Məhkəmə qərarları › İş №3(005)-2397/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2397/2020

04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2397/2020 04.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, X3 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin sahə rəisi T.Ağayev tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin sahə rəisi T.Ağayev tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Nərimanov rayonu ərazisində “xxxxxxxxxxxx” QSC ilə rəsmi müqavilə əsasında “Topaz” məntəqəsi (agent olaraq) işlədir. xx.xx.2020-ci il tarixində Nərimanov RPİ 18-ci Polis Bölməsinin əməkdaşları fəaliyyət göstərdiyi obyektə - “Topaz” məntəqəsinə gələrək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211.1-ci maddəsi ilə MN0628456 nömrəli inzibati xəta haqqında protokol qəbul etmişlər. Polis əməkdaşları protokolun tərtib olunmasına əsas kimi karantin rejimi dövründə Nazirlər Kabinetinin icazə vermədiyi fəaliyyətlər sahəsinə daxil olan xidmətlə məşğul olmasını bildirmişlər. İnzibati tənbeh tətbiq etmə haqqında qərar qanunvericiliyin tələblərinin kobudcasına pozulması ilə qəbul edildiyindən ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, Nazirlər Kabinetinin 163, 178, 196, 327, 282, 294, 323 saylı qərarları ilə karantin rejimi dövründə fəaliyyəti qadağan edilən ictimai iaşə və digər müəssisələrin fəaliyyəti tənzimlənir. Nazirlər Kabinetinin 8 sentyabr tarixində qüvvəyə minən 4 sentyabr tarixli 323 nömrəli qərarı ilə əksər müəssisələrin fəaliyyətinə icazə verilmiş və yumşalmalar başlanılmışdır. Onlara isə inzibati tənbeh 9 sentyabr tarixində tətbiq edilmişdir. Nazirlər Kabinetinin qərarların heç birində onların fəaliyyətlərini qadağan edən müddəa yoxdur. Buna baxmayaraq onlar həmin tarixə qədər yalnız online qaydada fəaliyyət göstərmişlər. Heç bir müştəri qəbul etməmişlər. Onların fəaliyyətləri də qadağan edilməmişdir və ASAN icazə sistemindən istifadə edərək fəaliyyət göstərmişlər. Polis əməkdaşları onların ünvana baxış keçirərkən belə onlar müştəri qəbul etməmişlər. Bununla bağlı polis əməkdaşlarında heç bir sübut yoxdur. “xxxxxxxxxxxx” QSC tərəfindən Nazirlər Kabinetinə xx.xx.2020-ci il tarixində məktubla müraciət edilmişdir. Müraciətdə məqsəd həqiqətən onların fəaliyyətlərinin qadağan edilib-edilməməsinin təsdiqini öyrənmək idi. Həmin məktub nəzərə alınaraq Nazirlər Kabineti tərəfindən DİN-ə, İqtisadiyyat Nazirliyinə fəaliyyətlərinin məhdudlaşdırılmaması ilə bağlı göstəriş verilmişdir. Məhkəməyə müraciət etdikləri tarixdə xx.xx.2020-ci il tarixində bütün Respublika üzrə Topaz agentləri heç bir məhdudlaşdırma olmadan fəaliyyətlərini davam etdirməkdədirlər. Qeyd etdikləri halları nəzərə alaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğvi və inzibat xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili X4 çıxış edərək bildirmişdir ki, o, idman mərc oyunları üzrə operator qismində çıxış edən “xxxxxxxxxxxx” QSC ilə imzalanmış Ticarət (agent) nümayəndəsi haqqında müqaviləyə əsasən idman mərc oyunları biletlərinin satıcısı kimi fəaliyyət göstərir. Stasionar satıcı operatorla (xxxxxxxxxxxx) müqaviləyə əsasən fəaliyyət göstərən və mərc oyunun iştirakçıları ilə operator arasındakı bütün əlaqələri stasionar terminallar vasitəsilə mərkəzi mərc sisteminə bağlı olaraq təmin edən hüquqi və ya fiziki şəxsdir. Bu fəaliyyət üzrə əldə olunan gəlir bir neçə ailənin dolanışıq mənbəyini təşkil etməkdədir. Bütün fəaliyyətin müddəti ərzində əldə etdiyi gəlir üzrə qanunvericiliyə əsasən bütün öhdəliklərini qəpiyinə qədər yerinə yetirir. Əməkdaşlar tərəfindən protokol tərtib edilərkən qeyd olunan ünvanda idman mərc oyunları üzrə heç bir fəaliyyət olmamış və hər-hansı bir bilet satışı da həyata keçirilməmişdir. Hətta həmin ünvanda qeyd olunan tarixdə hər-hansı bir fəaliyyət həyata keçirilmiş olsaydı belə bu Nazirlər Kabinetinin qərarı ilə qadağan edilən fəaliyyət sahələrinə aid deyildir. Hal-hazırda da Respublika üzrə “Topaz” agentləri heç bir məhdudiyyət olmadan fəaliyyətlərini karantin rejiminin qaydalarına uyğun davam etdirməkdədirlər. Odur ki, Elşən Əhmədov barəsində xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə inspektoru R.İlyasov tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx xxxxxxxx 2020-ci il tarixdə karantin rejimi qaydasını pozmuş, nəticədə İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin sahə rəisi T.Ağayev tərəfindən qəbul edilmiş 09 sentyabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx xxxxxxxx 2020-ci il tarixdə karantin rejimini pozduğuna görə İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi Azərbaycan Respublikası ərazisində adamların sağlamlığının qorunmasında və möhkəmləndirilməsində, cismən və ruhən inkişafında, fəal uzunömürlüyündə vətəndaşların və cəmiyyətin hüquq və mənafelərini həyata keçirməyin zəruri şərti kimi əhalinin sanitariyaepidemioloji salamatlığı sahəsində ictimai münasibətləri tənzimləyir; 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələri aşağıdakılardır: - dövlət orqanlarının, ictimai birliklərin, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların bu sahədə hüquq və vəzifələri sisteminin müəyyən edilməsi; - insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; - sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; - gigiyena tənzimlənməsi və epidemioloji tənzimləmə qaydasının müəyyənləşdirilməsi, sanitariya normalarının və qaydalarının hazırlanması; - əhalinin sanitariya-epidemioloji salamatlığını təmin edən iqtisadi mexanizmin yaradılması; - sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; - vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması; 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər; 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli, 208 nömrəli qərarı ilə ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlərə (açıq hava sahəsində müştərilərə yerində xidmətlər istisna olmaqla) qoyulmuş qadağa respublika Nazirlər Kabinetinin xx xxxxxxxx 2020-ci il tarixli, 323 nömrəli Qərarı ilə ləğv edilmişdir. Beləliklə, məhkəmə iclasında xüsusi karantin rejimi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması, həmçinin əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə tətbiq edilən məhdudiyyətlərin X5 tərəfindən pozulması müəyyən olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, X5 xx xxxxxxxx 2020-ci il tarixdə qeyd olunan ictimai iaşə müəssisəsində fəaliyyət göstərmiş olsa belə, onun bu fəaliyyəti karantin rejiminin pozulması kimi qiymətləndirilə bilməzdi. Karantin rejiminin pozulması, həmin vaxtı qüvvədə olan qadağalardan hər-hansı birinin baş verməsi ilə bağlı yarana bilərdi. Həmçinin qəbul edilmiş inzibati tənbeh vermə barədə qərarda X1 rejimini pozması göstərilsə də, bu pozulmanın konkret olaraq özünü nədə ifadə etməsi açıqlanmamışdır. Məhkəmə iclasında isə X5 tərəfindən karantin rejimi çərçivəsində qoyulmuş hər hansı qadağanın pozulması halı müəyyən edilmir. İXM-in: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-in tələblərini əsaslı surətdə pozmuş, X5 tərəfindən karantin rejiminin pozulması ilə bağlı hər hansı hərəkətə yol verilmədiyi halda, onun barəsində İXM-in 211.1-ci maddəsi ilə əsassız olaraq tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və bununla da onun hüquqlarını pozmuşdur. Məhkəmə qeyd edir ki, X3 əməlində İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığı üçün o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 53.0, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığından X3 İXMin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. İXM-in: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin sahə rəisi T.Ağayev tərəfindən qəbul edilmiş 09 sentyabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar