Məhkəmə qərarları › İş №3(005)-2411/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2411/2022

09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2411/2022 09.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hacıyev Cümşüd Əmir oğlunun katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Əliyev Azər Söhrab oğlunun, X1, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, taksi fəaliyyəti ilə məşğul olan, Zənglan rayonu, H.Hacıyev küçəsi 23 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani 44 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Əliyev Azər Söhrab oğlu Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-3621/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 09 avqust 2022-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-3621/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat pul ödənilməsi qət edilmişdir. Şəxs, yığılan 4400 aliment borcunun ödənilməsinə dair icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokola əlavədən görünür ki, icra sənədi üzrə 02,03.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq iddiaçı X3 xeyrinə ödənilməlidir. Aparılan icra tədbirləri nəticəsində borclu şöbəyə dəvət olunmuş izahatı alınmış, sorğular verilmiş və tələbin yönələ biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Hal-hazırda borclu Şəxs 4400 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Əliyev Azər Söhrab oğlu protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, aliment borcunu ödəməkdən yayınmır. Hazırda taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Artıq bundan sonra gündəlik olaraq 30-40 manat olmaqla aya 1000 manat ödəyəcəkdir. Bir aya 1000 manatdan artıq ödəniş etməyə maddi imkanı çatmır. Borcunun bu miqdarda yığılmasının səbəbi işində problemlər olması ilə bağlı idi. Artıq taksi fəaliyyəti ilə məşğul olur. Həmçinin, bildirir ki, İİ qrup əlildir. Sonda Şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi X2 Rəşad Balaca oğlu barəsində barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş tələbkar X6 izahatında göstərmişdir ki, o, Şəxs indiyədək heç zaman alimentə görə sıxışdırmamışdır. Lakin, ailə üzvləri Covid-19 infeksiyasına yoluxduğu üçün hazırda borcları yaranmışdır və bu səbəbdən də himayəsində olan uşaqlarına kifayət qədər vəsait ayıra bilmir. Buna görə yığılmış borcun tam həcmdə ödənilməsini tələb edir. Sonda tələbkar X6, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-3621/2019 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Şəxs hər ay, hər uşaq üçün 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində aliment tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2020-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-3621/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Nərimanov rayon İcra Şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3621/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclu Şəxs qeydiyyatda olduğu ünvan 2 ünvanına gəlmişlər, lakin borclunun həmin ünvanda yaşamadığı aşkar edilmişdir. “Borclunun axtarılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilməsi, saxlanılaraq Nərimanov rayon İcra şöbəsinə təhvil verilməsi qərara alınmışdır. "xxxx" MMC-yə məxsus 01153 nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, tələbkara məxsus bank kartına 40.00 AZN məbləğində vəsait ödənilmişdir. "xxxx" MMC-yə məxsus 25647 nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, tələbkara məxsus bank kartına 50.00 AZN məbləğində vəsait ödənilmişdir. "xxxx" MMC-yə məxsus 30061 nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, tələbkara məxsus bank kartına 40.00 AZN məbləğində vəsait ödənilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən sorğulanmış məlumatların çıxarışından görünür ki, Şəxs 2-ci qrup əlillik dərəcəsinə görə aylıq 282.85 manat məbləğində pensiya təyin edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” 22 iyun 2021ci il tarixli Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində “birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri ilə əvəz edilmişdir. Məhkəmə, icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və tələbkarın izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, İXM-nin 30.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, müdafiəçi X11 09 avqust 2022-ci il tarixdə keçirilmiş 1 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəsi üçün 5 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 5 iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar