazışmalarını, eləcə də Whatsapp yazışmalarını təqdim etmişdir. Qeyd olunmalıdır ki, sözügedən yazışmalar Cəmiyyət və fərdi sahibkar S.Məmmədov arasında yuxarıda qeyd olunan istehsal-satış münasibətləri çərçivəsində labüd olmuş, Cəmiyyətin istehsalını həyata keçirdiyi məhsulların satışı ilə bağlı S.Məmmədov və onun işçiləri ilə daimi kommunikasiyada olması zəruri olmuşdur. O da nəzərə alınmalıdır ki, Ərizəçinin izahatında qeyd etdiyi tarixlərdən fərqli olaraq korporativ elektron poçt ünvanı üzrə yazışmalar yalnız cari ilin fevral-mart aylarını əhatə etməklə, Ərizəçinin izahatının dəqiqliyi, həqiqiliyi və mötəbərliyi ilə bağlı ciddi şübhə yaratmaqdadır. Göstərilən yazışmalardan əlavə, Ərizəçi izahatında bildirdiyi halları, Famil Ələsgərov ilə əmək münasibətlərini, həmin münasibətlərin şərtlərini və şəraitini sübuta yetirəcək heç bir əsaslı dəlil təqdim edə bilməmişdir. Şikayət vermiş şəxs X2 nümayəndəsi “Fortiori” Vəkil Bürosunun vəkili Nümayəndə verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Seymur Məmmədovla aralarında xidmət müqaviləsi olmuş və bütün satışlar Seymur Məmmədov tərəfindən həyata keçirilmişdir. Mehdiyeva Şəfəq fərdi sahibkar Seymur Məmmədovun işçisi olmuşdur. Qanuni təmsilçi həmin dövr üçün məhz Seymur Məmmədov olmuşdur. İş materiallarındakı bütün sübutlar inzibati xətanın F.Ələsgərov tərəfindən deyil Seymur Məmmədov tərəfindən törədildiyini göstərir. Məhkəmə iclasının vaxti və yeri barəsində xəbərdar edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində izahat vermiş X6 çıxış edərək bildirmişdir ki, onu işə götürüb rəsmiləşdirmək üçün yalnız şəxsiyyət vəsiqəsini istəmişlər. Onu bir il müddətinə işlətdikdən sonra işdən azad ediblər. 2022-ci il yanvar ayından etibarən işə başlamış və xx.xx.2023-cü ildə işdən azad edilmişdir. 1500 manat əmək haqqı almışdır. Əmək haqqını nağd alsa da rəsmi işlədiyini düşünmüşdür. Onun əmək haqqını Famil Ələsgərovun bacısı Flora adlı xanım vermişdir. Onlar dəfələrlə iş yoldaşları ilə birgə şirkətin direktoru Famil Ələsəgərova məxsus bağ evində təşkil edilmiş korporativ tədbirlərdə də iştirak etmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən təqdim edilən fotoşəkil iş yoldaşları ilə korporativdə çəkilmiş şəkildir və həmin fotoşəkildə olan şəxslərdən biri də məhz şirkətin direktoru Famil Ələsgərovdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4000 manat məbləğində cərimə edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)- 2365/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə X2 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsi və ona əlavə olunmuş sənədlərin şikayətçiyə geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1657/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə X2 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsi və ona əlavə olunmuş sənədlərin şikayətçiyə geri qaytarılmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)-2365/2023 nömrəli qərardadı ləğv edilmiş və iş materiallarının X2 nümayəndəsi və vəkili Nümayəndə şikayətinə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Мəhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)- 2365/2023 saylı qərarı ilə (hakim H.E.Kamranov) X2 nümayəndəsi və vəkili “Fortiori” Vəkil Bürosunun vəkili Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1999/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)-2365/2023 saylı qərarı ləğv edilmiş, işin həlli üçün əhəmiyyətli olan halların tam, ətraflı araşdırılması və inzibati xətaya dair material yenidən baxılması üçün Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan X4 izahatları, həmçinin şahid qismində verdiyi izahatından görünür ki, o 2022-ci il yanvar ayından etibarən işə başlamış və xx.xx.2023-cü ildə işdən azad edilmiş, onu işə götürən şəxs Elçin adlı şəxs olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 3(103)-1705/2023 saylı qərarından görünür ki, Ş.Mehdiyeva işə götürülən zaman müsahibə mərhələsində Seymur Məmmədov və Elçin Quliyev iştirak etmişlər. Seymur Məmmədov xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək direktor vəzifəsində çalışmış, Ş.Mehdiyevanın izahatından da onun məhz S.Məmmədov adlı şəxsin direktor olduğu dövrdə işə cəlb edilməsinin iddia edildiyi görünmüşdür. Belə ki, X6 verdiyi izahatında qeyd etmişdir ki, o əmək haqqını nağd şəkildə almış, əmək haqqı Flora adlı xanım tərəfindən verilmişdir. Şəfəq Mehdiyevanın rəsmi əmək müqaviləsi olmadan şirkətin funksiyalarının icrası ilə əlaqədar işə cəlb edildiyinin “Whatsapp” sosial şəbəkəsində qeydə alınmış yazışmalarlada öz təsdiqini tapdığını qeyd etsə də, sözügedən yazışmalarda, həmçinin Ş.Məmmədovanın verdiyi izahatlarında Flora adlı xanımla əlaqə saxlanıldığı görünmüş, həmin şəxsin ümumilikdə MMC-nin işçisi olub-olmaması, olduğu təqdirdə hansı vəzifədə işləməsi və səlahiyyətlərinin nədən ibarət olması aydın olmamış, inzibati orqan tərəfindən bununla bağlı heç bir təsdiqedici sənəd təqdim edilməmişdir, hansı ki sübutetmə yükü inzibati orqanın üzərinə düşür. Məhkəmə, hazırki şikayətin dəlillərini araşdırarkən ilk əvvəl X2 təqsirli bilindiyi inzibati xətaya dair münasibət bildirməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin sadalanan normalarının tələblərindən göründüyü kimi, tərəflər arasında əmək münasibətlərinin yaranması üçün yazılı şəkildə əmək müqaviləsi bağlanılmalı, bu müqavilə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməli, əmək müqaviləsi bildirişi qeydiyyata alınmalı və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməlidir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün tərəflər arasında əmək münasibətləri mövcud olmalı, yəni işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmalı, həmçinin bu hallar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həyata keçirilməlidir. Məhkəmə araşdırması zamanı isə X3 və X6 arasında əmək münasibətlərinin yaranması, yəni sonuncunun müqavilə olmadan müəyyən işlərin görülməsinə cəlb olunması hallarını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin üzərinə düşür. Qeyd edilən orqan X2 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gələrkən hansı sübutlara istinad etməsi, həmçinin X4 əmək müqaviləsindən kənar işlərə cəlb olunması kimi hallara qiymət verib –vermədiyini müəyyən etmək olmur. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Məhkəmə, bütün qeyd edilənlərə əsasən belə bir nəticəyə gəlir ki, X3 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən etmək mümkün deyil. Baxmayaraq ki, İXM-in 8.2-ci maddəsinə əsasən sübutetmək yükü inzibati orqanın üzərinə düşdüyündən və məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmədiyindən X2 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini məhkəmə araşdırması zamanı müəyyən etmək mümkün deyildir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən etmək mümkün olmadığından inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İXM-in: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.5-1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biri də bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin olunsun. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2365/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2365/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver