Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2378/2024 13.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2, X1 iştirakları ilə, "xxxx" MMC-nin rəhbəri Musab Tuncbilek barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X8 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1307/2024 saylı, 06 aprel 2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar "xxxx" MMC-nin rəhbəri Musab Tuncbilek barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Nərimanov Rayon İcra şöbəsinin Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1307/2024 saylı, 06 aprel 2024-cü il tarixli icra sənədi üzrə öhdəliyi təmin olunmamışdır. Göstərilənlərə əsasən, borclu "xxxx" MMC-nin rəhbəri Musab Tuncbilek Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X5 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar X6 çıxış edərək bildirmişdir ki, o, 24 noyabr 2023-cü il tarixdə öz istəyi ilə ərizə yazaraq Puza Academy Azərbaycan Təhsil Mərkəzindən işdən ayrılsa da, onu 27 noyabr 2023-cü il tarixə qədər gözlətmişlər, daha sonra isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. "xxxx" MMC fəaliyyətini dayandırmamışdır hazırda başqa adla fəaliyyətinə davam edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli icra vərəqəsi Musab Tuncbilek tərəfindən qərəzli olaraq icra edilmir. Bu səbəbdən Musab Tuncbilekin barəsində qanunla müəyyən olunmuş qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin rəhbəri Musab Tuncbilek məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin rəhbəri Musab Tuncbilekin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1307/2024 saylı, 06 aprel 2024-cü il tarixli icra sənədinə əsasən, iddianın qismən təmin edilməsi, "xxxx" MMC-nin X7 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, X4 "xxxx" MMC-nə müəllim vəzifəsinə bərpa edilsməsi və ona xx.xx.2023cü il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, mülki iş üzrə 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, "xxxx" MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1307/2024 saylı, 06 aprel 2024-cü il tarixli icra vərəqinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Musab Tuncbilek icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubları ilə cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə "xxxx" MMC-nin rəhbəri Musab Tuncbilekin hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin rəhbəri Musab Tuncbilekin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" MMC-nin rəhbəri Musab Tuncbilek Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin rəhbəri Musab Tuncbilekə inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Musab Tuncbilek Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2378/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2378/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver