Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2408/2024 13.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3, Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində barəsində qanunsuz olaraq **-GE-*** nömrə nişanlı “MAZDA 3” markalı nəqliyyat vasitəsinin parklanmasına dair AYN0527148 nömrəli xx.xx.2024-cü il tarixli qərar tərtib edilmişdir. Lakin həmin qərar tam qanunsuz və əsassızdır. Belə ki, inzibati xəta törədilməsi göstərilən ərazidə ona 20036 parkinq nömrəli parklanma ərazisində nəqliyyat vasitəsini park etməyə görə cərimə tətbiq edilib. Halbuki o, nişanın əhatə dairəsindən arxada nəqliyyat vasitəsini park etmişdir. Nəqliyyat vasitəsinin ön qabarit hissəsi nişanın yerləşdiyi hissədən müəyyən qədər məsafə arxada olmuşdur. Bununla bağlı dəfələrlə şikayət etsə də nəzərə alınmamışdır. Belə çıxır ki, o, parklanmadan arxada da nəqliyyat vasitəsini saxlayanda müvafiq qaydada parklanma üçün ödəniş etməlidir? Məgər parkinq ərazisini göstərən nişan özündən geriyə təsir qüvvəsinə də malikdir? “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin İV hissəsinə əsasən parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Azərbaycan Respublikası İXM-nin 53-ci maddəsinə əsasən inzibatı xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər uzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş AYN ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X4 etiraz təqdim edərək bildirmişdir ki, X3 idarə etdiyi “MAZDA 3 MİNİK” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobili 27 iyul 2024-cü il tarixində ünvan 1 ünvanında yerləşən 20036 saylı parklanma yerində park etmiş və nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş etməmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 32-hissəsinə əsasən parklanma - nəqliyyat vasitəsinin parklanma yerlərində durmasıdır. Həmin maddənin 32-1-ci hissəsinə əsasən parklanma yeri - yaşayış məntəqələrinin hüdudlarında avtomobil yolunun hərəkət hissəsində və ya ona bitişik hissədə nəqliyyat vasitələrinin durması üçün ayrılmış, bu Qanunla müəyyən edilmiş qaydada işarələnmiş və təchiz edilmiş yerdir. “Yol hərəkəti haqqında” Qanunun İİİ maddəsinə əsasən, parklanma yerlərinin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Eyni zamanda İV maddəsinə əsasən parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu 7.6.1-7.6.9 əlavə məlumat nişanları ilə müəyyən edilir. Parklarıma yerində nəqliyyat vasitələri yolun hərəkət hissəsinə paralel şəkildə parklanır. Yolun hərəkət hissəsinin eni nəzərə alınmaqla parklanma yerində nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarına bucaq altında parklanması nişanlama xətləri ilə müəyyən edilə bilər. Həmçinin, parklanma yerləri dayanma və ya durmanın qadağan edildiyi yerlərdə təşkil edilə bilməz. Nəqliyyat vasitələrinin parklanmasına dair bu maddədə göstərilən tələblərə əməl olunmasına nəzarət Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 24 nömrəli 22 noyabr 1998-ci il tarixli Fərmanın 2.31-1-ci yarımbəndinə əsəsən Bakı şəhərinin inzibati ərazisində AYNA tərəfindən həyata keçirilir. AYNA-nın 28 iyul 2024-cü il AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əlavə edilmiş fotoşəkildən açıq-aydın görünür ki, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil 20036 saylı parklanma yerində 15 dəqiqədən artıq durmuşdur. Nəqliyyat vasitəsini idarə edən şəxs həmin parklanmaya görə heç bir ödəniş etməmişdir. Bu fakt səlahiyyətli şəxs tərəfindən müəyyən edilərək, fotoşəkillər çəkilmişdir. Qərara əlavə olunmuş nəqliyyat vasitəsinin ilk fotoşəkili saat 08:47:44-də sonuncu isə saat 11:40:55-də qeydə alınmışdır ki, bu 15 dəqiqədən çox vaxt edir və nəqliyyat vasitəsinin istifadəçisi parklanma müddətini başlatmayaraq, ödəniş etməmişdir. İnzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərar və şikayətə əlavə edilmiş fotoşəkil ilə tam təsdiq olunur və bu hal da şəxsin İXM-nin 346-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Beləliklə hesab edirlər ki, AYNA tərəfindən 28 iyul 2024-cü il AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X2 şikayətləri əsassızdır və təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN seriyalı ******* nömrəli, 28 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından X3 tərəfindən verilmiş şikayət əsassız və qanunsuz olduğunundan təmin edilməməsini, həmin inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, şikayət vermiş şəxs X3 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində barəsində 20 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq olunmuşdur. Şikayət vermiş şəxs X3 tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, X3 27 iyul 2024-cü il tarixdə, saat 11:39 radələrində **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobili 20036 nömrəli parkinq nişanına və nişanlanma xətləri ilə işarələnmiş parklanma yerinə çatmamış, yəni həmin parklanma ərazisinə daxil olmadan saxlamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin İV hissəsinə əsasən parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu nişanlama xətləri və ya 7.6.1-7.6.9 əlavə məlumat nişanları ilə müəyyən edilir. Parklanma yerində nəqliyyat vasitələri yolun hərəkət hissəsinə paralel şəkildə parklanır. Yolun hərəkət hissəsinin eni nəzərə alınmaqla parklanma yerində nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarına bucaq altında parklanması nişanlama xətləri ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə iyirmi manat məbləğində cərimə edilir. İş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X3 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X2 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bundan başqa, qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X2 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və qanunvericiliyin müvafiq tələbi s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X3 barəsində xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X3 Azərbaycan Respublikası İXM-in 346-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. X2 barəsində Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2408/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2408/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver