Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2376/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili “Kredo” Vəkil Bürosunun vəkili X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 253.3.1, 253-1.2.1 və 253-1.2.2-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs MMC barəsində İXM-in 253.3.1, 253-1.2.1 və 253-1.2.2-ci maddələri ilə MN seriyalı ******* nömrəli, 28 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli və Təbriz küçələrinin kəsişməsində tikinti işləri zamanı müvafiq icazə sənədləri olmadan 7 (ədəd) ədəd ağacın götürülməsi (məhv edilməsi) və 3 (üç) ədəd ağacın yerinin dəyişdirilməsi aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 253.3.1, 253-1.2.1 və 253-1.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili X2 izahatında göstərdi ki, Şəxs MMC-nin İXM-in 253.3.1, 253-1.2.1 və 253-1.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə icraat qanunvericiliyin pozulması ilə aparılmışdır. Belə ki, icraatla bağlı hüquqi şəxsə məlumat verilməmiş, inzibati xəta haqqında protokol hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan tərtib edilmişdir. Həmçinin, tikinti aparılan, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli və Təbriz küçələrinin kəsişməsində yerləşən 0,92 ha ərazi Şəxs MMCnin xüsusi mülkiyyətindədir. Bu hal isə İXM-in 253 maddəsinin “Qeyd” hissəsinə əsasən Şəxs MMC-ni məsuliyyətdən azad edir. Bundan başqa qeyd etdi ki, sözügedən ərazidə olan yaşıllıqlar başqa şəxslər tərəfindən də götürülə və ya kəsilə bilərdi. Bu hallara görə Şəxs MMC məsuliyyət daşımamalıdır. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 izahatında göstərdi ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli və Təbriz küçələrinin kəsişməsində tikinti aparan şirkət Şəxs MMC-nin 10-a yaxın ağacı kəsməsi barədə vətəndaş Həsənova Səmayə və Məmmədov Arzu tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olmuş müraciət İdarənin 07.09.2021-ci il tarixli 119 saylı sərəncamına əsasən yerində araşdırılmışdır. Araşdırma ilə əlaqədar əraziyə baxış keçirilərkən C.Hacıbəyli, S.Zeynalov və Təbriz küçələrini əhatə edən ərazidə Şəxs MMC tərəfindən hündürmərtəbəli yaşayış binalarının tikintisinin aparıldığı müəyyən olunmuşdur. Əraziyə keçirilən baxış zamanı özül qazıntı işlərinin aparıldığı aydın olmuşdur. Baxış zamanı ərazinin əvvəlki fotoşəkilləri ilə ərazinin mövcud vəziyyəti müqayisə olunan zaman binanın qarşısındakı parkın ətrafında tikinti işləri zamanı müvafiq icazə sənədləri olmadan 7 (ədəd) ədəd ağacın götürülməsi (məhv edilməsi) və 3 (üç) ədəd ağacın yerinin dəyişdirilməsi aşkar edilmişdir. Bütün bu hallar müvafiq aktla rəsmiləşdirilmişdir. Nəticədə Şəxs MMC-nin İXM-in 253.3.1, 253-1.2.1 və 253-1.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndələri icraat barəsində məlumatlandırılmış, əraziyə baxış keçirilən zaman tərtib olunan müvafiq aktdan məlumatlı olmuş, lakin əsassız olaraq təqdim edilmiş sənədləri imzalamaqdan və qəbul etməkdən imtina etmişdir. Həmçinin, yaşıllığın götürülməsinə dair Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hər hansı müraciət daxil olmamışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 253.3.1 və 253-1.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 21 may 2019-cu il tarixli, ER-22/196 nömrəli ekoloji ekspertiza rəyindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə olan fərdi yaşayış evlərinin qəzalı vəziyyətdə olmasını, layihəyə əsasən ərazidə normativ tələblərə müvafiq qaydada yaşıllıqlar salınacağını nəzərə alaraq “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin tələblərinə əsasən layihə sənədini razılaşdırır. Eyni zamanda bildirir ki, işlərin icrası zamanı ərazidə tikinti altına düşməyən mövcud yaşıllıqlar tam mühafizə olunmalı, onların maşın və mexanizmlərin istifadəsi zamanı zədələnməsi hallarına yol verilməməli, hazırkı mərhələ üzrə tikinti altına düşməsinin zəruriliyi müəyyən olunmuş 1 ədəd Ayland ağacının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.08.2010-cı il tarixli, 321 nömrəli Qərarının tələblərinə uyğun olaraq Nərimanov rayon İcra Hakimiyyətinin müraciəti əsasında rəy almaqla, qəbul olunacaq qərar əsasında götürülməsinin təmin olunması kimi ekoloji tələblərə riayət olunmalıdır; Şəxs MMC-nin tikinti sahəsində aparılan yoxlama zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 28 sentyabr 2021-ci il tarixli, 72332 nömrəli aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində tikinti aparan şirkət Şəxs MMC-nin 10-a yaxın ağacı kəsməsi barədə Həsənova Səmayə və Məmmədov Arzu tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olmuş müraciət İdarənin 07.09.2021-ci il tarixli, 119 saylı sərəncamına əsasən şikayətçinin iştirakı ilə yerində araşdırılmışdır. Həsənova Səmayə foto və videogörüntü təqdim etdi, lakin iştirak etmədi. Araşdırma ilə əlaqədar əraziyə baxış keçirilərkən C.Hacıbəyli, S.Zeynalov və Təbriz küçələrini əhatə edən ərazidə Şəxs MMC tərəfindən hündürmərtəbəli yaşayış binalarının tikintisinin aparıldığı müəyyən olunmuşdur. Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı qərarını rəhbər tutaraq Nərimanov rayon İcra Hakimiyyəti başçısının 21 dekabr 2017-ci il tarixli 529 nömrəli sərəncamı və 22.12.2017-ci il tarixli 26/17 nömrəli ayrıc aktı ilə Bakı şəhəri, Nərimanov rayonu, Sahib Zeynalov, Təbriz və Ceyhun Hacıbəyli küçələrinin əhatə etdiyi ümumi sahəsi 0,92 ha olan ərazidə istismara yararsız yaşayış binalarının sökülərək yerində Şəxs MMC tərəfindən yeni hündürmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilmişdir. Tikinti işlərinin lahiyə sənədlərinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən 21.05.2019-cu il tarixli ER- 22/196 nömrəli ekoloji ekspertiza rəyi verilmişdir. Əraziyə keçirilən baxış zamanı özül qazıntı işlərinin aparıldığı və təqdim edilmiş ərazinin əvvəlki fotoşəkilləri ilə hazırki vəziyyəti müqayisə olunan zaman binanın qarşısındakı parkın ətrafında mövcud olmuş 10 ədəd ağacın götürüldüyü müəyyən edildi. Araşdırma zamanı 3 ədəd ağacın digər ərazidə əkildiyi (yerinin dəyişdirildiyi) müəyyən olundu; Hadisə yerinin fotoşəkillərinə müqayisəli baxış zamanı müəyyən edildi ki, tikinti işləri aparılan ərazidə tikinti zamanı əvvəllər mövcud olmuş ağaclar götürülmüşdür; “Çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” Bakı şəhəri Nərimanov rayon icra hakimiyyəti başçısının 21.12.2017-ci il tarixli, 529 nömrəli Sərəncamından görünür ki, Nərimanov rayonu Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə 0,92 ha torpaq sahəsi Şəxs MMC-nin daimi istifadəsinə verilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Bakı şəhəri Nərimanov RİHB-nin 29.12.2017-ci il tarixli sərəncamı ilə Şəxs MMC-nin Nərimanov rayonu, Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bunyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində, qəzalı vəziyyətdə olan yaşayış binalarının yerləşdiyi 0,92 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikintisinin aparılmasına dair ərazi planlaşdırma sənədləri təsdiq olunmuş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən 21.05.2019-cu il tarixli ER- 22/196 nömrəli ekoloji ekspertiza rəyi verilmişdir. Şikayət əsasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən həmin tikinti sahəsinə keçirilən baxış zamanı özül qazıntı işlərinin aparıldığı və əvvəl çəkilmiş fotoşəkillərlə ərazinin mövcud vəziyyəti müqayisə olunan zaman binanın qarşısındakı parkın ətrafında mövcud olmuş 10 ədəd ağacın götürüldüyü (3 ağacın yerinin dəyişdirildiyi) müəyyən edilmişdir. Göstərilən fakt idarənin əməkdaşları tərəfindən tərtib olunmuş 28 sentyabr 2021-ci il tarixli aktda öz əksini tapmışdır. Bununla da, Şəxs MMC tərəfindən tikinti sahəsinə dair ekoloji ekspertiza rəyində qeyd edilən layihələndirmə zamanı ayrılması nəzərdə tutulmuş ərazinin hüdudları daxilində yerləşən məhəllədaxili yaşıllıqların ciddi mühafizə olunmasını təmin etməsi şərtinə əməl edilməməsi, 10 ədəd ağacın qanunsuz götürülməsi, həmçinin yaşıllıqların götürülməsi qaydasını pozaraq yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsi, yəni İXM-in 253.3.1 və 253-1.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi öz təsdiqini tapır. Hüquqi əsaslandırma: “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir; 13.1-ci maddəsinə əsasən dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndiskommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə yol verilir; 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır; 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının (bu halda bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla yerli icra hakimiyyəti orqanları) və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır; 13.5-ci maddəsinə əsasən qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır; 13.6-cı maddəsinə əsasən yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən orqanın və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə yaşıllığı götürən şəxs tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir; 13.7-ci maddəsinə əsasən bu Qanunun 13.1.1-ci maddəsində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir; 13.8-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan respublikasının Nazirlər Kabineti) müəyyən edir; 19-cu maddəsinə əsasən yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək, yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə onları aidiyyəti üzrə göndərmək hüququna malikdir; 24-cü maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. Sözügedən qaydalarda yaşıllıqların götürülməsinə rəyin verilməsi, yaşıllığın götürülməsi vərəqinin forması və tətbiqi qaydaları müəyyən edilmişdir. Həmin Qaydaların: 1.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir; 2.2-ci bəndində yaşıllıqların götürülməsinə yol verilən hallar göstərilmişdir ki, həmin hallar “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulmuş hallarla eyniyyət təşkil edir; 2.4-cü bəndinə əsasən fiziki və hüquqi şəxslər bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər; 2.9-cu bəndinə əsasən istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. İXM-in: 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir; 253.3 və 253.3.1-ci maddələrinə əsasən eyni inzibati xəta şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə - fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir; 253-1.2, 253-1.2.1 və 253-1.2.2-ci maddələrinə əsasən yaşıllıqların götürülməsi qaydasının pozulmasına, yəni müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə, yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə - fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Sadalananlardan göründüyü kimi, qanunvericiliklə yaşıllıqların götürülməsinə yol verilən halların dairəsi dəqiq müəyyən olunmuş və bu hallardan başqa yaşıllıqların götürülməsi qadağan olunaraq həmin hərəkətlərə görə qanunla məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, qanunvericilikdə yaşıllıqların götürülməsinə dair müraciət olunacaq və buna dair müvafiq qərar qəbul etmə səlahiyyəti olan qurumların siyahısı və həmin qərarın qəbul edilməsi proseduru dəqiq müəyyən olunmuşdur. Belə ki, qanunvericiliyin tələbinə əsasən yaşıllıqların götürülməsinə dair qərar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla qəbul edilməlidir. Hazırki iş üzrə qanunvericiliyin sadalanan tələblərinin Şəxs MMC tərəfindən pozulması müəyyən edilmişdir ki, həmin hallara görə adı çəkilən hüquqi şəxs məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə, Şəxs MMC-nin İXM-in 253-1.2.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması məsələsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-in 253-1.2.1-ci maddəsində yaşıllıqların götürülməsi qaydasının pozulmasına, yəni müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə fiziki, vəzifəli və hüquqi şəxslər barəsində məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında araşdırılan sübutlarla Şəxs MMC tərəfindən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin şəhərlərdə yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən qanunsuz götürülməsi, həmçinin yaşıllıqların götürülməsi qaydasını pozaraq yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsi kimi hərəkətlərə yol verildiyi müəyyən edilmişdir ki, həmin hərəkətlər İXM-in 253.3.1 və 253-1.2.2-ci maddələri ilə əhatə olunur. Lakin, Şəxs MMC tərəfindən İXM-in 253-1.2.1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsi halları hazırki iş üzrə müəyyən olunmamışdır. Belə ki, yuxarıda sadalalan qanunvericilik aktlarından da göründüyü kimi yaşıllığın götürülməsi haqqında qərar müvafiq mərkəzi icra hakimiyyəti orqanı, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qəbul edilir (Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.9-cu bəndi). İşin hallarından da göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən ümumiyyətlə yaşıllığın götürülməsi ilə bağlı müraciət olunmamışdır. Halbuki, həmin müraciət olduğu təqdirdə yaşıllığın götürülməsi barədə qərar qəbul etmək səlahiyyəti olan orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanının (yəni, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi) rəyi alınır. Yəni, yaşıllığın götürülməsi barədə qərar qəbul etmək səlahiyyəti olan orqan tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan və ya həmin rəy nəzərə alınmadan müvafiq qərarın qəbul edilməsi İXM-in 253- 1.2.1-ci maddəsi ilə məsuliyyətə səbəb ola bilər. Bundan başqa, iş materiallarından da aydın olduğu kimi Şəxs MMC və ya onun vəzifəli şəxsi tərəfindən yaşıllığın götürülməsinə dair müvafiq qərar qəbul edilməmişdir. Ümumiyyətlə, Şəxs MMC tərəfindən belə bir qərarın qəbul edilməsinə dair məhkəməyə sübut təqdim edilməmiş, həmçinin inzibati xəta haqqında protokolda həmin xətanın mahiyyəti açıqlanmamışdır. Buna görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Şəxs MMC tərəfindən İXM-in 253-1.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirliliyi sübuta yetirilmədiyi üçün iş üzrə icraata həmin hissədə xitam verilməlidir (İXM-in 53.2-ci maddəsi). Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkilinin Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli və Təbriz küçələrinin kəsişməsində tikinti aparılan ərazinin Şəxs MMC-nin xüsusi mülkiyyətində olması və bu səbəbdən adı çəkilən hüquqi şəxsin hərəkətlərində İXMin 253.3.1 və 253-1.2.2-ci maddələrinin tərkibinin olmamasına dair bildirir ki, iş materiallarında olan “Çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” Bakı şəhəri Nərimanov rayon icra hakimiyyəti başçısının 21.12.2017-ci il tarixli, 529 nömrəli Sərəncamından da göründüyü kimi Nərimanov rayonu Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə 0,92 ha torpaq sahəsi Şəxs MMCnin daimi istifadəsinə verilmişdir. Həmin ərazinin Şəxs MMC-nin daimi istifadəsinə verilməsi isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin dəlillərinin əsassız olması qənaətinə gəlməyə əsas verməklə Şəxs MMCnin hərəkətlərinin İXM-in 253-cü maddəsinin “Qeyd” hissəsinin təsir dairəsinə düşməsini istisna edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkilinin həmin ərazidə olan yaşıllıqların başqa şəxslər tərəfindən götürülməsi ehtimalının olması ilə bağlı dəlillərinə dair qeyd edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti meydançası tikinti ərazisində tikintinin aparılması üçün zəruri olan torpaq sahəsidir. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən tikinti meydançasının təşkilində məqsəd tikinti işlərinin təhlükəsizlik tələblərinə, eləcə də şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən olunmuş digər tələblərə uyğun aparılmasını təmin etməkdən ibarətdir. Tikinti meydançasının sərhədləri tikinti layihələri əsasında müəyyənləşdirilir. Tikinti zamanı üçüncü şəxslərə ziyan vurulmasının qarşısını almaq məqsədilə tikinti meydançası tikinti işlərinə başlamazdan əvvəl hasara alınmalı (reklam qurğularının tikintisi zamanı istisna olmaqla) və müvafiq xəbərdarlıq nişanları quraşdırılmalıdır. Hasarlar tikinti işlərinin aparılması zamanı tikinti materiallarının və məmulatının tikinti meydançasından kənara düşməsinin qarşısını ala bilməli və işıqlandırılmalıdır. Tikintiyə icazədə tikinti ərazisində olan ağacların, kolların və digər yaşıllıqların mühafizəsi tədbirləri nəzərdə tutulmalıdır. Tikinti layihələrinin icrası nəticəsində götürülən yaşıllıqların miqdarı, növ tərkibi və bərpa dəyəri haqqında məlumatlar tikinti layihəsinin ekologiya bölməsinə daxil edilir. Məhz bu əsasla da “Çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” Bakı şəhəri Nərimanov rayon icra hakimiyyəti başçısının 21.12.2017-ci il tarixli, 529 nömrəli Sərəncamında Nərimanov rayonu Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində Şəxs MMC-yə ayrılmış 0,92 ha torpaq sahəsində tikinti zamanı yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınması nəzərdə tutulmuşdur (əsas: həmin Sərəncamın 6-cı bəndi). Həmçinin, qanunvericiliyin tələblərindən də göründüyü kimi tikinti meydançasında bütün təhlükəsizlik tədbirləri və yaşıllıqların mühafizəsi Şəxs MMC tərəfindən görülməli idi. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 253.3.1 və 253- 1.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi öz təsdiqini tapdığından, hüquqi şəxs həmin maddələrdə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 253.3.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, İXMin 253-1.2.1-ci maddəsinə münasibətdə isə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, həmçinin Şəxs MMC barəsində tətbiq olunan inzibati cərimə tənbeh tədbirinin miqdarını müəyyən edərkən, onun tərəfindən qanunsuz götürülən ağaclarının sayının 10 ədəd olmasını, həmçinin İXM-in 25.4-cü maddəsinin tələblərini nəzərə almağı məqsədəmüvafiq hesab edir. Belə ki, hüquqi şəxsin məsuliyyətə cəlb olunduğu İXM-in 253.3.1-ci maddəsinin sanksiyasında götürülən hər bir ağaca görə otuz beş min manat miqdarda cərimə tətbiq edilməsi nəzərdə tutulsa da, həmin Məcəllənin 25.4-cü maddəsi manatla hesablanan və inzibati xətalara görə hüquqi şəxslərdən alınan inzibati cərimənin miqdarının əlli min manatdan artıq ola bilməməsini təsbit edir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 53, 55, 114,115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1 və 253- 1.2.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50000 (əlli min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirləndirilməsinə dair iş üzrə icraata həmin hissədə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-2376/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2376/2021
11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver