Məhkəmə qərarları › İş №3(005)-2368/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2368/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2368/2025 22.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri DYPŞ-nin nümayəndəsi X2, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakları ilə, Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini və xeyrinə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, idarə etdiyi “Chevrolet Malibu” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tbilisi prospektində dönmə əməliyyatı etdiyi zaman DYP əməkdaşları ona işıqforun qadağan edici işığında hərəkət etdiyini bildirərək 100 manat cərimə və 3 bal yazmışdır. Bildirir ki, həmin yerdə İzmir küçəsindən Tbilisi prospektinə dönərkən sağ zolaq ayrıca bir zolaqdır və yolun sağ hissəsində hərəkəti qadağan edən lövhə və ya işıqfor yoxdur. Sadəcə sağa dönmə işarəsi var və işıqfor ancaq sol hissədə yerləşir, sol zolaqların qarşısında stop xətti var. Qeyd olunanlara əsasən TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən X6 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, şikayəti əsaslıdır. Məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X4 oğlu çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21:48-də Asim Musayev Bakı şəhəri, Tbilisi prospekti 27 ünvanında idarə etdiyi “Chevrolet Malibu” minik markalı, **- LJ-*** dövlət qeydiyyan nişanlı nəqliyyat vasitəsi ilə svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Asim Musayevin gətirdiyi əsaslar qanuni deyildir, belə ki, kəsişən yol ayrıcında işıqforun sağa və ya sola dönməni işarə edən əlavə lövhəsi varsa bu halda yol hərəkətinin iştirakçıları həmin lövhələrin işarəsinə uyğun olaraq hərəkətini tənzimləməlidirlər. İnzibati xəta hadisəsinin baş verdiyi işıqforla nizamlanan həmin yol ayrıcında işıqforun sağa və ya sola hərəkətin davam etdirilməsini təmin edən heç bir lövhəsi yoxdur və quraşdırılmamışdır. Məhkəməyə təqdim edilən video görüntülərdən də göründüyü kimi Asim Musayev avtomobil ilə hərəkətini davam etdirərək işıqforun qadağanedici qırmızı işığında yol ayrıcına daxil olmuşdur. Asim Musayev barəsində inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğuna görə şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, ASİM MUSAEV xx.xx.2025-ci il saat 21:48-də “Bakı, Tbilisi pr. 27”-də “Chevrolet Malibu” minik markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, A.Musayev tərəfindən inzibati xətanın törədilmədiyi bildirilsə də, şəxs bu barədə məhkəməyə əsaslı dəlil təqdim edə bilməmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanununun: 59-cu maddəsinə əsasən: İ. Yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir (3 saylı Əlavə). İİ. Təyinatından asılı olaraq svetofor siqnalları dairəvi formalı, ox (oxlar), piyadanın və ya velosipedin silueti şəklində və X formalı ola bilər. Dairəvi siqnallı svetoforların yaşıl ox (oxlar) şəklində bir və ya iki əlavə bölməsi ola bilər: həmin bölmələr dairəvi yaşıl siqnalın səviyyəsində yerləşdirilir. İİİ. Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır: 5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi - bu siqnal hərəkəti qadağan edir; 6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması - bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. İV. Svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola dönməyə icazə verən ox, müvafiq yol nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda, geriyə dönməyə də icazə verir. Əlavə bölmədəki yaşıl oxun da mənası belədir. Əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir. Vİ-İ. Svetoforun qırmızı işıq bölməsinin sağında (üfüqi yerləşdirilmiş svetoforda qırmızı işıq bölməsinin solunda) quraşdırılmış 5.53 nişanı bu yolayrıcında svetoforun siqnalından asılı olmayaraq bu Qanunun 76-cı maddəsinin İİ hissəsinin tələblərinə və həmin manevrin qaydalarına riayət etməklə sağa dönməyə icazə verildiyini bildirir. 60-cı maddəsinə əsasən: İ. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. İİ. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 76-cı maddəsinə əsasən: İİ. Svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. 5.53 nişanı tətbiq edilməklə daimi sağa dönməyə icazə verilmiş yolayrıcında sağa dönən sürücü digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissələrini keçməkdə olan və hərəkətinə icazə verilmiş piyadalara yol verməlidir. İV. Svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X6 şikayət ərizəsində inzibati xəta törətmədiyi, işıqforun qırmızı siqnalının onun hərəkət zolağına aidiyyətinin olmadığını bildirsə də, məhkəmə iclasında inzibati xəta hadisəsini özündə əks etdirən “CD” diskdəki videogörüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, X6 xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Chevrolet Malibu” minik markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Tbilisi prospekti 27 ünvanında hərəkətdə olarkən işıqforun hərəkəti qadağan edən qırmızı rəngli işığı yanarkən hərəkətinə davam edərək kəsişən yolayrıcına daxil olmaqla yol hərəkəti qaydalarını pozmaqla ona istinad olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunan yolda quraşdırılmış işıqforun qırmızı işıq bölməsinin sağında (üfüqi yerləşdirilmiş svetoforda qırmızı işıq bölməsinin solunda) svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda sağa dönməyə icazə verən əlavə bölmə, eləcə də yolayrıcında svetoforun siqnalından asılı olmayaraq sağa dönməyə icazə verən 5.53 nişanı quraşdırılmamışdır. Bu isə o deməkdir ki, sürücü svetoforun qadağanedici işığında hərəkətini dayandırmalıdır. Bundan başqa qeyd edilməlidir ki, belə bir bölmə olduğu halda da svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. 5.53 nişanı tətbiq edilməklə daimi sağa dönməyə icazə verilmiş yolayrıcında sağa dönən sürücü digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissələrini keçməkdə olan və hərəkətinə icazə verilmiş piyadalara yol verməlidir. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. İş materiallarından göründüyü kimi Asim Musayev idarə etdiyi nəqliyyat vasitəsini inzibati xəta hadisəsinin baş verdiyi vaxt svetoforun qadağanedici siqnalı verildikdə kəsişən yolun hərəkət hissəsi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayandırmalı olduğu halda hərəkətini davam etdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin normalarını və inzibati xəta haqqında iş materiallarını, Azərbaycan Respublikası İXM-in 135-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün digər əsasların mövcud olmadığını nəzərə alaraq nəticəyə gəlir ki, X3 şikayəti təmin edilməməli, Yasamal rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137- ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Yasamal rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar