Məhkəmə qərarları › İş №3(005)-2414/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2414/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2414/2025 22.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı 28984682 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı 28984682 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, o, Azərbaycan Respublikasının DİN-in DYPİ-in veb portalından edilmiş çıxarışın (EQ 28984682 nömrəli inzibati xəta haqqında protokol) surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının DİN-in DYPİ-in barəsində tərtib etdiyi inzibati tənbeh vermə haqqında - EQ 28984682 nömrəli inzibati xəta haqqında protokol ləğv edilməli və X2 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, sözügedən inzibati tənbeh vermə haqqında - EQ/28984682 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, guya o, “Mersedes E220” CDİ mini markalı, ** US *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə, saat 11:54 radələrində T.Elçin-Lermontov küçəsi kəsişməsində üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuşdur. Bildirmək istəyir ki, “Mersedes E220” CDİ mini markalı, ** US *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə bir müddət bundan əvvəl sözügedən nəqliyyatdan istifadə etibarnaməsi olsa da, protokolda qeyd edilən vaxtda həmin avtomobili o, idarə etməmişdir və inzibati xəta törətməmişdir. Belə olan halda, mənim barəsində hər hansı bir əsasla inzibati xəta haqqında protokol tərtib edilməsi başa düşülən deyil. Hesab edir ki, sözügedən protokol tamamilə qanunsuz və əsassızdır. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən bir çox xüsusatlar araşdırılmamış və nəticədə barəsində əsassız və qanunsuz olan sözügedən protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının DİN-in DYPİ-in X2 barəsində tərtib etdiyi inzibati tənbeh vermə haqqında - EQ 28984682 nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi və şikayət vermiş şəxs X2 iştirak etməmişdir. Məhkəmə qeyd edilən şəxslərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı 28984682 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərara əsasən X2 xx.xx.2025ci il tarixdə “Mersedes E220” CDİ mini markalı, ** US *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idadə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur və nəticədə İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X2 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X2 barəsində xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək X1 iştirakını təmin etməmiş və bununla onun hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X2 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X2 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Baş X5 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-nin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli X2 barəsində işə yenidən baxılması Baş X5 İdarəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar