Məhkəmə qərarları › İş №3(005)-2365/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2365/2024

08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2365/2024 08.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət verən şəxs X5 nümayəndəsi və vəkili X6 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş 18 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X5 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş 18 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X8 Xidmətinin 18 iyul 2024-cü il tarixli, ******* nömrəli qərarı ilə "xxxx" MMC-nin icraçı direktoru olaraq o, İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə icraata inzibati xəta hadisəsi olmaması səbəbindən xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokoldan və qərardan görünür ki, qərar qəbul etmiş vəzifəli şəxsin mövqeyinə əsasən, "xxxx" MMC tərəfindən X9, X7 və X3 xx.xx.2024-cü il tarixindən hazırki vaxtadək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Buna görə də "xxxx" MMC-nin icraçı direktoru olan onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X8 Xidməti tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda, eləcə də inzibati xəta haqqında qərarda qeyd olunmuşdur ki, guya "xxxx" MMC tərəfindən X9, X7 və X3 xx.xx.2024-cü il tarixindən hazırki vaxtadək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Qeyd olunan hal tamamilə əsassız olmaqla, absurddur və bu halı təsdiq edə biləcək hər hansı bir sübut mövcud deyildir. Ümumiyyətlə belə bir halın özü mövcud olmamışdır. Belə ki, DƏMX tərəfindən hazırki inzibati icraat aparılan zaman səlahiyyətli nümayəndəsi həmin icraatda iştirak etmiş, izahat vermiş və müvafiq sübutları Xidmətə təqdim etmişdir. Belə ki, inzibati icraatı aparan DƏMX öz mövqeyini onunla əsaslandırmağa çalışmışdır ki, guya "xxxx" MMC tərəfindən Qarabağ ərazisinə daxil olmaq üçün müvafiq portalda X9, X7 və X3 adına xx.xx.2024-cü il tarixindən icazə alınmış, lakin onların "xxxx" MMC ilə əmək müqaviləsi mövcud deyildir. Bununla bağlı bildirmək istəyir ki, X9 xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixədək, X7 xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək, X3 isə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək rəsmi olaraq "xxxx" MMC-nin işçisi olmuşlar, onlarla rəsmi əmək müqaviləsi mövcud olmuş və sonradan həmin işçilərin öz ərizələrinə (öz istəklərinə) əsasən onlar 2024-cü ilin iyun ayının sonunda işdən azad olunmuş və onlarla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Bu faktlar əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri ilə təsdiq olunur. Belə olan halda aydın olur ki, inzibati xəta haqqında qərarda göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixində və ondan sonrakı dövrdə də həmin şəxslərlə "xxxx" MMC arasında əmək müqavilələri qüvvədə olmuşdur. Bu səbəbdən də hesab edir ki, hazırki halda inzibati xəta hadisəsi mövcud deyildir, barəsində inzibati təhbehin tətbiq edilməsi barədə qərar tam əsassızdır. Bundan əlavə qeyd etmək istəyir ki, "xxxx" MMC ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi və X20 ilə müvafiq müqavilələr bağlanmış və həmin müqavilələrin icrası ilə bağlı "xxxx" MMC tərəfindən Qarabağ regionunda tikinti və sair işləri həyata keçirir. İşlərin icrasını təmin etmək üçün MMC-nin işçilərinin həmin ərazilərə keçidi təmin etmək məqsədilə müvafiq portal vasitəsilə keçid icazələrinin alınması üçün MMC tərəfindən sifarişçi qismində həm Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və həm də X16 müraciətlər olunur. Həmin qurumlar tərəfindən isə portala icazələr vurulur. Hər hansı bir işçi işdən çıxan zaman da yenə eyni qaydada işçilərin keçid icazələrinə xitam verilməsi barədə qeyd olunan qurumlara müraciətlər olunur və onlar tərəfindən icazələr deaktiv olunur. Yəni "xxxx" MMCnin özünün birbaşa olaraq müvafiq portala icazə almaq, eləcə də həmin icazələrə xitamı ilə bağlı müvafiq portala işləmək kimi bir səlahiyyəti yoxdur. Yuxarıda adı çəkilən 3 işçi barədə onların əmək müqavilələrinə xitam verildikdən sonra həmin şəxslərin portaldakı icazələrinə xitam verilməsi ilə bağlı müvafiq olaraq həm Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və həm də X16 müraciətlər olunmuşdur. Hazırki inzibati icraat üzrə eyni məsələ ilə bağlı həm də direktoru olduğu hüquqi şəxs "xxxx" MMC barəsində də eyni protokol tərtib olunaraq baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 3(005)-2136/2024 saylı inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli iclasında qeyd olunan məsələlər araşdırılmış və inzibati xəta haqqında protokolda əks olunanların, yəni "xxxx" MMC tərəfindən X9, X7 və X2 xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri faktının olmadığı müəyyən olunmuş, bu barədə protokol tərtib etmiş orqan tərəfindən müvafiq sübutun təqdim edilməməsi, eləcə də belə bir sübutun mövcud olmadığı müəyyən edilmiş və məhz bu səbəbdən də Məhkəmənin 3(005)-2136/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə tərtib olunmuş inzibati xəta haqqında protokol geri qaytarılmışdır. Barəsində qəbul edilmiş 18 iyul 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında qərarla təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edildiyi Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin dispozisiyasında, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi nəzərdə tutulmuşdur. Belə olan halda aydın olur ki, inzibati xəta haqqında qərarda göstərilən şəxslər həmin müddətdə "xxxx" MMC-nin işçiləri olmuşlar, onlarla müvafiq əmək müqaviləsi qüvvədə olmuşdur. Eləcə də həmin şəxslər heç bir zaman Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişlər. Göründüyü kimi hazırki halda X8 Xidməti tərəfindən barəsində 18 iyul 2024-cü il tarixdə qərar qəbul edilərkən inzibati xəta hadisəsi olmamışdır. Məhz bu səbəbdən də həmin qərar ləğv edilməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması səbəbindən xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 nümayəndəsi və vəkili X11 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, qərarından şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə qərarından şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş 18 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, vətəndaşlar X9, X7 və X3 xx.xx.2024-cü il tarixdən hazırki vaxtadək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə onun barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1212/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqdim edilmiş protokola inzibati xətanın nə vaxt törədilməsini və bu xətanın kim tərəfindən hansı yoxlama nəticəsində aşkar edilməsini təsdiq edən hər hansı sənəd əlavə olunmadığından "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 18 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməli, onun əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Hazırki şəraitdə iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMCnin direktoru X10 işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin əməlin hüquqi şəxs "xxxx" MMC tərəfindən törədilməsinə dair Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Lakin, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-1212/2024 saylı qərarı ilə Archico” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinə geri qaytarılmışdır. Beləliklə aydın olur ki, X10 işçilərin əmək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsindən ibarət eyni əmələ görə iki subyektin, yəni həm hüquqi şəxs, həm də onun vəzifəli şəxsi məsuliyyətə cəlb edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilir ki, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Məhkəmə, indiki vəziyyətdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-1212/2024 saylı qərarı ilə X9, X7 və X3 oğlunun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinə görə "xxxx" MMC-nin barəsində tərtib edilmiş protokolun geri qaytarılmasını, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-1212/2024 saylı qərarının hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməsini nəzərə alır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi "xxxx" MMC-nin direktoru X5 əməlində inzibati xəta tərkibi olmadığından, onun şikayəti təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin rəis müavini X4 tərəfindən qəbul edilmiş 18 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və "xxxx" MMC-nin direktoru X5 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X5 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin rəis müavini X4 tərəfindən qəbul edilmiş 18 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar